2018 | “Qu quşları” fəvvarə kompleksinin açılışı

“Qu quşları” fəvvarə kompleksinin açılışı

     Avqustun 28-də Bakı bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksinin açılışı olub.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva kompleksin açılışında iştirak ediblər.

    Bakı bulvarındakı “Qu quşları” fəvvarəsi 1960-cı illərdə qurulub. Azneft dairəsi ərazisində qurulan “Qu quşları” fəvvarəsi sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanlarından biri kimi tanındı. Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə sakinlərin çox xoşuna gəldi və necə deyərlər, paytaxtın “əfsanəvi” məkanına çevrildi.

    “Qu quşları” fəvvarəsinin kompozisiyası bir neçə dəfə işlənilib. 1960-cı illərin əvvəlində 7 qu quşundan və hovuzdan ibarət olan kompozisiyaya 1980-ci illərdə yeni çalarlar əlavə edildi. 1990-ci illərin əvvəlində ölkədə hökm sürən xaos və baxımsızlıq səbəbindən bir çox digər ictimai obyektlər kimi, bu ansambl da bərbad vəziyyətə düşdü.

    Mehriban Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi və tarixi siması özünə qaytarıldı. Bu ansamblın yenidən öz tarixi simasını bərpa etməsi nəticəsində bütün dünyada məşhur olan Bakı Bulvarının siması daha da gözəlləşdi.

     Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, tarixi ənənələrin qorunması ideyasına söykənən layihə üzərində işlər yüksək səviyyədə həyata keçirilib. Vacib məqamlardan biri də odur ki, qu quşları 1960-cı illərdə olduğu kimi, hər biri fərqli ölçüdə və fərqli hərəkəti təsvir edərkən hazırlanıb. İndi bu məkan həm yerli sakinlər, həm də turistlər üçün yeni istirahət yeri olmaqla yanaşı, keçmişdə çox sevilən bulvarın bu hissəsində yaşanan xatirələri də canlandıracaq.