1/

Tarix

Tarix

Bakının özünəməxsus tarixi-memarlıq xüsusiyyətləri var. Onun bir parçası olan Dənizkənarı Milli Park şəhərsalma nöqteyi-nəzərindən böyük əhəmiyyət daşıyır. Bakı Bulvarı maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, onun həm tarixi, həm də müasir simasını əks etdirən xüsusi təbii komplekslərdən biridir.

 “Bulvar” sözü fransız mənşəlidir və “sahil boyunca gəzinti zolağı” anlamını verir. İlk bulvar XVII-XVIII əsrlərdə Qərbi Avropada yaradılıb.

Bulvar yerli sakinlər və qonaqların əsas gəzinti və istirahət məkanlarındandır. Bakı Bulvarının yaranma tarixi XX əsrin əvvəllərindən başlayır. Məhz 1909-cu ildə Xəzərin Bakı sahili və o zaman rus imperatoru II Aleksandrın adını daşıyan sahil küçəsi arasında yaşıllıq zolağı – bulvar – salınıb. Qeyd etmək lazımdır ki, Bakı Bulvarının salınması bilavasitə dənizkənarı sahilin nizamlanması ilə bağlı məsələ idi. Bu ərazidə tikinti işlərinin başlanması XIX əsrin ikinci yarısına təsadüf edir. Sahil zolağında ilk mühəndis işləri azərbaycanlı memar Qasım bəy Hacıbababəyov (1811–1874) tərəfindən aparılıb.  O, 1862-ci ildə bütün sahil boyunca anbarların tikilməsi haqqında layihə tərtib edib. Bura 1867-ci ildə su kəməri çəkilib, fəvvarə quraşdırılıb və tikililər inşa olunub.

XIX əsrin ikinci yarısında əsasən iqtisadi məqsədlər üçün istifadə olunan ensiz sahil zolağında müxtəlif şirkətlərin anbarları və körpüləri yerləşirdi. Sahil zolağı iki hissəyə ayrılırdı: qərbdə Aleksandrovski, şərq istiqamətində isə Petrovski sahili. Belə vəziyyət vahid sahil küçəsinin salınmasına məhdudiyyət yaradırdı. 1865-ci ildə Bakının hərbi qubernatoru və mülki hissə idarəsinin rəisi general-leytenant M.P. Kolyubakinin xahişi ilə şəhəri dəniz sahilindən ayıran köhnə qala divarının sökülməsinə icazə verilir. Bu dövrdə sahil boyunca yeni evlərin tikintisinə başlanılmışdı.

Bakının inkişafı, əhali sayının artması, Xəzər dənizinin səviyyəsinin aşağı enməsi, qala divarları söküldükdən sonra şəhərin sahilə doğru genişlənməsi sahil zolağının formalaşmasına gətirib çıxarmış, paytaxtın ümumi görünüşünün daha da yaxşılaşdırılması zərurətini yaratmışdı. XIX əsrin sonunda sahil zolağının nizamlanması və bulvarın salınması ilə bağlı müxtəlif layihələr hazırlanmışdı. Bulvarın salınması Bakı Şəhər Duması tərəfindən dəfələrlə müzakirə olunsa da, təqdim olunan layihələrin maliyyələşdirilməməsi ucbatından məsələ öz həllini tapmırdı.

Nəhayət, 1909-cu ildə bu istiqamətdə mühüm addım atılır. Bakı Şəhər İdarəsinin (Bakı şəhərinin keçmiş yerli idarəetmə orqanı) tikinti şöbəsinin rəhbəri, istedadlı mühəndis Məhəmməd Həsən Hacınski 1909-cu il aprelin 7-də  Bakı Şəhər Dumasının iclasında Dənizkənarı Bulvarın tikintisi ilə bağlı məsələnin müzakirəyə çıxarılmasına nail olur. Həmin məruzə 1909-cu il aprelin 9-da “Kaspi” və “Bakı” qəzetlərində çap edilir. M.H.Hacınski əhali üçün yeni bulvarın salınmasının vacibliyindən danışır. O, çıxışında şəhərdəki Mixaylovski bağının əhalinin asudə vaxtını keçirməsi üçün azlıq etdiyini, bu məqsədlə geniş bir yerin ayrılmasının zəruri olduğunu vurğulayır. Yeni salınacaq Dənizkənarı Bulvarda çiçək və sərinləşdirici su köşklərinin şəhər büdcəsinə ayda 4-6 min rubl mənfəət gətirəcəyini bildirərək layihənin iqtisadi cəhətdən səmərəli olduğunu əsaslandırır. Bakı Şəhər Duması bulvarın salınmasının əhəmiyyətini nəzərə alaraq bu layihənin icrasına 10 min rubl vəsait ayırır və onun saxlanması üçün illik 2500 rubl vəsaitin sərf olunmasını təklif edir. Beləliklə, M.H.Hacınskinin bu məruzəsi Duma tərəfindən razılıqla qarşılanır və Bakı Şəhər İdarəsinə layihənin tezliklə həyata keçirilməsi tövsiyə olunur. Qeyd edək ki, M.H.Hacınskinin layihəsi bulvarın tarixində ilk maliyyələşdirilmiş sənəd idi. 

M.H.Hacınskinin rəhbərliyi ilə Bakı bulvarının salınması işlərində məşhur memar Adolf Eyxler də fəal iştirak etmişdi. Bulvarın şəhərin dəniz fasadı olduğunu nəzərə alaraq, sahilə daha yaxşı görkəm verəcək möhtəşəm tikililər ucaltmaq məqsədilə müsabiqə elan edilir. Bu müsabiqədə şəhərin 30 tanınmış memarı iştirak edir. Onların arasında Zivər bəy Əhmədbəyov, Ploşko, Edel kimi istedadlı mütəxəssislər də var idi.

Beləliklə, ilk bulvarın ərazisi “Daş körpü”dən (indiki Azneft meydanından) “Qafqaz və Merkuri” şirkətinin körpüsünə (A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasına) kimi olan ərazini əhatə edir.

İnqilaba qədərki dövrdə Dənizkənarı Bulvarda “Fenomen” kinoteatrı, çimərlik və Bakı Dəniz Aviasiyası məktəbi də fəaliyyət göstərirdi.

Sovet dövründə Dənizkənarı Bulvar daha da abadlaşır. 1930-cu illərdə sahildəki bir sıra körpülər söküldükdən sonra bulvarın ikinci hissəsi tikilir. Kukla teatrından Bülbül prospektinədək olan ərazilər abadlaşdırılır. Bulvarın növbəti inkişaf mərhələsi 1936–1938-ci illərə təsadüf edir. Bu zaman artıq əks istiqamətdə – Azneft meydanından köhnə  “İnturist” mehmanxanasına kimi olan ərazidə işlər tamamlanır. Burada yaşıllaşdırma və quruculuq işləri həyata keçirilir.

         Sonrakı illər ərzində də Dənizkənarı Bulvar inkişaf edir. 1950–60-cı illərdə burada “Mirvari” kafesi, “Bahar” və S.Vurğun adına yay kinosalonları, “Venesiya” su şəhərciyi və başqa istirahət obyektləri tikilir. 1967-ci ildə memar Mikayıl Hüseynov tərəfindən Dənizkənarı Bulvarın yenidənqurulması layihəsi hazırlanır.

1969-cu ildə milli lider Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra bulvar yeni inkişaf mərhələsinə qədəm qoydu. 1970-ci illərdə respublikada və Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı Bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirilərək uzunluğu 3,7 kilometrə çatdırıldı.

          80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölkə həyatının digər sahələrində olduğu kimi Bakı şəhərinin abadlığı da böhran vəziyyətinə düşdü. Bu proses Dənizkənarı parkda dağıntılarla, burada insanların istirahətinə mane olan onlarla obyektin tikilməsi, onların təsiri, eləcə də Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələndi.

Dənizkənarı bulvara ölkənin maddi mədəniyyətinin, tarixinin bir hissəsi kimi yanaşan Ümummilli lider Heydər Əliyev 1998-ci il dekabrın 29-da bulvara Milli Park statusu verilməsi haqqında Fərman imzaladı. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri sırasına daxil edildi.

Dənizkənarı Bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, burada sosial-mədəni tədbirlərin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2008-ci il yanvarın 10-da Dənizkənarı Bulvar İdarəsinin yaradılması haqqında Fərman imzaladı. Bu Fərmandan sonra Dənizkənarı Milli Parkın əsaslı şəkildə abadlaşdırılmasına başlanıldı. Görülən abadlıq işləri sayəsində parkın yaşıllıq zolağı xeyli genişləndirildi. Burada yeni ağac və gül növləri əkildi. Onların arasında olan ekzotik bitkilər (palmalar, Argentinadan gətirilmiş baobablar, Meksikadan gətirilmiş kaktuslar və s.) bulvarın gözəlliyini daha da artırır. Ərazidə yeni attraksionlar və kino nümayişi ilə bağlı məkanlar da var. Burada özünəməxsus istirahət növü olan dəniz gəzintisi də təşkil olunur.

Milli Parkın ərazisinin genişləndirilməsi və inkişafı dövlət başçısı İlham Əliyevin daim diqqətindədir. Prezident İlham Əliyevin tapşırığı və rəhbərliyi ilə Avroviziya musiqi yarışması ərəfəsində Dənizkənarı Milli Parkın ərazisinin Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanına qədər uzadılması işləri tamamlandı. Şəhər sakinlərinin istifadəsinə verilən Yeni Bulvarın ərazisi 1,8 kilometr, sahəsi 17,26 hektardır. Bu ərazidə tarixi əhəmiyyətli məkanlar yaradılıb. Dövlət Bayrağı Meydanı, Dövlət Bayrağı Muzeyi və Avroviziya müsabiqəsinin keçirildiyi idman-əyləncə kompleksi olan Bakı Kristal Zalı da bu məkanların sırasına daxildir.

2015-ci ildə Birinci Avropa Oyunları ərəfəsində bulvarın iki istiqamətdə genişləndirilməsi işi başa çatdı. Birinci istiqamət Dövlət Bayrağı Meydanından (Daş Salnamə Muzeyinin qarşısından) Bibiheybət istiqamətində genişləndirilən “Bayıl Bulvarı”, digər istiqamət isə Dəniz Ticarəti Limanından “Bulvar” hotelə kimi uzadılan Ağ Şəhər Bulvarıdır. Bakı “Ağ Şəhər” Bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 34,6 hektardır. “Bayıl Bulvarı”nın uzunluğu 2,3 kilometr, sahəsi 24 hektardır.  Yeni bulvar ərazisində yenidənqurma və abadlıq işləri nəticəsində müxtəlif istirahət və iaşə obyektləri ilə yanaşı müasir mədəniyyət obyektləri də inşa edilib. Bu gün Bakı Bulvarının ərazisi 215.164 hektar olmaqla, uzunluğu 16 kilometrə çatdırılıb. Qərblə  Şərqin memarlıq elementlərini özündə birləşdirən Dənizkənarı Milli Parkda tikinti və abadlıq işləri davam etdirilir.