Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatının “Maliyyə və təminat” şöbəsi haqqında Əsasnamə

                                                                                                           

Azərbaycan Respublikasının Nazirlər Kabineti

yanında Dənizkənarı Bulvar İdarəsinin 2016-cı il

22 iyul tarixli 75 nömrəli əmri ilə təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatının “Maliyyə

və təminat” şöbəsi haq­qında

 

Ə S A S N A M Ə

 

 

 

  1. Ümumi müddəalar

 

1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatının (bundan sonra – İdarə) təminedici bölməsi olan Maliyyə və təminat şöbəsinin (bundan sonra – Şöbə) vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

            1.2. Şöbənin fəaliyyətinin əsas məqsədləri İdarənin fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasının,  maliyyə və təminat məsələlərinin həyata keçirilməsinin, müəyyən olunmuş qaydada mühasibat uçotunun aparılmasının, maliyyə, vergi, statistika, dsmf və digər hesabatların tərtib edilməsi və aidiyyəti üzrə təqdim edilməsinin, idarə işçilərinin fəaliyyəti üçün lazım olan malların, iş və xidmətlərin alışının, eləcə də şöbənin fəaliyyəti ilə bağlı kargüzarlıq, sənəd dövriyyəsi, arxiv və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində işlərin təşkilinin və inkişaf etdirilməsinin təmin edilməsidir.

1.3. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını,  “Dövlət qulluğu haqqında”, “Dövlət satınalmaları haqqında”, “Mühasibat uçotu haqqında”, “Büdcə sistemi haqqında”  və  Azərbaycan Respublikasının digər aidiyyəti qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, İdarənin Əsasnaməsini, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisinin  əmr və sərəncamlarını, digər hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

1.4. Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən İdarənin  digər bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

  1. Şöbənin vəzifələri

 2.1. Şöbə  bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:

2.1.1. ayrılmış büdcə və büdcədənkənar təxsisat daxilində müvafiq  ştat cədvəlini və xərclər smetasını hazırlamaq, İdarə sisteminə daxil olan qurumlara ayrılan vəsaitlərin bölüşdürülməsini təşkil etmək və bu işin icrasına nəzarəti həyata keçirmək;

2.1.2. İdarənin növbəti il üçün büdcə və sonrakı üç il üçün icmal büdcə proqnozu layihələrinin hazırlanmasında iştirak etmək;

2.1.3.ayrılan büdcə vəsaitlərinin, kreditlərin, qrantların, büdcədənkənar xüsusi vəsaitlərin və digər maliyyə vəsaitlərinin təyinatı üzrə və səmərəli istifadə olunmasını təmin etmək;

2.1.4.İdarədə maddi və maliyyə vəsaitlərinin uçotunu təşkil etmək və  onların istifadəsinə nəzarət etmək;

2.1.5. İdarənin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, o cümlədən qulluq illərinə, xüsusi rütbələrə və ixtisas dərəcələrinə görə əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin etmək;

2.1.6. İdarənin işçilərinin ezamiyyə xərclərinin ödənilməsini təmin etmək;

2.1.7. İdarənin işçilərinin məcburi sığortasını təmin etmək;

2.1.8. Şöbənin fəaliyyəti ilə bağlı müvafiq maliyyə, vergi, dsmf, statistika  və digər hesabatlarını hazırlamaq və aidiyyəti üzrə təqdim etmək;

2.1.9. Şöbəyə daxil olmuş məktubların və müraciətlərin vaxtında cavablandırılmasını təmin etmək;

2.1.10.İdarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq, qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

  1. Şöbənin hüquqları

 3.1 Şöbə öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada idarənin sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirmək;

3.1.2.İdarə sisteminə daxil olan qurumlarda maliyyə vəsaitlərinin xərclənməsinə metodiki yardım etmək, maliyyə və təminat işinin təşkilində həmin qurumlara əməli və metodik köməklik göstərmək;

3.1.3. zəruri hallarda idarə sisteminə daxil olan qurumların maliyyə, mühasibat uçotu və təminat məsələlərinə aid olan layihə və smeta sənədlərini, maliyyə hesabatlarını, maliyyə, mühasibat və mal-materialların  hərəkəti barədə məlumatları və digər sənədləri tələb etmək;

3.1.4.  müvafiq qurumlara sorğular vermək və onlardan məlumat almaq;

3.1.5. İdarənin səlahiyyətlərinə aid məsələlərdə başqa dövlət orqanlarında şöbəni təmsil etmək;

3.1.6. fəaliyyət istiqamətlərinə aid olan qanunvericilik aktlarının layihələrinə rəy verilməsində iştirak etmək, müvafiq normativ hüquqi aktların layihələrini hazırlamaq;

3.1.7.Şöbənin  fəaliyyətini tənzimləyən normativ hüquqi aktların yeni qəbul olunmuş qanunvericiliyə uyğunlaş­dırılması barədə təkliflərin hazırlanmasında iştirak etmək;

3.1.8.İdarənin fəaliyyət istiqamətlərinə uyğun olaraq hə­yata keçirilən işin təkmilləşdirilməsinə dair təkliflər vermək;

3.1.9. vəzifələrinin icrası ilə əlaqədar digər hüquqları həyata keçirmək.

 

  1. Şöbənin fəaliyyətinin təşkili

 4.1. Şöbənin strukturu və əməkdaşlarının sayı İdarənin  rəisi tərəfindən müəyyən və təsdiq edilir.

4.2. Şöbəyə İdarənin  rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri Şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

4.3. Şöbə müdirinin İdarənin  rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

4.4. Şöbə müdirinin müavini –  Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.5. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Şöbə müdirinin müavini  həyata keçirir.

4.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

4.6.1.Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

4.6.2.Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

4.6.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

4.6.4. Şöbə üzrə İdarənin iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini İdarənin  rəhbərliyinə təqdim edir;

4.6.5.Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

4.6.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə İdarənin  rəisinə təqdimat verir;

4.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün İdarənin  digər strukturlarından zəruri məlumat və sənədləri alır;

4.6.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

4.6.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

4.6.10.Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin    yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

4.6.11.Şöbəni təmsil edir;

4.6.12. qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin edir.

4.7. Şöbənin digər əməkdaşları İdarənin rəisi tərəfindən vəzifəyə təyin olunur və  vəzifədən azad edilirlər.

4.8. Şöbənin əməkdaşları onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.

Qanunvericilik