07-12-2017

Bayrağın tarixi

Hər bir Azərbaycan vətəndaşı ölkəmizin tarixini bilməli, dövlət rəmzlərini qorumalı, onlara hörmət etməlidir. Çünki Vətənə sevgi onun tarixindən, rəmzlərindən başlayır. Bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olmalıdır. Bayraq xalqın  müstəqilliyini ifadə edən müqəddəs rəmzdir. Hər bir xalqın qüdrətini bildirən, fərqləndirici nişan sayılan “Bayraq”  ümumtürk mənşəli sözdür və tarixi çox qədimdir. Tədqiqatçıların fikrincə, bu söz Batır- (“batırmaq”, “sancmaq”) felindən törəmişdir.

Bayraqların bəşər tarixində ilkin formaları   taxta və ya metal sapa bərkidilmiş heyvan sümükləri, lələkləri, dərilərindən ibarət olmuşdur. Bu cür bayraqlar veksilloid adlanırdı. Onların üzərinə ağac və metaldan emblem qoyulurdu. Bu bayraqlar qəbilə birləşmələrinin başçılarının simvolu rolunu oynayırdı. Onlar müasir bayraqlar kimi eyni məqsədə xidmət edir, lakin görünüşü fərqlənirdi. Bayraq qədim dövrlərdən hərbi əhəmiyyət daşımış, döyüş zamanı döyüşçülərin toplanmaq və birləşmək yerini işarə etməklə yanaşı, qoşun komandanının mövqeyini göstərmişdir.

Dünya tarixində ilk bayraqlar (veksilloidlər) Qədim Misirdə meydana gəlmişdir.  Buna misal olaraq, təxminən e.ə. 3200-cü ilə aid  daş relyef üzərində Misir fironu Narmerin qarşısında  dörd döyüşçünün Misir əyalətlərinin hərbi simvolları daşıdığını görmək olar. Beləliklə, Misirdə ilk sülalələr dövründən hökmdarı bayraqla (veksilloidlə) müşayət etmək ənənəsi mövcud idi.

 

Parçadan hazırlanmış ilk bayraq isə qədim Çində qaldırılıb. Belə ki, Çində Çjou sülaləsinin əsasını qoyan imperator  Çjou e.ə XII əsrdə qoşunun önündə onun saraya gəlişini xəbər verən ağ bayrağın aparılması əmrini vermişdir.

Bu bayraqlar ipək parçadan hazırlanırdı. İpəkdən olan bayrağı əldə gəzdirmək digərlərindən daha rahat olmaqla yanaşı, həm də uzaq məsafədən daha yaxşı görünürdü. Çinlilər ipəkdən bayraq hazırlayarkən hələ bu Avropaya məlum deyildi. Bayraqların ipəkdən hazırlanması ənənəsi Çindən daha sonra Monqolustan, Hindistan, İran, Roma  və Avropaya, daha sonra isə bütün dünyaya yayıldı.

      Qərbi Avropada, Qədim Roma İmperiyasında da bayraqların ilkin formaları mövcud idi. Qədim Romada hərbi hissələrin fərqləndirici nişanları var idi. Romada bu cür bayraqlar “manipulus” adlanırdı. Manipulus əvvəllər nizənin ucuna saman bərkidilmiş formada idi. Bu bayraq döyüşçülərin toplanış yerini göstərməklə yanaşı, həm də əlaqə vasitəsi idi. Roma İmperiyasında daha sonralar isə, bayraqların üzərinə müxtəlif heyvan fiqurları bərkidilməyə başlandı. Bu fiqurlar arasında qartal xüsusi yer tuturdu. Qartal sonralar İmperiyanın simvoluna da çevrildi.

       Roma İmperiyasında hərbi süvari qoşunlarına verilən bayraqlar isə “veksillum” adlanırdı. Veksillum Qərbi Avropada müasir bayraqlara bənzəyən ilk bayraq sayılırdı. Bu bayraqların parça hissəsi tünd qırmızı rəngdə dördkünc formada idi və dirəyin yuxarı hissəsindən üzü aşağı vertikal şəkildə bərkidilirdi. Qeyd etmək lazımdır ki, veksillum sözündən XX əsrin ortalarında “veksillologiya” (bayraqları öyrənən elm) termini yaranmışdır.

       Avropalılar döyüş zamanı ağac sapa birləşdirilmiş parça ilə olan bayraqdan istifadə edərək hücuma keçmək ənənəsini ərəblərdən mənimsəmişlər.

         Avropa ölkələrində parçadan hazırlanmış, ənənəvi formalı bayraqların geniş şəkildə istifadəsi “xaç yürüşləri” (1095-1272-ci illər) zamanına təsadüf edir. O zamanlar bayraqların üzərindəki işarələr dövlətə deyil, cəngavərlərə aid idi. Yalnız 1188-ci ildə, üçüncü yürüşə hazırlıq zamanı fransız kralı II Filip, ingilis kralı II Henri, və Flandriya qrafı Filip öz qoşunları üçün fərqləndirici nişanlar tərtib etməyə başladılar. Cəngavərlər bu yürüşlərdən qayıdan sonra qala və qəsrlərin üzərində bayraqlar ucaldıldı. Avropa ölkələrində bu yürüşlərdən sonra parça bayraqlar hamı tərəfindən qəbul edilməyə başlandı. Qeyd etmək lazımdır ki, rəsmi olaraq təsdiqlənmiş ilk Dövlət bayrağı Danimarka Respublikasına aiddir. Bu bayraq 1219-cu il 15 iyun tarixində təsdiq edilmişdir.

      İndiki dövrə qədər gəlib çatmış, parçadan olan ən qədim bayraq isə Əhəməni İmperiyasının hökmdarı II Böyük  Kirin bayrağıdır. Üzərində qartal olan, e.ə VI əsrə aid bu bayraq Persopolisdə (indiki İran ərazisi) qazıntılar zamanı aşkar edilmişdir.

       Azərbaycan da dünyanın qədim yaşayış məskənlərindən biridir. Dövlətimizin əsas rəmzi sayılan bayrağımızın tarixi dərin köklərə malikdir. Azərbaycanda bayraqların meydana gəlməsi bizim eradan əvvəlki əsrlərə aiddir.  Təxminən beş min ilə qədər dövlətçilik tarixinə malik Azərbaycanda arxeoloji tapıntılara əsasən bayrağın ilkin formalarından hələ tunc dövründə (e.ə. IV-II minilliklər) istifadə edilməsi məlumdur. Şəmkir və Şəki rayonlarında tapılmış buynuzlu maral, üzərində səkkizguşəli ulduz, şüalanan günəş və müxtəlif həndəsi naxışlar olan bu bayraq nümunələri qəbilə başçısı və ya hökmdarların hakimiyyət rəmzi kimi çıxış edirdi. Azərbaycanda aşkar edilmiş bu növ bayraqların əksəriyyəti  taxta sapa taxılmış buynuzlu heyvan təsvirləri olmuşdur. Manna qalalarını təsvir edən e.ə. VIII-VII əsr Assuriya divar rəsmlərində də bunlara rast gəlmək olar.  

      Tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində güclü dövlətlər mövcud olmuşdur. Bunların sırasında Azərbaycanın Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər  kimi güclü dövlətləri tariximizdə misilsiz izlər qoymuşdur. Bu dövlətlərin hər birinin müstəqillik rəmzi olan bayraqları var idi.

Beləliklə, uzun bir təkamül yolu keçən bayraq tədricən xalqların birliyinin, məxsus olduğu dövlətin müqəddəs rəmzinə çevrildi.

                                                                                                            Dövlət Bayrağı Muzeyi