03-05-2018

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Bakı məktəblərində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr davam edir.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

Səyyar mühazirələrdə şagirdlərə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İli”, bayrağımızın  günümüzə qədər  keçdiyi tarixi yol və Azərbaycanın dövlət atributları haqqında  məlumat verilir, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanır. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirir, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşürlər.

Qeyd edək ki, mühazirələrin aprel və  may aylarında da davam etdirilməsi nəzərdə tutulur. İndiyədək BŞTİ-nin tabeliyindəki 200-dək ümumi təhsil məktəbində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunub.