2018 | Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu Dənizkənarı Milli Parkda yenidən qurulması

 Dənizkənarı Milli Parkda Azərbaycanın “Milan Ekspo 2015” sərgisindəki milli pavilyonu

Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonu sökülərək Bakıya gətirilib və Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulub.

AZƏRTAC xəbər verir ki, oktyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva pavilyonla tanış olublar.

Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialı və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən “Milan Ekspo 2015” sərgisini 23 milyondan çox insan ziyarət edib. Bu müddətdə Azərbaycanın milli pavilyonunda isə 3 milyon 250 mindən çox izləyici olub. “Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyon Milanda 1800 kvadratmetr ərazidə təşkil olunmuşdu. Azərbaycan “Milan Ekspo 2015” Ümumdünya sərgisinin bütün mərhələlərində seçilən dövlətlər sırasında olub. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz “Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Milli pavilyonun əsas özəlliyindən biri onun 3 biosferdən təşkil olunması idi. Diametri 10 metr olan xüsusi şüşə konstruksiyalarından hazırlanmış biosferlər ətraf mühiti və qədim mədəniyyəti daim harmoniyada saxlamağı və qorumağı bacaran Azərbaycanı təcəssüm etdirib.