19-12-2017

Himnin yaranma tarixi

Dövlət bayrağı və gerbi ilə yanaşı digər dövlət rəmzimiz himndir. Himn  mühüm təbliğat vasitəsidir. Himn əsasən bayram şənlikləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda oxunur.   Dövlət himni müstəqilliyin və birliyin müqəddəs rəmzidir. Dövlət himninə dərin ehtiram bəsləmək hər bir vətəndaşın vətənpərvərlik borcudur. Dövlət himni səslənərkən hər bir kəs himni ayaq üstə dinləməli və ya oxumalıdır .

"Himn" ("humnos")  sözü yunan mənşəlidir. Qədim köklərə malik himnlər bayraq və gerblərdən daha əvvəl yaranmışdır. İlk vaxtlar qədim Yunanıstanda allahları və qəhrəmanları mədh edən təntənəli nəğmələri bildirirdi.

Qədim himnlər (şumer, akkad, misir, yunan, roma, hind, yəhudi və s.) sitayiş xarakteri daşıyırdı. Şumer ədəbiyyatında himnin xüsusi mövqeyi olmuşdu. Burada ilk himnlər erkən sülalələr dövrünə təsadüf edir. Şübhəsiz ki, himnlər allahlara kollektiv olaraq sitayiş və müraciət formalarından biri idi. Şumer ədəbiyyatında bizə məlum olan himnlərin əksəriyyəti Nippur şəhərinin himayədarı Enlilə aiddir. Bundan başqa, çar və məbədlərə də himnlər bəslənmişdir. Şumer dövlətində bütün çarlar ilahiləşdirilmədiyinə görə, yalnız bu statusa malik çarlara himnlər həsr edilirdi.

Bir qayda olaraq allahların şərəfinə oxunan, mədh tərifləmə xüsusiyyəti daşıyan himnlər adətən bayram ziyarətləri zamanı mahnı kimi ifa olunurdu. Allahların əməlləri sadalanır, adları çəkilir və onlardan kömək istənilirdi.

Hesab edirlər ki, ən qədim himnlərdən biri e.ə. XXIII əsrdə Akkad çarı Sarqonun qızı, şairə En-Hedu-Anna tərəfindən yazılıb. O, bu himndə ay tanrısı Nanna və onun qızı ilahə İnanna haqqında yazıb.

Qədim Misirdə firon Amenxotepin günəş allahına yazdığı himn də bizə gəlib çatmışdır. Burada günəş allahının qüdrəti təsvir olunub. Misirlilər Nil çayını da müqəddəs hesab etdiklərinə görə bu çaya da himnlər yazmışdılar. Onlar Nil çayını canlı varlıq və allah hesab edirdilər.

Zərdüştlüyün kitabı sayılan Avestanın “Yaşt” bölməsində də himnlərə yer ayrılmışdı. Bu himnlər də dini xarakter daşımışdır.

Qədim mədəniyyətə və tarixə məxsus Hindistanda da himnlər mövcud idi. Qədim hindlilərin yaratdığı ilk əsərlərdən biri vedlər hesab olunur. Ved sözü sanskrit dilindən tərcümədə bilik mənasını verir. Vedlər dörd qrupa bölünür və birinci qrupa himnlər (riqveda) daxildir. Riq sanskrit dilində himn deməkdir və bu himnlər təxminən e.ə 1500-cü illərə aid edilir. Bu himnlər əsasən çoxsaylı allahların şərəfinə oxunmuşdur. Burada ildırım, günəş, səma, od,ölüm allahlarına himnlər həsr edilib.

1950-ci illərdə indiki Suriya ərazisində Uqarit şəhərində aşkar edilmiş kitabədə 3400 il bundan əvvələ aid himn tapılmışdır. Bu himn ay allahının  yoldaşı Nikalanın şərəfinə yazılmışdı.

Qədim Misir və Mesopotomiyada himnlər dua xarakteri daşıyırdı.  Poetik və musiqi ilə müşayət edilən himnlər ilk olaraq yunanlara məxsusdur. Burada himnlər xorla oxunur və rəqslə müşayət edilirdi. Yunanıstanda Apollon, Dionis, Zevs və başqa allahlara həsr edilən himnləri nümunə olaraq göstərmək olar.

Avropada, xristian kilsələrində himnlərin oxunması bizim eranın III-IV əsrlərinə aiddir. Bu müqəddəs kitab olan İncilin mətnlərinin ifası formasındaydı. Xristian himnləri İsa Peyğəmbər və digər müqəddəslərin mədhinə həsr edilmişdi.

 Uzun müddət himn Avropa ölkələrində dini nəğmə və mahnıları bildirmək üçün işlədilirdi. İndiki dövrdə isə milli müstəqillik və milli birlik rəmzi funksiyasını daşıyır.

Müasir Avropada yazılmış ilk milli himnlərdən biri Hollandiya Respublikasına aiddir. XVI əsrdə hollandlar ispan ağalığına qarşı mübarizə aparırdılar. O zaman ispan ağalığına qarşı mübarizə aparan qraf Oranlı Vilhelmə mahnı həsr edilmişdi. Bu mahnı sonradan Hollandiyanın himninə çevrildi.

Avropa ilk olaraq geniş yayılmış milli himn ingilislərə aiddir. “İlahi, kralı qoru” adlı himnin müəllifi Henri Keri idi. O musiqi müəllimi idi. Bu himn ilk dəfə olaraq 1774-cü ildə müəllifi göstərilmədən dərc edilmişdi. Bu himnin təsiri altında digər  Avropa ölkələrində də himnlər yazılmağa başlandı. İlk vaxtlar təxminən 20-ə yaxın ölkə öz himnlərini ingilislərin himninin musiqisi əsasında ifa edirdilər. Daha sonra isə himnlər üçün musiqilər bəslənməyə başlandı.

Azərbaycanın Dövlət himninin tarixinə gəldikdə, 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) milli himnin hazırlanması haqqında qərar qəbul etdi.  Bu məqsədlə  müsabiqə elan edildi. Lakin,  1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

Azərbaycan Respublikasının ilk himni sovet dövrünə təsadüf edir. 1945-ci ildə qəbul edilən Azərbaycan SSR-in Dövlət himninin müəllifi Üzeyir Hacıbəyov olmuşdur. Himnin sözləri isə Səməd Vurğun və Süleyman Rüstəmə məxsus idi. 1978-ci ildə himnə dəyişikliklər edilmişdi.

Müstəqil Azərbaycanın milli himninin qəbulu müstəqillik illərinə təsadüf etdi. 1992-ci il mayın 27-də Dövlət himni qəbul edildi. Bu himn hələ 1919-cu ildə yazılmışdı. Bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş  bu əsər "Azərbaycan marşı"  adlanırdı.