09-10-2017

Dənizkənarı Bulvar ərazisində səmti müəyyənetmə idman növü üzrə Açıq Ölkə Çempionatı keçirilmişdir.

Oktyabr ayının 7-8-i Şabran rayonunun Qalaaltı meşə zolağında və Bakı şəhərinin Dənizkənarı Bulvar – İçəri Şəhər ərazilərində səmti müəyyənetmə idman növü üzrə keçirilən Açıq Ölkə Çempionatına yekun vurulmuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dənizkənarı Bulvar İdarəsi, “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin təşkilati dəstəyi ilə keçirilən yarışda 7 komanda və eləcə də nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələrindən fərdi idmançılar daxil olmaqla ümumilikdə 200-ə yaxın idmançı orta və sprint məsafələri üzrə mübarizə aparmışlar. Yerli idmançılar ilə bərabər yarışda Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko və Türkiyə Silahlı Qüvvələri İdman Klubunun məşqçi-idmançısı Elvan İlboğa da iştirak etmişdi.

Yarışın ilk günündə Şabran rayonununda keçirilən yarışda kişilər arasında Elit kateqoriyasında (M21E) Türkiyəli idmançı Elvan İlboğa bütün rəqiblərini qabaqlayaraq birinci olmuşdur. Neftçi İdman klubunun idmançıları Gennadiy Klim və Vladislav Tuzov isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Qadınlar arasında isə W21E kateqoriyasında Sevda Verdiyeva (Fövqəladə Hallar Nazirliyi) 3.2 km məsafə üzrə yerləşdirilmiş 13 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə birinci çatmışdır. Anna Kamayeva (Neftçi İK) ikinci, Lətifə Rüstəmova (Müdafiə Nazirliyi) isə üçüncü olmuşdur.

Yarışın ikinci günü Dənizkənarı Bulvar və İçəri Şəhər ərazisində təşkil edilmiş sprint üzrə yarışda isə M21E kateqoriyasında Neftçi İdman Klubunun idmançısı Gennadiy Klim 3.7 km məsafədə yerləşdirilmiş 18 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə bütün rəqiblərindən tez çataraq yarışın qızıl medalına sahib olmuşdur. Qalibdən təxminən iki dəqiqə geri qalan Elvan İlboğa (TSK) gümüş, Orxan Şahbazov (XDMX) isə bürünc medal qazanmışdır. Qadınlar arasında elit kateqoriyasında isə Dağçılıq İdman Klubunun idmançısı Nataliya Şiyanova qalib olmuşdur. Sevda Verdiyeva (FHN) finiş xəttinə ikinci, Rəna Abaszadə (XDMX) isə üçüncü çatmışdır.

İki günün cəminə görə komandalar arasında Neftçi idman Klubu bütün rəqiblərini qabaqlayaraq Ölkə Çempionu olmuşdur. Dağçılıq İdman Klubunun komandası ikinci, Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası isə üçüncü olmuşdur.

Qeyd olunan kateqoriyalardan əlavə Junior, Open M, Open W, M35, W35, M50 və W50 kateqoriyalarında da qaliblər müəyyən olunmuşdur.

Sonda qalib gələn idmançılara medal və diplomlar təqdim olunmuşdur.