08-11-2018
Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr Dövlət Bayrağı Günü münasibətilə videoçarxı təqdim edir

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr Dövlət Bayrağı günü münasibətilə hazırladığı videoçarxı təqdim edir. Videoçarxda Azərbaycanın suverenliyinin simvolu olan dövlət bayrağının əhəmiyyəti vurğulanır. Layihənin reallaşdırılmasında məqsəd gənc nəsildə bayrağa sevginin və hörmətin aşılanmasıdır. Videoçarx Azərbaycan Televiziyası, İctimai Televiziya və digər media orqanlarında nümayiş olunacaq. Noyabrın 9-da seanslardan əvvəl kinoteatrlarda və paytaxtın müxtəlif nöqtələrində yerləşən monitorlarda yayımlanacaq. Layihənin çəkiliş Bakı Media Mərkəzi tərəfindən həyata keçirilib.

08-11-2018
Bakıda "BakıFilEkspo" V Milli Filateliya sərgisi açılıb

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Azərmarka" MMC və Azərbaycan Filatelistlər İttifaqının təşkilatçılığı ilə noyabrın 8-də Xalça Muzeyində "BakıFilEkspo" V Milli Filateliya sərgisinin açılışı olub. Sərgidə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Dənizkənarı Bulvar İdarəsi İdarə Heyəti sədrinin müavini  Elşən İsgəndərov, "Azərmarka" MMC-nin direktoru Leyla Güləliyeva, Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov, filatelistlər, numizmatlar və digər kolleksiyaçılar iştirak edib. AZƏRTAC xəbər verir ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə Azərbaycan Dövlət Bayrağının 100 illiyi kimi əlamətdar günün astanasında belə tədbirin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, 2018-ci il Azərbaycan üçün əlamətdar hadisələrlə zəngin olub. Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Ordumuzun, Azərbaycan qadınına səsvermə hüququnun verilməsinin 100 illiyinin qeyd edilməsi də bu qəbildəndir. "Bildiyiniz kimi, bu il noyabrın 9-da Azərbaycan Dövlət Bayrağının təsis edilməsinin 100 ili tamam olur. Hesab edirəm ki, milli filateliya sərgisinin bu qürurlu tarixə həsr olunması onun əhəmiyyətini daha da artırır. Sərgi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi" və "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi haqqında müvafiq sərəncamlarına uyğun olaraq təşkil edilib. İnanıram ki, "BakıFilEkspo" V Milli Filateliya sərgisi də Azərbaycan filateliyasının, ümumiyyətlə kolleksiyaçılığın tarixində yeni mərhələ olacaq", – deyə nazir müavini diqqətə çatdırıb. Azərbaycan Filatelistlər İttifaqının sədr müavini Rövşən Əhmədov məlumat verib ki, sərgidə 7 nominasiyada müsabiqələrin keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, ümumiyyətlə sərgidə bütün nominasiyalarda 19 kolleksiya, 34 çap işi nümayiş etdirilir. Bunlardan 4 toplu rəsmi dərəcədə, 20 çap işi müsabiqədən kənar dərəcədə, 8 toplu filateliya sinfində, 3 toplu filokartiya və filumeniya sinfində, 4 toplu numizmatika sinfində və 14 çap işi ədəbiyyat sinfində təqdim edilir. Müsabiqə dərəcəsində göstəriləcək 19 topludan 13-ü isə ilk dəfə nümayiş etdirilir. R.Əhmədov qeyd edib ki, milli filateliya sərgisində Azərbaycan dövlətçiliyinin önəmli səhifələrinə həsr olunmuş "Azərbaycan xanlıqlarının pul dövriyyəsi tarixi" adlı sikkə kolleksiyası da ilk dəfə nümayiş olunur. 300-ə qədər sikkədən ibarət olan kolleksiyada Gəncə, Şəki, Şirvan, İrəvan, Quba, Təbriz, Dərbənd və Qarabağ xanlıqları təmsil olunur. Sonra kolleksiyalara baxış keçirilib. Tədbirdə bir-birindən fərqli, nadir kolleksiyalar nümayiş etdirilib. Cümhuriyyət dövrünün poçt tarixi, SSRİ dönəmində Azərbaycana həsr olunmuş markalı zərflərin buraxılışı, 1992-2018-ci illərdə Azərbaycanda buraxılmış maraqlı poçt markaları və digər maraqlı kolleksiyalar böyük maraq doğurub. Sərgidə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə ilə Dənizkənarı Bulvar İdarəsinin sədrinin müavini Elşən İsgəndərov Azərbaycan Dövlət Bayrağına həsr edilmiş poçt markasını xüsusi ştempellə möhürləyiblər. Filateliya sərgisində şəxsiləşdirilmiş poçt markaları bir neçə çeşiddə çap olunaraq iştirakçılara təqdim olunub. "Azərmarka" MMC və "Num.az" MMC-nin köşklərində filateliya və numizmatika üzrə materialların və aksesuarların da satışı təşkil edilib. V Milli Filateliya sərgisində nümayiş etdikləri kolleksiyalara görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Azərmarka" MMC tərəfindən 7 nəfər xatirə qızıl medalı ilə, 5 nəfər xatirə gümüş medalı ilə, 5 nəfər xatirə bürünc medalı, 3 nəfər isə diplomla təltif olunub. Sərgi noyabrın 9-dək davam edəcək.

07-11-2018
Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan elmi-praktik konfrans keçirib

9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan Respublikasının Dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi” mövzusunda elmi-praktik konfrans keçirilib. Dənizkənarı Bulvar İdarəsinin Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan bayrağının mənəvi, siyasi və ideoloji əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Bulvar İdarəsinin Aparat rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elmir Bağırov bildirib ki, Azərbaycan dövlət bayrağının 100 illik yubileyinə həsr olunmuş konfransın əsas məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin artırılmasına və dövlət rəmzlərinin təbliğinin gücləndirilməsinə töhfə verməkdir: “Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Milli bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir” – Elmir Bağırov belə deyib. Elmi-praktik konfransda AMEA-nın müxbir üzvü,  Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun  direktoru, professor Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Siyasi elmlər doktoru Elçin Əhmədov və digər qonaqlar məruzlərlə çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyimizi nümayiş etdirir. Milli suverenliyimizin simvolu, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı ildə Naxçıvanda əbədi yüksəkliyə qaldırılan üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu kimi bu gün dünyanın ən mötəbər beynəlxalq təşkilatları qarşısında dalğalanır. Tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında Bədii Kompozisiya ilə davam etdirilib.  

18-10-2018
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 18-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb. AZƏRTAC xəbər verir ki, görüş Dənizkənarı Milli Parkın ərazisində yenidən qurulan Azərbaycanın “Milan Ekspo 2015” Ümumdünya sərgisindəki milli pavilyonunda keçirilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatini Bakıda görməkdən şad olduğunu bildirdi. Mehriban Əliyeva qonağın İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə səfər etdiyini bildirərək, bu səfərin ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə etdi. Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını deyən Birinci vitse-prezident əlaqələrimizin bir çox sahələri əhatə etdiyini vurğuladı. “Əminəm ki, Bakıya səfəriniz çərçivəsində keçirəcəyiniz görüşlər gələcəkdə ölkələrimiz arasındakı potensialdan daha səmərəli istifadə etməyə imkan yaradacaq”, - deyən Mehriban Əliyeva Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana səfərinin uğurlu keçəcəyinə ümidvar olduğunu vurğuladı. Qonaqpərvərliyə görə təşəkkürünü bildirən İtaliya Senatının sədri bu səfərin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə şərait yaradacağını söylədi. İtaliya Senatının sədri kimi ölkəmizə ilk dəfə gəldiyini bir daha qeyd edən qonaq müxtəlif sahələrdə qurulan əlaqələrdən məmnunluğunu ifadə etdi. Xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycana səfərinin xüsusilə siyasi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafına kömək edəcəyini diqqətə çatdırdı. “Sizin İtaliyaya marağınız və sevginiz bizi qürurlandırır”, - deyən qonaq Mehriban Əliyevanın həm Birinci vitse-prezident, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi fəaliyyətini yüksək dəyərləndirdi. Görüş çay süfrəsi arxasında davam etdirildi. Sonra Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati “Milan Ekspo 2015” Ümumdünya sərgisində nümayiş etdirilən milli pavilyonumuza baxdılar. “Azərbaycan: biomüxtəlifliyin xəzinəsi” adlandırılan dördmərtəbəli milli pavilyonda ölkəmizin mətbəxini, musiqisini və mədəniyyətini təbliğ edən instalyasiyalar quraşdırılıb, müxtəlif iaşə xidməti göstərmək üçün binada müvafiq şərait yaradılıb. Heydər Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ilk dəfə “Milan Ekspo 2015” Ümumdünya sərgisində milli pavilyonla iştirak edib. Bu layihə Azərbaycanın tarixinin və mədəni irsinin, ölkənin zəngin ekoloji, enerji potensialının və nadir biomüxtəlifliyinin beynəlxalq miqyasda tanıdılması istiqamətində böyük rol oynayıb. 2015-ci il mayın 31-dən oktyabrın 31-dək davam edən “Milan Ekspo” sərgisində pavilyonumuzda 3 milyon 250 mindən çox izləyici olub. Xarici mətbuat, o cümlədən İtaliyanın aparıcı kütləvi informasiya vasitələri milli pavilyonun tikinti və dizayn işlərinin yekunlaşdırılmasına görə Azərbaycanın lider olduğunu qeyd ediblər və milli pavilyonumuz “Milan Ekspo” sərgisinin incisi adlandırılıb. Sərginin keçirildiyi müddətdə Azərbaycanın milli pavilyonu “Milan Ekspo 2015”in Təşkilat Komitəsi tərəfindən “Dizayn və materiallar” nominasiyası üzrə qalib elan olunub. Azərbaycanın milli pavilyonu Şimal və Cənub, Şərq və Qərb arasında körpü rolunu oynayan, qədim tarixi, zəngin mədəniyyəti ilə seçilən ölkəmizin bənzərsiz təbii və mədəni xəzinəsini əks etdirir. Milli pavilyonla tanışlıqdan məmnunluğunu bildirən İtaliya Senatının sədri onun şəhərimizə xüsusi gözəllik verdiyini vurğuladı.

10-10-2018
Dənizkənarı Milli Parkda “Yaşıl dalğa” ekoloji hərəkatının ilk aksiyası keçirilib

Oktyabrın 10-da Dənizkənarı Milli Parkda “Sərhədsiz diplomatiya” Beynəlxalq Uşaq Diplomatiyası Mərkəzinin fəaliyyəti çərçivəsində Bakı Avropa Liseyinin təşəbbüsü və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Botanika İnstitutunun, Mərkəzi Nəbatat Bağının və Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə “Yaşıl dalğa” ekoloji hərəkatının ilk aksiyası keçirilib. AZƏRTAC xəbər verir ki, aksiya 6 oktyabr - Dünya Yaşayış Məskənlərinin Müdafiəsi Gününə həsr olunub. Hər il bu gündə bütün bəşəriyyətin diqqətini Yer planetinin flora və faunasının qorunması probleminə cəlb etmək məqsədilə beynəlxalq bayram keçirilir. İnsanların təbiət qanunlarına və ərazisinə nəzarətsiz müdaxiləsi yüzlərlə bitki və heyvan növünün məhvinə gətirib çıxarıb. Azərbaycanda ekoloji problemlərə ölkə rəhbərliyi tərəfindən daim diqqət yetirilir. Keçirilmiş ekoloji aksiyanın diqqət mərkəzində Azərbaycanın endemik bitkilərinin qorunması durur. Aksiyada Bakı Avropa Liseyinin, Müasir Təhsil Kompleksinin, paytaxtın 6 və 132-134 nömrəli məktəblərinin şagirdləri iştirak ediblər. Aksiyanın məqsədi dünya ictimaiyyətinin, xüsusilə bəşəriyyətin gələcək inkişafının qayğısına qalacaq və qlobal ekosistemin tarazlaşdırılmasının bərpası estafetini qəbul edəcək gənc nəslin diqqətini ətraf aləmin bugünkü problemlərinə cəlb etməkdir. Aksiya üç hissədən ibarət olub. AMEA-nın Botanika İnstitutunun sistematika və biomüxtəliflik şöbəsinin müdiri Rəşad Səlimov şagirdlərə Azərbaycan endemikləri barədə interaktiv mühazirə keçib. Sonda uşaqların adları yazılmış bəzi endemik bitkilərin toxumları təqdim olunub və onlara bu bitkilərə Novruz bayramınadək öz evlərində necə qulluq edəcəkləri və sonradan əkəcəkləri haqqında məlumat verilib. Aksiya iştirakçılarının bir hissəsi Azərbaycanın “Qırmızı Kitabı”na salınan və digər endemik bitkilərin tinglərini (dəmirağacı, Lənkəran akasiyası, nar ağacı, şabalıdyarpaq palıd, sərv ağacı, Eldar şamı) mütəxəssislərlə birgə Dənizkənarı Milli Parkda xüsusi ayrılmış sahədə əkiblər. Qeyd edilən bütün bitkilər və tinglər AMEA Mərkəzi Nəbatət Bağının hədiyyəsidir.