06-08-2014

Bakının Dənizkənarı Milli Parkı bundan sonra mütəmadi dezinfeksiya olunacaq

Bakının Dənizkənarı Milli Parkında infeksion xəstəliklərin yayılmasına qarşı ciddi tədbirlər görülür. Bu barədə Trend-ə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağının təbliği və beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, əvvəlki illərdən fərqli olaraq bu il bütün iaşə obyektləri, attraksionlar, karusellər, oturacaqlar, yaşıllıq sahələri, sahil boyu məhəccərlər, eləcə də yaşıllıqlar dezinfeksiya olunub: "Bu miqyasda işlər ilk dəfədir ki, görülür. Bu işlər profilaktik xarakterlidir və hər hansı ciddi zərurətdən irəli gəlmir. Dünyanın bir çox yerində müəyyən xəstəliklərin yayılması müşahidə olunur. Bizim Milli Parkımız nəinki Azərbaycan vətəndaşların, eləcə də ölkəmizə gələn qonaqların, turistlərin ən çox sevdiyi, istirahət etdiyi məkanlardan biridir. Ona görə də biz də çalışırıq ki, insanların rahatlığı, yüksək səviyyədə istirahəti üçün daha çox zəmin, daha yaxşı şərait yaransın".

N.Məcidov qeyd edib ki, dezinfeksiya işləri yay mövsümü ərzində hər 15 gündən bir aparılacaq. Çünki istifadə edilən dərman preparatlarının təsir müddəti 15 gündür. Qış mövsümündə isə bu işlər 1-2 aydan bir aparılacaq.

Mənbə: Trend.az