30-12-2016

Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə Milli parkda atraksionlardan, qatarlardan və gəmi gəzintisindən pulsuz istifadə aksiyası keçirilmişdir.

    Bu gün Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni il münasibəti ilə Milli parkda atraksionlardan, qatarlardan və gəmi gəzintisindən pulsuz istifadə aksiyası təşkil edilmişdir. Yaşı 15-ə qədər olan uşaqlara səhər saat 10:00-dan 14:00-dək bulvardakı atraksionlardan, qatarlardan və sərnişin gəmisindən pulsuz istifadə haqqı verilmişdir. Aksiyada bütövlükdə 15 mindən çox insan iştirak etmiş və aksiyadan yararlanmışlar. Ümumilikdə aksiyada 4 qatardan, “Qorxulu Ev”, “Sinema 7D”, “Kosmos”, “Uçan boşqab”, “Pirat”, ”Möcüzələr dünyası”, “Qüllə” adlı atraksionlardan, 2 avtodrom, uşaq povliyonu, 2 karnavaldan və 1 “Mirvari” gəzinti gəmisi istifadə olunmuşdur.
Aksiyada vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə İdarə əməkdaşları gücləndirilmiş iş rejimində fəaliyyət göstərmiş və tədbir uğurla reallaşmışdır. Dənizkənarı Bulvar İdarəsi tərəfindən gələcək də bu tipli sosial aksiyaların həyata keçirilməsi nəzərdə tutulur.