Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatının “Hüquq, insan resursları və təşkilatı işlər” şöbəsi haqqında Əsasnamə

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

yanında Dənizkənarı Bulvar İdarəsinin 2016-cı il

«22» iyul tarixli 75 nömrəli əmri ilə təsdiq edilmişdir

                                                                                            

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında

Dənizkənarı Bulvar İdarəsinin Aparatının “Hüquq, insan

resursları və təşkilatı  işlər” şöbəsi haqqında

 

ƏSASNAMƏ

 

 

 

  1. Ümumi müddəalar

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatının (bundan sonra – İdarə) təminedici bölməsi olan Hüquq, insan resursları və təşkilatı  işlər şöbəsinin (bundan sonra – Şöbə) vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

            1.2. Şöbənin fəaliyyətinin əsas məqsədləri İdarənin  fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasının,  İdarənin mənafelərinin hüquqi vasitələrlə müdafiə edilməsinin, İdarənin fəaliyyətinə aid hüquqi aktların layihələrinin hazırlanmasının, o cümlədən kadrların seçilib yerləşdirilməsinin, onların ixtisaslarının artırılmasının, işçilərin əmək və həyat şəraitinin yaxşılaşdırılmasına yönələn proqramların hazırlanması və həyata keçirilməsinin, eləcə də İdarənin  fəaliyyəti  ilə bağlı kargüzarlıq, sənəd dövriyyəsi, arxiv və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində işlərin təşkilinin  və inkişaf etdirilməsinin təmin edilməsidir.

            1.3.Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azәrbaycan Respublikasının tәrəfdar çıxdığı beynәlxalq müqaviləlәri, İdarənin Əsasnaməsini, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisinin  əmr və sərəncamlarını, digər hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

1.4.Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən İdarənin  digər bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

1.5. Şöbə öz adı həkk olunmuş möhürə malikdir.

  1. Şöbənin vəzifələri

             2.1.Şöbənin əsas vəzifələri aşağıdakılardır:    
             2.1.1.İdarənin fəaliyyətinin hüquqi təminatını həyata keçirmək;
             2.1.2.  İdarənin fəaliyyətinin tənzimləyən hüquqi aktların və İdarənin  normativ hüquqi aktlarının layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

             2.1.3. İdarənin bölmələri tərəfindən hazırlanmış  hüquqi aktların layihələrinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğunluğuna dair rəylər vermək;

            2.1.4. İdarəyə  daxil olan və İdarənin bölmələri tərəfindən hazırlanmış hüquqi  aktların, beynəlxalq müqavilələrin, habelə İdarənin  hüquqi aktlarının layihələrinin hüquqi ekspertizasını həyata keçirmək;

2.1.5. müəyyən olunmuş qaydada İdarənin  səlahiyyətinə aid olan məsələlərə dair  hüquqi aktların təhlilini aparmaq və onların təkmilləşdirilməsi ilə bağlı təkliflərin işlənib hazırlanmasında iştirak etmək;

2.1.6. İdarənin  strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi üçün təkliflər vermək;

2.1.7. Azərbaycan Respublikasının məhkəmələrində İdarənin  hüquq və qanuni mənafelərini müdafiə etmək, məhkəmə baxışları ilə əlaqədar prosessual sənədlərin (iddia ərizələrinin, iddia ərizələrinə dair etirazların və s.) hazırlanmasını təmin etmək;

2.1.8. dövlət, məhkəmə, yerli özünüidarəetmə orqanları, müəssisə və təşkilatlar, beynəlxalq və qeyri-hökumət təşkilatları, hüquqi və fiziki şəxslər tərəfindən İdarəyə ünvanlanmış və icrası Şöbəyə tapşırılmış müraciətlərə müəyyən olunmuş qaydada baxılmasını və müvafiq tədbirlərin görülməsini təmin etmək;

2.1.9. hüquqi maarifləndirmə işini aparmaq və mövcud qanunvericiliyin təbliğində və izahında iştirak etmək;

2.1.10. müvafiq hüquqi aktlarda və dövlət proqramlarında İdarəyə  həvalə edilmiş tədbirlərin (tapşırıqların), habelə İdarənin   hüquqi aktlarında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsini təmin etmək, bununla bağlı aidiyyəti şöbələrin fəaliyyətini əlaqələndirmək;

2.1.11. İdarənin  struktur bölmələrinə İdarənin  fəaliyyəti prosesində, habelə fəaliyyət istiqamətləri üzrə hüquqi yardım göstərmək, arayışlar, rəylər və qanunvericilyin tələblərinə əməl olunması istiqamətində hüquqi məsləhətlər vermək;

2.1.12. fəaliyyət istiqamətləri ilə bağlı insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək və onların pozulmasının qarşısını almaq;

2.1.13. İdarənin  kadr təminatının proqnozlaşdırılmasını, dövlət qulluqçularının ehtiyat kadrlarının formalaşdırılmasını, aidiyyəti qurumlarla birlikdə işçilərin təlim ehtiyaclarının müəyyən edilməsi, peşəkarlığının artırılması və etik davranış məsələləri üzrə tədbirlər (görüş, seminar, təlim, treninq və s.) təşkil etmək;

2.1.14. kadrların seçilməsi, vəzifəyə təyin edilməsi, rotasiyası, mükafatlandırılması, intizam məsuliyyətinə cəlb edilməsi, məzuniyyətə buraxılması, dövlət qulluğuna, əmək müqavilələrinə xitam verilməsi, habelə insan resurslarının idarə edilməsini təşkil etmək;

2.1.15. işçilərin ixtisasının artırılması sahəsində İdarənin  digər mərkəzi icra hakimiyyəti orqanları ilə fəaliyyətini əlaqələndirmək, bu sahədə işlərin vəziyyətini təhlil etmək və təkliflər hazırlamaq;

2.1.16. dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üçün tələb olunan məlumatların aidiyyətı üzrə vaxtında təqdim edilməsi və tutulması üçün zəruri tədbirləri görmək;

2.1.17. İdarənin  rəisi tərəfindən vəzifəyə təyin edilən işçilərin işə qəbulunu, işdən azad olunmasını və başqa vəzifəyə keçirilməsini rəsmiləşdirmək;

2.1.18. işçilərin şəxsi işlərini yeniləmək, onların qulluqda yüksəliş yolu ilə təyin edilməsini, yerləşdirilməsini, dövlət qulluqçularına ilkin və növbəti ixtisas dərəcələrinin verilməsini, dövlət qulluğu və əmək müqavilələri ilə bağlı digər məsələləri həll etmək;

2.1.19. dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi və attestasiyası işini təşkil etmək;

2.1.20. insan resurslarının idarə edilməsinə dair proqramlar və digər sənədlər hazırlamaq və onların həyata keçirilməsini təşkil etmək;

2.1.21. İdarənin  rəhbərliyini insan resurslarının idarə edilməsinin vəziyyəti və işçilər haqqında məlumatlandırmaq;

2.1.22. effektiv və davamlı kadr siyasətinin həyata keçirilməsini, insan resurslarının idarə edilməsində obyektivliyi, bərabərliyi, qərəzsizliyi və şəffaflığı təmin etmək;

2.1.23. işçilərin bir vəzifədən başqa vəzifəyə keçirilməsi haqqında İdarənin  struktur bölmələrinin rəhbərlərinin təkliflərini və işçilərin müraciətlərini qanunvericiliyə uyğun olaraq həll etmək;

2.1.24. işçilərin xidməti vəsiqələr və əmək kitabçaları ilə təmin edilməsini, əmək kitabçalarının doldurulmasını, onların qeydiyyatının aparılmasını və saxlanmasını təmin etmək;

2.1.25. məzuniyyət cədvəllərinin tərtib olunmasını və işçilərə məzuniyyət verilməsini, onların qeydiyyatının aparılmasını təmin etmək;

2.1.26. İdarənin  Aparatının və tabeliyindəki qurumların rəhbər və inzibati vəzifə tutan işçilərinə Fəxri Fərman, digər fəxri ad və təltiflər verilməsi üçün müvafiq sənədləri hazırlamaq;

2.1.27. kadrlarla iş sahəsində ölkə daxili və beynəlxalq təcrübəni öyrənmək, ümumiləşdirmək və tətbiq edilməsi üçün rəhbərliyə təkliflər vermək;

2.1.28. ilk dəfə daimi dövlət qulluğuna qəbul edilmiş inzibati vəzifə tutan dövlət qulluqçularının qanunla müəyyən edilmiş qaydada təntənəli şəraitdə andiçmə mərasiminin keşirilməsini təşkil etmək;

2.1.29. İdarənin  Aparatında və tabeliyindəki qurumlarda kadrlarla görülən işləri təhlil etmək və onları ümumiləşdirmək, əmək intizamının vəziyyətini öyrənmək və onun yaxşılaşdırılması üçün tədbirləri həyata keçirmək, bu sahədə nöqsanların aradan qaldırılması üçün təkliflər hazırlamaq, əmək intizamına nəzarət və onun möhkəmləndirilməsi üçün tədbirlərin yerinə yetirilməsini təmin etmək;
            2.1.30. İdarənin aparatında kargüzarlığın, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə təşkilati, əməli-metodiki rəhbərliyi və səlahiyyətləri daxilində cari nəzarəti həyata keçirmək;

2.1.31. İdarənin strukturuna daxil olmayan tabeliyindəki  qurumlarda, kargüzarlığın, sənəd dövriyyəsinin aparılmasında mövcud qaydaların tələblərinə riayət edilməsinə əməli-metodiki rəhbərliyi və səlahiyyətləri daxilində ümumi nəzarəti həyata keçirmək;

2.1.32. kargüzarlıq, sənəd dövriyyəsi, arxiv işi və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

2.1.33. İdarəyə daxil olan sənədləri qəbul etmək, Elektron İdarəetmə Sistemində (bundan sonra - EİS) qeydiyyata almaq, sənədlərin sürətlərinin çoxaldılmasını və aidiyyəti üzrə çatdırılmasını təmin etmək;

2.1.34. İdarəyə daxil olan və EİS-də qeydiyyata alınması mümkün olmayan qoşma, kitab, broşür və digər belə sənədlərin İdarənin aidiyyəti strukturlarına təhvil vermək;

2.1.35. İdarədə sənədlərin tez və vaxtında dövriyyəsini, sənədlərlə işin təşkilini, sənədlərin vaxtında icrasına səlahiyyətləri çərçivəsində cari nəzarəti və müəyyən olunmuş qaydada arxivə təhvil verilməsini təşkil etmək;

2.1.36. xaric olan sənədlərin aidiyyəti üzrə göndərilməsini, təsnifləşdirilməsini və statistik hesabatların aparılmasını təmin etmək;

2.1.37. sənədlər üzrə axtarış sistemlərinin qurulmasını və İdarənin əməkdaşlarının bu sistemlərdən istifadə etmələrini təşkil etmək;

2.1.38. İdarə rəisi tərəfindən təcili, xüsusi əhəmiyyətli sənədləin, o cümlədən vətəndaşların təklif, ərizə və şikayətlərinə dair verilmiş tapşırıqların vaxtında icra olunmasına səlahiyyətləri çərçivəsində cari nəzarət etmək;

2.1.39. vətəndaşların qəbulunu təşkil etmək, icrası şöbəyə həvalə edilmiş müraciətlərə baxılmasını və qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada müvafiq tədbirlərin görülməsini təmin etmək;

2.1.40. İdarənin bölmələrinin kargüzarlıq, sənəd dövriyyəsi, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması ilə bağlı fəaliyyətini əlaqələndirmək, həmin bölmələrin kargüzarlıq üçün məsul olan əməkdaşları ilə fəaliyyət istiqamətlərinə uyğun olaraq təlim və məlumatlandırma işləri aparmaq;

2.1.41. İdarənin bölmələrində kargüzarlıq üçün məsul olan əməkdaşların siyahısının müəyyən edilməsində, onların siyahısında dəyişikliklər olunmasında iştirak etmək;

2.1.42. İdarədən xaric olan sənədlərin tələb olunan formada, qaydada tərtib olunmasını, göstərilən ünvanların düzgünlüyünü yoxlamaq, müvafiq səhvlər aşkar edildikdə səbəbləri göstərilməklə sənədi İdarənin müvafiq bölməsinə  geri qaytarmaq;

2.1.43. ünvanına çatmadan geri qayıtmış sənədlərin aidiyyəti üzrə çatdırılmasını təmin etmək üçün icraçıya vermək;

2.1.44. sənəd qovluqlarının düzgün formalaşdırılması, sənədlərin tez tapılmasının təmin edilməsi, işlərin sistemləşdirilməsi, uçotu, onların saxlanma müddətlərinin müəyyən edilməsi, gələcəkdə arxivə lazımi səviyyədə təhvil verilməsi məqsədi ilə İdarənin  fəaliyyəti nəticəsində yaranan və kənardan alınan bütün sənədlər daxil edilməklə işlərin ümumi nomenklatur-siyahısını tərtib etmək;

2.1.45. imzalanmış əmrləri qeydiyyata almaq, saxlanılmasını və göndərilmə siyahısına əsasən çatdırılmasını təmin etmək;

2.1.46. fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq baxılmasını təmin etmək;

2.1.47. qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;

2.1.48. şöbənin iş planını, fəaliyyəti ilə bağlı hesabatları dövrlər üzrə hazırlamaq;

2.1.49. İdarənin  səlahiyyətinə aid olan məsələlərə dair Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr üzrə götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək və bu sahədə görülən işləri əlaqələndirmək;

2.1.50.İdarənin  səlahiyyətinə aid olan məsələlərə dair  müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak etmək, müəyyən edilmiş qaydada bu kimi müqavilələrin bağlanması üçün danışıqların aparılması və razılaşdırılması işinin təşkilində iştirak etmək;

2.1.51. dövlətlərarası əlaqələrin qurulması və genişləndirilməsi məqsədilə İdarənin    rəhbərliyinin keçirdiyi görüşlərdə, forumlarda, səfərlərdə və digər tədbirlərdə iştirak etmək, bununla bağlı məlumatlar hazırlamaq;

2.1.52. beynəlxalq və regional miqyaslı tədbirlərdə (konfrans, konqres, simpozium, sammit, seminar, iclas, görüş, təqdimat mərasimi, sərgi, rəsmi və işgüzar ziyafətlər və s.) iştirak etmək;

2.1.53. İdarənin    rəisi və rəis müavini(ləri), Aparat rəhbərinin xarici ölkələrə səfərləri ilə bağlı texniki, təşkilati məsələləri həyata keçirmək (xidməti pasportların, vizaların alması, müvafiq yazışmaların aparılması və s.);

2.1.54. fəaliyyət istiqamətləri üzrə  hüquqi aktların, İdarənin  qərar, əmr və sərəncamlarının layihələrini hazırlamaq və onların hazırlanmasında iştirak etmək;

2.1.55. Şöbənin fəaliyyəti prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət sirrinin qorunmasını təmin etmək;

2.1.56. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

  1. Şöbənin hüquqları

 

3.1. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. İdarənin  işinin mövcud qanunvericiliyin tələblərinə uyğunluğunu təmin etmək üçün müvafiq tədbirlər həyata keçirmək;

3.1.2. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı İdarəni  dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək, hüquq və qanuni mənafelərini müdafiə etmək;

3.1.3. bu Əsasnamə ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar İdarənin  struktur bölmələrinə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

3.1.4. İdarənin  struktur bölmələrinin işçilərini normativ hüquqi aktların layihələrinin və digər sənədlərin hazırlanmasına cəlb etmək;

3.1.5. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;

3.1.6. İdarənin  struktur bölmələri tərəfindən hazırlanmış sənəd layihələrinin (məktub, arayış, sorğu, hüquqi akt və s.) hüquqi ekspertizasını həyata keçirmək və onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;

3.1.7. İdarənin  fəaliyyət istiqamətlərinə uyğun rəy vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, hüquqi aktların və İdarənin hüquqi aktlarının təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlamaq;

3.1.8. İdarənin  struktur bölmələri tərəfindən hazırlanmış normativ hüquqi aktların, beynəlxalq müqavilələrin, habelə İdarənin  hüquqi aktlarının layihələrinə dair təkliflər hazırlamaq;

3.1.9. İdarənin  struktur bölmələri tərəfindən qanunvericiliyin tətbiqi təcrübəsini ümumiləşdirmək, təhlil etmək və bu təcrübənin təkmilləşdirilməsinə dair təkliflər hazırlamaq;

3.1.10.İdarənin struktur bölmələrində idarəetmənin təkmilləşdirilməsi, səlahiyyətlərin dəqiqləşdirilməsi, fəaliyyətin yaxşılaşdırılması barədə təkliflər hazırlamaq;

3.1.11. İdarədə  kadr sahəsində çalışan işçilərin bu sahədə bilik və təcrübəsinin artırılması üçün seminar və görüşlər keçirmək;

3.1.12. dövlət qulluğu və kadr məsələləri sahəsində fəaliyyətin tənzimlənməsi və təkmilləşdirilməsi üçün təkliflər hazırlamaq və ya hazırlanmasında iştirak etmək;

3.1.13. dövlət qulluqçularının tutduqları vəzifəyə və qulluq stajına uyğun olaraq, habelə onların peşəkarlığı, idarəçilik təcrübəsi və əmək funksiyalarını yerinə yetirmək sahəsində göstəriciləri nəzərə alınmaqla, onlara ilkin və növbəti ixtisas dərəcələrinin verilməsi məqsədilə müvafiq struktur bölmələri ilə birlikdə İdarənin  rəhbərliyinə təkliflər vermək;

3.1.14. İdarənin Aparatının bölmələrində insan resurslarının idarə edilməsi sahəsində səmərəliliyin artırılması və çatışmazlıqların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;

3.1.15. İdarənin Aparatının bölmələrində olan vakant vəzifələr üzrə dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması üzrə müsabiqə və müsahibələrin keçirilməsində iştirak etmək;

3.1.16. insan resurslarının idarə edilməsi sahəsində təcrübə mübadiləsi məqsədi ilə digər dövlət orqanlarının kadr siyasətini həyata keçirən qurumları ilə əməkdaşlıq etmək;

3.1.17. yüksək ixtisaslı kadrların hazırlanması sahəsində tədbirlər görmək;

3.1.18. öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməkdə fərqlənən İdarənin  əməkdaşları barəsində həvəsləndirmə tədbirləri, vəzifə funksiyalarını yerinə yetirməyən, İdarənin  fəaliyyət dairəsinə aid olan sahədə Azərbaycan Respublikası qanunvericiliyinin tələblərini və əmək intizamını pozan əməkdaşlar barəsində isə intizam tənbehi tədbirlərinin görülməsi işini təşkil etmək;

3.1.19. İdarədə    və digər dövlət qurumlarında yaradılmış komissiyalarda, işçi qruplarında, fəaliyyətinə aid məsələlər üzrə keçirilən müxtəlif səviyyəli yerli və beynəlxalq tədbirlərdə İdarəni  təmsil etmək, onların işində iştirak etmək;

3.1.20. fəaliyyət dairəsinə aid edilmiş məsələlərlə bağlı səlahiyyətləri daxilində  İdarəni dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər qarşısında təmsil etmək;

3.1.21. fəaliyyət istiqamətlərinə uyğun digər dövlətlərin təcrübəsini öyrənmək və   İdarənin  fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlamaq;

3.1.22. İdarəyə aid sənədlərin əsli ilə düzgünlüyünü təsdiq etmək;

3.1.23.İdarənin strukturları tərəfindən kargüzarlığın aparılması, arxiv işinin təşkili, vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində qanunvericiliyin, təşkilati-sərəncamverici sənədlərin tələblərinin pozulmasını, habelə bu istiqamətlər üzrə onlara verilmiş tapşırıqların, həvalə edilmiş vəzifə və funksiyaların lazımınca icra edilməməsini doğuran səbəb və şəraitin aradan qaldırılmasına dair təkliflər vermək;

3.1.24. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

 

  1. Şöbənin fəaliyyətinin təşkili

4.1. Şöbənin strukturu və əməkdaşlarının sayı İdarənin  rəisi tərəfindən müəyyən və təsdiq edilir.

4.2. Şöbəyə İdarənin  rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri Şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

4.3. Şöbə müdirinin İdarənin  rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

4.4. Şöbə müdirinin müavini –   Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.5. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Şöbə müdirinin müavini   həyata keçirir.

4.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

4.6.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

4.6.2. Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

4.6.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

4.6.4. Şöbə üzrə İdarənin iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini İdarənin  rəhbərliyinə təqdim edir, Şöbə tərəfindən   hüquqi aktların vaxtında icrasını təmin edir;

4.6.5. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

4.6.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə İdarənin  rəisinə təqdimat verir;

4.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün İdarənin  digər strukturlarından zəruri məlumat və sənədləri alır;

4.6.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

4.6.9. İdarədə və şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

4.6.10.Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin    yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

4.6.11.Şöbəni təmsil edir;

4.6.12. qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin edir.

4.7. Şöbənin digər əməkdaşları İdarənin rəisi tərəfindən vəzifəyə təyin olunur və  vəzifədən azad edilirlər.

4.8. Şöbənin əməkdaşları onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.

 

Qanunvericilik