Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin Əsasnaməsi

Azərbaycan Respublikasının Nazirlər Kabineti

yanında Dənizkənarı Bulvar İdarəsinin 57 nömrəli

23 iyun 2016-cı il tarixli qərarı ilə təsdiq edilmişdir.

 

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin

mühafizəsi müəssisəsinin

 

ƏSASNAMƏSİ

ÜMUMİ MÜDDƏALAR

1.1. Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi

(bundan sonra - Müəssisə) “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 740 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 22 iyun tarixli 234 nömrəli Qərarına uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin (bundan sonra – İdarə) tabeliyində fəaliyyət göstərən və onun strukturuna daxil olmayan qurumdur.

1.2. Müəssisə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının digər aidiyyatı Qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, İdarənin Əsasnaməsini, əmr, sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Müəssisə ona etibar edilmiş əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş hədlərdə, öz fəaliyyət istiqamətlərinə və əmlakın təyinatına uyğun qaydada, İdarə tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir.

1.4. Müəssisə dövlət büdcəsi vəsaiti, həmçinin xidmətlər göstərilməsindən və aidiyyəti işlərin görülməsindən əldə edilən vəsait hesabına və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına fəaliyyət göstərir.

1.5. Müəssisə müstəqil balansa, istifadəsində olan dövlət əmlakına, xəzinə və bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

 

MÜƏSSİSƏNİN HÜQUQİ ÜNVANI

2.1. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin yerləşdiyi “Bakı şəhəri, Səbail r-nu Bayıl yaşayış massivinin Cənub-Şərq hissəsi ” hüquqi ünvanı kimi müəyyən edilir.

 

MÜƏSSİSƏNİN FƏALİYYƏTİ

3.1. Müəssisənin fəaliyyət istiqamətləri aşağıdakılardır:

3.1.1.Dənizkənarı Milli Parkda yaşıllığın inkişaf etdirilməsi, yeni parkların, istirahət sahələrinin salınması, onların qorunması, onlara ziyan vuran fiziki və hüquqi şəxslər barəsində öz səlahiyyətləri daxilində tədbirlər görülməsi,minimal xərclərlə əmək məhsuldarlığının artırılması, əsas fondların istifadə edilməsinin yaxşılaşdırılması, əmək, material və maliyyə vəsaitlərindən səmərəli istifadəni təmin etmək;

3.1.2. Dənizkənarı Milli Parkın ərazisində tikinti, əsaslı təmir, abadlaşdırma işlərinin aparılmasını təmin etmək;

3.1.3. Dənizkənarı bulvarın tarixi simasının saxlanılmasını, ərazinin zəngin florasının və təbii landşaftının bərpasını və inkişaf etdirilməsini, turizm və rekreasiya üçün şərait yaradılmasını təmin etmək;

3.1.4.Bu Əsasnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün öz işini müvafiq icra hakimiyyəti orqanları ilə və digər müəssisə və təşkilatlarla əlaqəli şəkildə təşkil etmək;

3.1.5. Dənizkənarı Milli Parkın abadlaşdırılması, ətraf mühitin qorunmasını, ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən Dənizkənarı Milli Parkın estetik görünüşünün korlanmasının qarşısının alınmasını öz səlahiyyətləri çərçivəsində təşkil etmək və bu barədə müvafiq icra hakimiyyəti orqanı qarşısında vəsadət qaldırmaq;

3.1.6. Dənizkənarı Milli Parkın perspektiv inkişafıni təmin etmək məqsədilə tikinti, əsaslı və cari təmir işlərinin layihələndirməsini və smeta sənədlərinin hazırlanmasını təşkil etmək.

 

MÜƏSSİSƏNİN İDARƏ EDİLMƏSİ

4.1. Müəssisəyə İdarə rəisinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.

4.2. Direktor müəssisənin fəaliyyətinin təşkili, Əsasnamədə nəzərdə tutulan vəzifələrin, həmçinin İdarənin rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarının yerinə yetirilməsinə dair cavabdehlik daşıyır.

4.3. Müəssisənin direktor müavinləri və baş mühasib İdarə rəisinin əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilirlər.

4.4. Müəssisənin digər işçiləri müəssisənin direktoru tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq İdarənin rəhbərliyi ilə razılaşdıraraq vəzifəyə təyin və vəzifədən azad edilir.

4.5.Müəssisənin ştat cədvəli və smetası İdarənin rəisi tərəfindən təsdiq edilir.

4.6.Müəssisənin direktoru öz səlahiyyətləri daxilində fəaliyyət istiqamətinə uyğun olaraq digər hüquqi və fiziki şəxslərlə müqavilələr bağlayır, əmrlər verir,işçilər arasında vəzifə bölgüsü aparır.

4.7. Qanunvericilikdə müəyyən olunmuş qaydada daxili əmək intizamını təmin edir, tabeçiliyində olan işçiləri mükafatlandırır və intizam tənbehi tədbirləri görür.

 

MÜƏSSİSƏNİN ƏMLAKI, GƏLİRİ VƏ XƏRCLƏRİ

Müəssisənin maliyyə vəsaitləri aşağıdakı mənbələr hesabına yaradılır:
5.1. smeta üzrə dövlət büdcəsindən ayrılan vəsait, həmçinin xidmətlərin göstərilməsindən və aidiyyəti işlərin görülməsindən əldə edilən;

5.2. yerli və xarici təşkilatlardan, eləcə də ayrı-ayrı vətəndaşlardan, sponsorlardan, könüllü pul ayırmaları şəklində daxil olan vəsait;

5.3. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunmuş vəsaitlər hesabına maliyyələşir.

 

MÜƏSSİSƏNİN LƏĞV OLUNMASI

6.1.1. Müəssisənin ləğv olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Qanunvericilik