25-06-2018

Dənizkənarı Milli Parkda Yoqa festivalına start verilib

“YARAT” Müasir İncəsənət Mərkəzi Dənizkənarı Bulvar İdarəsi ilə birgə “YARAT Freestyle” proqramı çərçivəsində iyunun 24-də açıq havada genişmiqyaslı yoqa festivalına start verib.

AZƏRTAC xəbər verir ki, Bayıl bulvarında reallaşan festivalın əsas məqsədi sağlam həyat tərzini təbliğ etməkdir.

Gün ərzində müxtəlif tədbirlərin də təşkil olunacağı nəzərdə tutulur. Belə ki, Xəzər dənizi sahilində yaşıl qazon üzərində peşəkar müəllimlərlə birgə yoqa məşqləri, uşaqlar üçün ustad dərsləri, musiqiçilərin çıxışları, alovlu şou, “FLY yoqa” təşkil olunacaq, iştirakçılara sağlam qida veriləcək. Festival çərçivəsində gün boyu paytaxtın sakinləri və qonaqları üçün yoqanın müxtəlif istiqamətləri üzrə məşğələlər keçiriləcək, həmçinin yoqanın tarixi və sağlam həyat tərzi haqqında mühazirələr oxunacaq. Tədbirin əsas tərəfdaşlarından biri Hindistanın Azərbaycandakı səfirliyidir.

Festivalın iştirakçıları “Yoqa Şahi” studiyası, “The Art of Living” meditasiya mərkəzi, Yoqa Akademiyası və Xalsa Mərkəzidir.

Festival, eyni zamanda fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, bu cərəyan haqqında ətraflı informasiya almaq məqsədi daşıyır.

Qeyd edək ki, Beynəlxalq Yoqa Günü 2015-ci ildən başlayaraq dünyada geniş qeyd olunur. Yoqa Azərbaycanda da geniş yayılıb.