08-09-2016

Bakı bulvarının görünməyən həyatı – unikal kadrlar (ÖZƏL) (FOTO)

Dənizkənarı Milli Park yerli sakinlərin və Bakı şəhərinin qonaqlarının ən sevimli istirahət məkanlarından biridir. Dənizkənarı Milli Parkın gözlə gördüyümüz gözəlliklərindən başqa görünməyən tərəfləri də var.

Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktoru Rəfail Niftəliyevlə birgə səhər saatlarından gəzərək Bakı bulvarının görünməyən həyatını göstərmək və əlbəttə ki, buranın “qəhrəman”ları ilə söhbət etmək qərarına gəldik.

200 hektar sahəsi olan Bulvar ərazisinin yarısını bitki aləmi tutur. Yaşıllaşdırma şöbəsinin müdiri Abuzər Yunusovun sözlərinə görə, burada 3500-dən çox ağac növü, kol və gül var, onların arasında ekzotik bitkilərin də sayı az deyil, ümumi sayı isə 56 mini ötür. Bu sahədə 170 nəfər çalışır. A.Yunusov qeyd edib ki, bitkinin növündən və 6 ay-3-4 illik mövsümdən asılı olaraq bu bitkilər dəyişdirilir, yeni növlər əkilir.

Ağaclara xüsusi forma verən, Moskvanın yaşıllaşdırılmasında 25 il işləmiş sanitar ağackəsən Yaşar Namazovun sözlərinə görə, forma verməklə budama yaşıl bitkilərin təbii formasının saxlanılması və ağaclara şar, kub, konus və s. süni formaların verilməsi məqsədilə həyata keçirilir: “Bundan başqa, belə budama ağac və kolların digər qiymətli növlərinin kölgə salınması zamanı aparılır”.

62 yaşlı Mütəllim Məmmədov son 5 ildir Bulvarda bitkiləri sulayır və onların qayğısına qalır. Onun sözlərinə görə, istənilən bağban üçün əsas keyfiyyətlər bitkiləri və torpaqla işləməyi sevməkdir: “Ağac və kolların əkilməsindən tutmuş zərərvericilərlə mübarizə aparmağadək hər şeyi bilmək lazımdır”.

Su təchizatı şöbəsinin müdiri Məhərrəm Hacıyev deyir ki, mövsümdən asılı olaraq suvarmaya qışda ayda 30 000 kubmetr su, yayda isə 130 000 kubmetr su sərf olunur: “Biz, həmçinin həcmi 5000 kubmetr su olan Kiçik Venesiya hovuz kanalına da qulluq edirik. Hər ay və ya iki aydan bir hovuzun bütün suyunu dəyişirik”.

Bulvar gecə saatlarında necə də gözəldir! Bir çoxları, xüsusilə də turistlər bu gözəlliyə heyrandırlar.

Enerji xidmətinin direktoru Namiq Hüseynovun sözlərinə görə, bu gözəlliyə təqribən 3 min böyük və kiçik fanarlar, Milli Parkın ərazisi boyu uzanan işıqlandırıcı qurğular vasitəsilə nail olunur: “Ayda orta hesabla təminata təqribən 650 000 kilovat enerji sərf olunur. Yay aylarında isə daha çox enerji sərf edilir”.

Ərazinin təmizlənməsi xidmətinin direktoru Adil Şirinovun sözlərinə görə, səhər saatlarından axşamadək 230 nəfər ərazinin təmizlənməsini həyata keçirir, sahil boyunca isə katerlər həftədə iki dəfə sahilyanı zolağın xüsusi texniki təmizlənməsini aparır: “Yeri gəlmişkən, yayda daş plitələrdə qara ləkələr buraxan saqqızları təmizləmək çətindir, buna görə də qış dövrünü gözləmək lazımdır”.

Nəqliyyat şöbəsinin müdiri İlqar Şahverdiyev Trend-ə bildirib ki, Bulvarın təqribən 50 ədəd texnikası var: “Sudaşıyan, zibildaşıyan maşınlar, yüngül avtomobillər, traktorlar, avtobuslar, gəzinti ekspress-qatar, eləcə də qolf üçün 25 avtomobil və s. var”.

R.Niftəliyev bildirib ki, Azərbaycanda keçirilən iri beynəlxalq tədbirlərin çoxunun Dənizkənarı Milli Parkla da əlaqəsi olur: “Bir çox turistlər məhz burada asudə vaxtlarını keçirirlər. Bulvar ərazisində, həmçinin xeyli sayda insanın iştirakı ilə çoxlu bayram tədbirləri təşkil olunur”.

O qeyd edib ki, Dənizkənarı Milli Parkın əsas prioritet vəzifələrindən biri istirahət edənlərin təhlükəsizliyini təmin etməkdir: “Burada Təhlükəsizlik Xidməti gün ərzində fəaliyyət göstərir. Biz müxtəlif şəhər xidmətləri, o cümlədən sanitar epidemioloji xidmətlə sıx təmasda çalışırıq. Üstəlik, parkın və müxtəlif obyektlərin zərər görmüş örtüklərinin rekonstruksiyasını və bərpasını aparırıq. Bundan başqa, çirklənmənin qarşısını almağa xüsusi diqqət ayırırq. Bulvar bizim ümumi evimiz, gözəl keçmişimiz, bu günümüz və gələcəyimizdir”