18-09-2018

Dənizkənarı Milli Parkda “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərginin açılış mərasimi keçirilib

Dənizkənarı Bulvar İdarəsi tərəfindən 18 sentyabr 2018-ci il tarixində saat 18:00-da Dənizkənarı Milli Parkda  “Bakı bulvarının tarixi fotoşəkillərdə” adlı sərginin açılış mərasimi keçirildi.

Adı çəkilən sərgi Dənizkənarı Bulvara ümummilli lider Heydər Əliyev tərəfindən “Bakı şəhərindəki Dənizkənarı bulvara Milli Park statusu verilməsi haqqında”  fərmanının 20 illiyinə həsr edilib.

Sərgidə nümayiş etdirilən 104 ədəd  fotoşəklin əksəriyyəti ilk dəfə olaraq geniş ictimaiyyətə təqdim olunur. Şəxsi kolleksiyalardan, xarici və yerli arxivlərdən toplanaraq yüksək keyfiyyətlə bərpa edilən nadir fotoşəkillər Dənizkənarı sahilin və Bakı bulvarının 1861-ci ildən 1990-cı illərə kimi tarixini əhatə edir. Sərgidə təqdim olunan titrlər Azərbaycan dili ilə yanaşı ingilis dilində də verilmişdir. Sərgidə Bakı şəhərinin dənizdən çəkilmiş ilk fotoşəkilləri də (1860-cı illər) nümayiş olunur.

Sərgidə musiqi müşayiəti də nəzərdə tutulmuşdur. Ekspozisiyada Azərbaycana və Bakı şəhərinə həsr olunmuş 100-ə yaxın klassik və müasir Azərbaycan musiqisinin şedevrləri səsləndirilir.

Tədbirin keçirilməsində əsas məqsəd Bakı bulvarının tarixi inkişaf mərhələlərinin əyani surətdə nümayişi və eyni zamanda vətəndaşların, o cümlədən xarici turistlərin  bu sahədə maariflənməsinə xidmət edir. Gələcəkdə də Dənizkənarı Bulvar İdarəsi tərəfindən bu kimi sosial layihələr davam etdiriləcəkdir. Sərgi 2019-cu ilin mart ayının sonuna kimi davam edəcəkdir. Sərgiyə giriş sərbəstdir.