14-12-2017

Gerbin yaranma tarixi

Hələ qədim zamanlardan gerblərə bənzər nişanlar mövcud olsa da, onlar tam olaraq gerb sayılmırdı. Gerblər hər bir ölkənin, dövlətin, şəhərin, nəslin,  cəngavərin fərqləndirici nişanı rolunu oynayırdı, eləcə də özünəməxsus milli adət-ənənələri, dini və mifik görüşləri, həmçinin tarixi və mədəni baxışları əks etdirirdi.

Qədim zamanlarda qəbilə nişanları  totem adlanırdı. Totem sözü Şimali Amerika hinduları dilindən götürülmüşdür. Totemlər gerblərin ilkin formalarına ən yaxını hesab edilir. Bunlar əsasən heyvan, quş, bitki, silah olurdu. Bu totemlər həmin qəbilələrin simvolları rolunu oynayırdı.

Gerblərin ilkin nümunələri hələ qədim zamanlarda silahlar, hərbi əsləhələr və şəxsi əşyaların üzərinə vurulurdu. Antik müəlliflərin əsərlərində bu işarələrdən istifadə edildiyi haqqda məlumatlara rast gəlinir. Buna misal olaraq Makedoniyalı İsgəndərin əsləhəsində dəniz atı, Axillesdə isə qartalı götərmək olar.

Gerblər ilk olaraq emblem formasında idi. Qədim şumer şəhərlərinin emblemi şir başlı qartal, Misirin emblemi ilan, Romada isə qartal idi. Yunan şəhərləri olan Afinada bu emblem bayquş, Korinfdə qanadlı at, Rodosda qızıl gül, Samosda tovuzquşu idi. Vizanti şəhərindəki ikibaşlı qartal emblemini daha sonra ruslar da mənimsəmişlər. Homerin İlliada və Odisseya əsərində isə qəhrəmanların  şəxsi emblemlərindən söz açılır.

Bir çox müsəlman ölkələrində isə din canlıları təsvir etməyi qadağan etdiyinə görə emblemlər müxtəlif naxışlarla bəzədilirdi.

Gerb sözü alman dilindən tərcümədə ( Erbe) irs mənasına gəlir. İndiki formaya bənzəyən ilk gerblər  XII əsrdə Qərbi Avropada, İngiltərə və Fransada meydana gəlmişdir. İlk dəfə olaraq rəsmi təsdiqlənmiş gerb 1127-ci ilə aid olmaqla Anju qrafı Joffreyə mənsub olub. Gerblər “xaç yürüşləri” zamanı cəngavərlərin əsas simvollardan birinə çevrilmişdi. İlk vaxtlar cəngavərlər gerblərin üzərində olan təsvirləri heç bir şeyə əsaslanmadan seçirdilər. Sonralar isə gerblər irslə ötürülməyə başlandı. Orta əsrlərdə keçirilən cəngavər turnirlərində gerblər mühüm rola malik idi. Bu turnirlərdə hər bir cəngavər öz şəxsi gerbi ilə təmsil olunurdu. Gerbləri tədqiq edən elm heraldika adlanır. Heraldika latın dilindəki “herolde” sözündən yaranmışdır.

Türk xalqlarında isə qədim dövrlərdən hər bir türk boyunun öz damğası və simvolu var idi. Bunu o dövrdən miras qalan maddi-mədəniyyət nümunələri sübut edir.

Azərbaycanın Dövlət bayrağı ilə yanaşı digər dövlət rəmzi sayılan gerb xüsusi əhəmiyyətə malikdir. Dövlət gerbi hər  bir dövlətin müstəqilliyinin rəmzidir. Onun təsviri dövlətin möhürlərində, pul nişanlarında, blank və digər rəsmi sənədlərində verilir.

Azərbaycanda şəhərlərin ilk gerbləri XIX əsrə aiddir. Bakı, Gəncə, Lənkəran,Naxçıvan, Quba, Şamaxı, Zaqatala,Şuşa, Şəki şəhərlərinin gerbləri var idi. Hər bir gerbdə şəhəri xarakterizə edən elementlər öz əksini tapmışdı.

Azərbaycanın Dövlət gerbinin qəbul edilməsi barədə məsələ hələ XX əsrin əvvəllərində qaldırılmışdı.  Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmişdi. Müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-nə qədər qəbul ediləcəyi planlaşdırılmışdı. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində gerb qəbul edilməmişdi. Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olduğu müddətdə Dövlət gerbləri mövcud idi. Azərbaycan Sovet Sosialist Respublikasının  ən axırıncı gerbi 1978-ci ildə qəbul edilmiş və Sovet İttifaqının süqutunadək Dövlət gerbi statusu daşımışdı.

Bundan sonra  Azərbaycanın Dövlət gerbinin qəbul edilməsi haqqında məsələ bir daha 1990-cı ildə müzakirəyə çıxarıldı. Həmin ilin noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə etdi.

Beləliklə, 1991-ci il fevralın 5-də müsabiqə elan olundu. Dövlət gerbinin onlarla layihəsi təqdim olunsa da, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdi. 1993-cu il yanvarın 19-da bu təkliflərdən biri müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edilmişdi.

 

Dövlət gerbimizdəki palıd budaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu, məhsuldarlığı ifadə edir. Dövlət gerbimizdə onların qoşa verilməsi (hərəsindən iki ədəd) həyatın daimiliyi, davamlılığı, sonsuzluğunu bildirir.

Dövlət gerbimizdəki qalxanın üzərində isə bayrağımızın rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov şəklində Allah sözü həkk edilib. Günəş simvolunun ağ rənglə verilməsi isə «əmin-amanlıq, sülhsevərlik, barış» mənasına gəlir. Dövlət gerbinin şərq qalxanı üzərində təsvir edilməsi isə Azərbaycanın Şərq dövləti olduğunu göstərir. Qərb qalxanlarından fərqli olaraq şərq qalxanı dairəvi formadadır. Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur.

Beləliklə, Azərbaycanın müstəqilliyini təcəssüüm etdirən dövlət rəmzlərindən biri olan gerb xalqımızın həyatında mühüm rola malikdir.