Dövlət Bayrağı Muzeyinin Əsasnaməsi

 

 Azərbaycan Respublikasının Nazirlər Kabineti

yanında Dənizkənarı Bulvar İdarəsinin 2016-cı il

22 iyul tarixli 75 nömrəli əmri ilə təsdiq edilmişdir

 

 

Dövlət Bayrağı Muzeyinin

Əsasnaməsi

 

ÜMUMİ MÜDDƏALAR
1.1. Dövlət Bayrağı Muzeyi (bundan sonra-Muzey) “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 yanvar tarixli 740 nömrəli Fərmanına və “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslər, təşkilatlar və sair) Siyahısı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2016-cı il 22 iyun tarixli 234 nömrəli Qərarına uyğun olaraq, Muzey Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin (bundan sonra – İdarə) tabeliyində fəaliyyət göstərən və onun strukturuna daxil olmayan qurumdur.

1.2. Muzey öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Muzeylər haqqında” 24 mart 2000-ci il tarixli Azərbaycan Respublikasının Qanununu, Azərbaycan Respublikasının digər aidiyyatı Qanunlarını, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, İdarənin Əsasnaməsini, əmr, sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. Muzey öz fəaliyyətini profilinə uyğun elmi-tədqiqat institutları, muzeylər, yaradıcılıq ittifaqları, ictimai təşkilatlar, təhsil, mədəniyyət və incəsənət qurumları ilə sıx əlaqədə həyata keçirir.

1.4.Muzey dövlət büdcəsi vəsaiti, həmçinin xidmətlər göstərilməsindən və işlərin görülməsindən əldə edilən vəsait hesabına və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına fəaliyyət göstərir.

1.5.Muzey ona etibar edilmiş əmlak üzərində qanunvericiliklə müəyyən edilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına uyğun qaydada və İdarə tərəfindən verilmiş səlahiyyətlər çərçivəsində sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir.

1.6.Muzey müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, müvafiq xəzinə və bank hesablarına, dairəvi möhürə, müvafiq ştamplara və blanklara malikdir.

 

MUZEYİN HÜQUQİ ÜNVANI

2.1.Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin strukturuna daxil olmayan tabeliyindəki “Dövlət Bayrağı Muzeyi”nin yerləşdiyi “Bakı şəhəri, Səbail r-nu, A.Quliyev küçəsi 4a-b ” hüquqi ünvanı kimi müəyyən edilir.

 

MUZEYİN FƏALİYYƏTİ

3.1. Muzey:

3.1.1. Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin edir;

3.1.2.Muzeyə dair proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və perspektiv inkişafını təmin edir;

3.1.3. Dövlət bayrağının təbliğinin təmin edilməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanları ilə sıx əməkdaşlıq edir.

MUZEYİN VƏZİFƏ VƏ FUNKSİYALARI

4.1.Muzey bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakıları yerinə yetirir:

4.2. Muzeyin eksponatlarının mühafizəsini təmin edir, muzeyin istifadə olunması və saxlanması rejiminə əməl edir.

4.3. Azərbaycan Respublikasının rəmzlərinin tarixini əks etdirən materialların toplanmasını, onların qeydiyyat və mühafizəsini təşkil edir.

4.4. Qanunvericiliklə müəyyən edilmiş qaydada və öz səlahiyyətləri daxilində beynəlxalq dövlətlərin muzeyləri və müvafiq təşkilatları ilə əməkdaşlıq edir.

4.5. Fəaliyyətinə daxil olan məsələlər üzrə beynəlxalq və milli konqreslərdə, beynəlxalq müşavirə və sərgilərdə iştirak edir.

4.6. Muzeyin əşyalarının, konservasiya və təmiri üzrə işləri planlaşdırır və təşkil edir.

4.7.Muzey fondlarını fəaliyyət məzmununa uyğun olaraq komplektləşdirir.

4.8. Mövcud qanunvericilik və normativ sənədlərlə müəyyən edilmiş qaydada Muzey fondların qeydiyyatını aparır, onların inventarlaşdırılmasını həyata keçirir və konservasiyaya ehtiyacı olan muzey eksponatlarını müəyyən edir, onların mühafizəsinin təmin edilməsi üçün profilaktiki işlər görür, təkliflər hazırlayır.

4.9. Dünya muzeyləri ilə beynəlxalq əməkdaşlıq həyata keçirir, stasionar və səyyar sərgilər yaradır, Dövlət bayrağının təbliği işini təşkil edir.

4.10. Azərbaycan Respublikasının Dövlət bayrağının tarixi ilə bağlı materialları hərtərəfli öyrənir və təbliğ edir.Tədqiqatlar və araşdırmalar əsasında muzeyin perspektiv, cari və tematik planlarını işləyib tərtib edir.

4.11.Elmi-tədqiqat işlərini, tematik ekspozisiya planlarını, tarixi və muzey ekspozisiyalarının elmi təsviri və ekspozisiyalar üzrə elmi hesabatları, unifikasiya edilmiş pasportları, elmi-metodiki işləri, muzeyin işinin səmərəsinin artırılmasına kömək edən müxtəlif elmi-köməkçi (sxem,xəritə və s.),eyni zamanda informasiya xarakterli materialları və bukletləri, iş proqramlarını rəsmiləşdirilir və dərc etdirir.

4.12. Muzeyin ekspozisiyasını yaradır, stasionar muzey ekspozisiyaları, səyyar sərgilər, muzey kolleksiyaları əsasında muzeyşünaslıq sahəsində istifadə edilən müasir elmi-kütləvi iş formalarını-ekskursiyaları,tematik gecələri,görüşləri və s. tətbiq etməklə əhalinin geniş təbəqələri arasında mədəni-kütləvi iş aparır.

4.13. Öz fəaliyyətinin təbliğat və reklam sistemini işləyib hazırlayır, dövrü mətbuat, radio və televiziyanın imkanlarından istifadə etməklə afişa, plakat, elan, dəvətnamə və suvenirlərin yayılmasını təşkil edir.

4.15. Profilinə uyğun olan muzeylərə, eləcə də ictimai əsaslarla işləyən muzeylərə elmi-metodiki və sair köməklik göstərir.

4.16. Kadrların professional səviyyəsinin təmin edilməsi üzrə ixtisasartırma işini təşkil edir, fərdi təhsil sistemini yaradır,elmi heyətin muzeyşünaslığa dair respublika, regional və digər səviyyəli müşavirələrdə iştirakını təşkil edir.

 

MUZEYİN HÜQUQLARI

5.1. Muzey öz fəaliyyətini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

5.1.1. ayrılmış xüsusi vəsait daxilində və müəyyən olunmuş qaydada təlim xarakterli video, kompüter, infomasiya və digər xidmət sahələrini təşkil etmək;

5.1.2. qanunvericiliklə müəyyən edilən qaydada öz fəaliyyət sahəsinə uyğun əmlak və mülk almaq, müqavilələr bağlamaq, məhkəmə və arbitrajda iddiaçı və cavabdeh qismində çıxış etmək;

5.1.3. müəyyən olunmuş qaydada aidiyyatı idarə və təşkilatlardan muzey əhəmiyyətli materiallar haqqında informasiya almaq;

5.4. İnzibati, təsərrüfat,ictimai,elmi və sosial məsələlər üzrə öz mənafeyindən çıxış etmək.

 

 

MUZEYİN FƏALİYYƏTİNİN TƏŞKİLİ

6.1. Muzeyin direktoru və direktor müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi İdarə rəisinin əmri ilə rəsmiləşdirilir.

6.2. Direktor muzeyin fəaliyyətini İdarənin və Muzeyin Əsasnaməsinə uyğun olaraq təşkil edir, Muzeyin Əsasnaməsində nəzərdə tutulan vəzifələrin, həmçinin İdarənin əmr, sərəncam və tapşırıqlarının yerinə yetirilməsi üçün cavabdehdir.

6.3. Muzeyin digər işçiləri muzeyin direktoru tərəfindən mövcud qanunvericiliyə uyğun qaydada rəhbərliklə razılaşdırılaraq vəzifəyə təyin və vəzifədən azad edilir.

6.4. Muzeyin ştat cədvəli və smetası Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəisi tərəfindən razılaşdırılaraq təsdiq edilir.

6.5. Muzeyin direktoru muzeyin fəaliyyətinin ona həvalə edilən məsələləri həll edir, qanunvericiliyə uyğun olaraq müvafiq əmrlər verir, işçilər arasında vəzifə bölgüsü aparır, daxili əmək intizamını təmin edir, tabeçiliyində olan işçiləri mükafatlandırır və intizam məsuliyyətinə cəlb edir.

 

MUZEYİN ƏMLAKI, GƏLİRİ VƏ XƏRCLƏRİ

Muzeyin maliyyə vəsaitləri aşağıdakı mənbələr hesabına yaradılır:
7.1. Muzey smeta üzrə dövlət büdcəsindən ayrılan, həmçinin xidmətlərin göstərilməsindən və işlərin görülməsindən əldə edilən;

 

7.2. ekskursiya xidməti, əhaliyə digər pullu muzey xidmətlərindən toplanan;

7.3. nəşrlərin, müxtəlif növ suvenir məhsullarının istehsalı və satışından, istehsalat fəaliyyətindən və sair gəlirlər;

7.4. incəsənət əsərləri, kitabxanalar, kolleksiyalar və digər əmlaklar;

7.5. qanunvericiliklə qadağan edilməyən digər mənbələrdən əldə olunmuş vəsaitlər.

 

MUZEYİN LƏĞV OLUNMASI

8.1. Muzeyin ləğv olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Qanunvericilik