28-05-2018

Dənizkənarı Milli Parkda Ümummilli liderin xatirəsinə həsr olunmuş Beynəlxalq kubok yarışının birinci mərhələsi keçirilib

Mayın 25-də Dənizkənarı Milli Parkda Ümummilli liderin xatirəsinə həsr olunmuş Beynəlxalq kubok yarışının birinci mərhələsi keçirilib.

Mayın 27-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə Beynəlxalq Kubok yarışlarının qalibləri mükafatlandırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç gün davam edən beynəlxalq turnir Bakı, Şabran və Xaçmaz rayonlarında keçirilib.

Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi yarışda yerli təmsilçilərlə yanaşı, 16 xarici ölkədən olan idmançılar da mübarizə aparıblar.

Beynəlxalq turnirdə nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 10 komanda, habelə mübarizəyə fərdi şəkildə qatılan idmançılar sprint, orta və uzun məsafədə yarışıblar.

250-dən çox idmançının mübarizə apardığı Beynəlxalq Kubok yarışları tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib.

Elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən yarışda kateqoriyalar üzrə fərdi və komanda hesabında qaliblər müəyyənləşib. Azərbaycan milli komandası ümumi hesabda qalib gələrək yarışın kubokunu qazanıb. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq “Dağçılıq” və “Neftçi” idman klubları layiq görülüb.

Qaliblərə və mükafatçılara medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.