Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatının “Tikinti, arxitektura və dizayn” şöbəsi haqqında Əsasnamə

                                                                                                                                                                                                                                                         

Azərbaycan Respublikasının Nazirlər Kabineti

yanında Dənizkənarı Bulvar İdarəsinin 2016-cı il

22 iyul tarixli 75 nömrəli əmri ilə təsdiq edilmişdir

 

 

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti

yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatının

“Tikinti, arxitektura və dizayn” şöbəsi haqqında

 

Ə S A S N A M Ə

 

  1. Ümumi müddəalar

 1.1. Bu Əsasnamə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli 868 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi haqqında Əsasnamə”yə və digər qanunvericilik aktlarına müvafiq olaraq hazırlanmışdır və  Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Aparatının (bundan sonra – İdarə) təminedici bölməsi olan Tikinti, arxitektura və dizayn şöbəsinin (bundan sonra – Şöbə) vəzifələrini, hüquqlarını və fəaliyyətinin təşkili qaydalarını müəyyən edir.

         1.2.Şöbənin fəaliyyətinin əsas məqsədləri İdarənin  fəaliyyətində Azərbaycan Respublikasının qanunvericiliyinə riayət olunmasının, Dənizkənarı bulvarın hüdudları daxilində ərazinin bərpası, tarixi simasının saxlanılması və inkişaf etdirilməsinin, təbii landşaftının qorunması və zənginləşdirilməsi istiqamətində tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinin,  eləcə də Şöbənin   fəaliyyəti  ilə bağlı kargüzarlıq, sənəd dövriyyəsi, arxiv və vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması sahələrində işlərin təşkilinin  və inkişaf etdirilməsinin təmin edilməsidir.

            1.3.Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununu və digər qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azәrbaycan Respublikasının tәrəfdar çıxdığı beynәlxalq müqaviləlәri, İdarənin Əsasnaməsini, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisinin  əmr və sərəncamlarını, digər hüquqi aktları və bu Əsasnaməni rəhbər tutur.

1.4.Şöbə öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən İdarənin  digər bölmələri və strukturuna daxil olmayan tabeliyindəki qurumlar ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

 

  1. Şöbənin vəzifələri

2.1.Şöbənin əsas vəzifələri aşağıdakılardır:  

2.1.1.Dənizkənarı bulvarın hüdudları daxilində ərazinin bərpası, tarixi simasının saxlanılması və inkişaf etdirilməsini təmin etmək;

2.1.2.Dənizkənarı bulvarın təbii landşaftının qorunması və zənginləşdirilməsi istiqamətində tədbirlərin işlənib hazırlanmasını və həyata keçirilməsini təmin etmək;

2.1.3.Dənizkənarı Bulvarın ərazisində yerləşən bina, tikili və qurğuların texniki vəziyyətlərini araşdırmaq;

2.1.4.Ərazidə yenidənqurma, bərpa, inşaat-təmir, rekonstruksiya layihlərinin hazırlanması və ekspertizasının keçirilməsini təşkil etmək;

2.1.5.Yenidənqurma, bərpa və inşaat-təmir işlərinin razılıq verilmiş layihə və tələblərə uyğun aparılmasının monitorinqini keçirmək;

2.1.6.Ərazidə aparılan tikinti quraşdırma, yenidənqurma və abadlıq işlərinin mövcud qanunvericiliyə uyğun sənədləşdirilməsini təşkil etmək;

2.1.7.Dənizkənarı bulvar ərazisində yeni salınan yaşıllıq sahələrinin landşaft dizayn layıhələrinin hazırlanmasını təşkil etmək;  

          2.1.8. Dənizkənarı bulvar ərazisində keçirilən dövlət və qeyri-dövlət, bayram, işgüzar, idman və digər tədbirlərin təşkilində iştirak etmək;

          2.1.9.Fəaliyyət istiqamətlərindən irəli gələn mübahisələr barədə hüquqi və fiziki şəxslərin ərizə və şikayətlərinə baxmaq, müəyyən olunmuş qaydada müvafiq tədbirlər görmək;

2.1.10. Şöbə öz fəaliyyətində İdarənin digər struktur bölmələri və tabeli qurumları ilə sıx əməkdaşlığı təmin etmək.

 

  1. Şöbənin hüquqları

3.1. Şöbə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir:

3.1.1.Dənizkənarı bulvarın ərazisində aparılan tikinti quraşdırma işləri ilə əlaqədar müvafiq sənədlərin hazırlamaq;

3.1.2.Dənizkənarı bulvarda tikinti, yenidənqurma və abadlılıq işlərinin layihə sənədlərinə uyğun aparılmasına nəzarətin təşkili;  

     3.1.3.İdarənin struktur bölmələrindən öz səlahiyyətlərinə aid olan işlərin yerinə yetirilməsini təmin etmək məqsədi ilə müvafiq materialları ( hesabat, məlumat, arayış və s.) tələb etmək;

            3.1.4. Şöbəyə aid olan qanunvericilik aktlarının layihəsinin hazırlanmasında iştirak etmək;

3.1.5.müvafiq sahədə qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq  təcrübəni öyrənmək;

    3.1.6. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

  1. Şöbənin fəaliyyətinin təşkili

4.1. Şöbənin strukturu və əməkdaşlarının sayı İdarənin  rəisi tərəfindən müəyyən və təsdiq edilir.

4.2. Şöbəyə İdarənin  rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən şöbə müdiri rəhbərlik edir. Şöbə müdiri Şöbəyə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə və hüquqların həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır.

4.3. Şöbə müdirinin İdarənin  rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən bir müavini vardır.

4.4. Şöbə müdirinin müavini –   Şöbə müdiri tərəfindən ona həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.

4.5. Şöbə müdiri olmadıqda onun səlahiyyətlərini müəyyən edilmiş qaydada Şöbə müdirinin müavini   həyata keçirir.

4.6. Şöbə müdiri aşağıdakı səlahiyyətlərə malikdir:

4.6.1. Şöbənin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;

4.6.2. Şöbənin əməkdaşları arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək və icra intizamına riayət etmələrinə nəzarət edir və davranışlarının etik davranış qaydalarına uyğunluğunu müntəzəm təhlil edir;

4.6.3. Şöbəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və digər sənədləri imzalayır, habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə nəzarət edir;

4.6.4. Şöbə üzrə İdarənin iclaslarında müzakirə edilməli məsələləri müəyyən edir və bu barədə təkliflərini İdarənin  rəhbərliyinə təqdim edir, Şöbə tərəfindən   hüquqi aktların vaxtında icrasını təmin edir;

4.6.5. Şöbənin inzibati vəzifə tutan dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;

4.6.6. Şöbənin əməkdaşları barəsində həvəsləndirmə və ya intizam tənbehi tədbirləri görülməsi barədə İdarənin  rəisinə təqdimat verir;

4.6.7. Şöbənin vəzifələrini yerinə yetirmək üçün İdarənin  digər strukturlarından zəruri məlumat və sənədləri alır;

4.6.8. daxil olan məktub, ərizə, şikayət və təkliflərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını təşkil edir;

4.6.9. Şöbədə kargüzarlıq işlərinin aparılmasını və məxfilik rejimini təmin edir;

4.6.10.Şöbənin əməkdaşlarının ixtisasının artırılması və əmək şəraitinin    yaxşılaşdırılması üçün müvafiq tədbirləri həyata keçirir;

4.6.11.Şöbəni təmsil edir;

4.6.12. qanunvericiliyə uyğun olaraq digər məsələlərin həllini təmin edir.

4.7. Şöbənin digər əməkdaşları İdarənin rəisi tərəfindən vəzifəyə təyin olunur və  vəzifədən azad edilirlər.

4.8. Şöbənin əməkdaşları onlara tapşırılmış işlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyırlar.

 

  

 

Qanunvericilik