31-10-2017

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyi Bakı şəhəri üzrə ümumtəhsil orta məktəblərində Dövlət Bayrağının təbliği mövzusunda mühazirələr təşkil edir. Belə ki, İdarənin Dövlət Bayrağı Muzeyi bu dəfə 31 oktyabr 2017-ci il tarixində Bakı şəhəri Sabunçu rayonu 80 nömrəli orta məktəbdə bu mövzuda növbəti mühazirə təşkil etmişdir. Muzeyin baş elmi işçisi Vüsal Cəfərov mühazirə ilə çıxış etmişdir.  

Mühazirənin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir.

Mühazirədə şagirdlərə Azərbaycan bayrağının  günümüzə qədər  keçdiyi tarixi yol, Azərbaycanın dövlət atributları haqqında  məlumat verilib, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanıb. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirib, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşüblər.

Qeyd edək ki, 2017-ci ilin oktyabr-dekabr aylarında paytaxtın 19 ümumi təhsil müəssisəsində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələrin keçirilməsi nəzərdə tutulur. 

Ümumilikdə, son 4 il ərzində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 150-dən çox ümumi təhsil məktəbində “Dövlət bayrağının tarixi” mövzusunda səyyar mühazirələr təşkil olunub.