07-11-2018

Dənizkənarı Bulvar İdarəsi 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr olunan elmi-praktik konfrans keçirib

9 noyabr Dövlət Bayrağı Günü münasibətilə “Azərbaycan Respublikasının Dövlət bayrağı – 100 illik istiqlalımızın qürur mənbəyi” mövzusunda elmi-praktik konfrans keçirilib. Dənizkənarı Bulvar İdarəsinin Prezident yanında Dövlət İdarəçilik Akademiyası ilə birgə təşkil etdiyi tədbirdə Azərbaycan bayrağının mənəvi, siyasi və ideoloji əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. Bulvar İdarəsinin Aparat rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elmir Bağırov bildirib ki, Azərbaycan dövlət bayrağının 100 illik yubileyinə həsr olunmuş konfransın əsas məqsədi gənclər arasında vətənpərvərlik hisslərinin artırılmasına və dövlət rəmzlərinin təbliğinin gücləndirilməsinə töhfə verməkdir: “Azərbaycan bayrağı millətimizin və dövlətimizin simvoludur. Milli bayraq həm də dövlətimizin, bütövlükdə, xalqımızın gələcək yolunu müəyyənləşdirən bələdçidir. Milliliyi, dini inancımızı və müasirliyi təcəssüm etdirən bayrağımız azərbaycanlılara öz soykökünü xatırladır, üzərində dalğalanan torpağın qədimliyini göstərir. Bu gün ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir” – Elmir Bağırov belə deyib. Elmi-praktik konfransda AMEA-nın müxbir üzvü,  Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun  direktoru, professor Musa Qasımlı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, Siyasi elmlər doktoru Elçin Əhmədov və digər qonaqlar məruzlərlə çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim milli-mənəvi dəyərlərə, dövlətçilik ənənələrinə sadiqliyimizi nümayiş etdirir. Milli suverenliyimizin simvolu, ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzidir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra ilk dəfə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 1990-cı ildə Naxçıvanda əbədi yüksəkliyə qaldırılan üçrəngli bayrağımız müstəqil Azərbaycanın simvolu kimi bu gün dünyanın ən mötəbər beynəlxalq təşkilatları qarşısında dalğalanır.

Tədbir Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi şagirdlərinin ifasında Bədii Kompozisiya ilə davam etdirilib.