29-09-2017

Dənizkənarı Milli Parkda boççia idman növü üzrə yarışı keçirilib

Dənizkənarı Milli Parkın Azneft dairəsinə doğru hissəsində yaşıl xalını xatırladan banderin ətrafında qələbəlik idi. Buraya əlil arabasında əyləşmiş idmançılarla yanaşı, onların valideynləri, qohumları, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də gənclər və tələbələr toplaşmışdı. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Arabaçı” Əlillər Şəbəkəsi İctimai Birliyinin təşkil etdiyi tədbirə xeyli tamaşaçı toplaşmışdı. Tədbir gənc nağaraçıların ifa etdikləri ritm nömrələrindən sonra başlanıb…

Fiziki məhdudiyyətli insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası layihəsi çərçivəsində keçirilən tədbiri İctimai Birliyin sədri İlham Məhərrəmov açıb. O, çıxışında rəhbərlik etdiyi birliyin sağlamlıq imkanı məhdud olanların özünə qapanmaması, cəmiyyətə inteqrasiyası məqsədilə yaradıldığını və onlara dəstək olacaqlarını söyləyib. Qeyd olunub ki, ölkəmizdə 535 min fiziki məhdudiyyətli insan var, onlardan 25 mini daha ağır vəziyyətdədir. “Arabaçı” onların bir hissəsini paralimpiya idman növü olan boççia ilə məşğul olmağa həvəsləndirib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov son illər əlil idmançılar arasında boççia idman növünün yayılması sahəsində xeyli iş görüldüyünü söyləyib. Nazir müavinin dediyinə görə, indi bu idman növü nəinki paytaxtda, hətta bölgələrdə də özünə xeyli tərəfdar tapır. Üstəlik, boççia ilə təkcə böyüklər deyil, uşaqlar arasında da xeyli məşğul olan var. Əlil idmançılar onunla az vaxtda məşğul olmasına baxmayaraq, bu yaxınlarda Minsk şəhərinə təlim-məşq toplanışına yola düşəcək və orada həmin ölkədən olan həmkarları ilə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar.

Əlillər Təşkilatları İttifaqının sədri Davud Rəhimli və digər çıxış edənlər təşəbbüsü təqdir edib, əlil idmançıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirə uğurlar arzulayıblar.

Gənc rəqqasların ifa etdikləri nömrələrdən sonra yığma komanda üzvlərinin iştirakı ilə boççia yarışına start verilib. Yaşıl xalı üzərində qızğın yarış başlanıb. Əlil idmançılar göy və qırmızı topları meydanın mərkəzində qoyulmuş cekə-ağ topa doğru atırdılar. Oyun getdikcə qızışır, tamaşaçılar onları alqışlayırdılar. Heç kim uduzmaq istəmirdi. İdmanın gözəlliyi də elə bundadır...