27-12-2017

Orta əsrlər Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan dünyanın qədim dövlətçilik ənənələrinə malik ərazilərindən sayılır. Beş min illik dövlətçilik tarixi olan xalqımız müxtəlif dövrlərdə güclü dövlətlərə sahib olmuşdur. Həmin dövlətlərin hər birinin müstəqillik rəmzləri var idi və onların sırasında bayraqlar əhəmiyyətinə görə seçilirdi. Bu dövrdə tarixi Azərbaycan ərazisində mövcud olmuş Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətlərinin bayraqları haqqında mənbələrdə məlumatlar yer alıb.

1410-1468-ci illərdə mövcud olan Qaraqoyunlu dövlətində döyüşlər zamanı bayrağa xüsusi önəm verirdilər. Onlar bayrağı güc və qələbə rəmzi hesab edirdilər. Döyüşə gedərkən rəngli bayraqlarla hücuma keçirdilər. Bu cür bayraqlar uzaqdan daha yaxşı görsənməklə yanaşı, həm də başçının mövqeyini göstərirdi.

Qaraqoyunlu dövlətinə aid bayrağın təsviri Türkiyənin Topqapı Sarayındakı xəzinə kitabxanasında saxlanılan xəritədə verilmişdir. Bu bayraq sarı fonun ortasında qırmızı dördkünc formada təsvir edilmişdir.  Tarixi mənbələrdə bu bayrağın təsviri ilə bağlı hər hansı bir açıqlama yoxdur. Lakin güman etmək olar ki, belə təsvir Qaraqoyunluların döyüşkənliyi ilə əlaqədardır. Qırmızı rəng bayraqşünaslıqda igidliyi, mərdliyi, şücaəti, sarı rəng isə zənginlik, ədalətlilik, səxavəti bildirir.

Qaraqoyunlular dövlətindən sonra hakimiyyətə gələn Ağqoyunlu dövlətinin (1468-1501) bayraqları haqqında da məlumat vardır. İstanbulun Topqapı Muzeyində aşkar edilmiş, Ağqoyunlu dövlətinin əsasını qoyan Uzun Həsənin  bayrağı ağac sapa taxılmış ağ parçadan ibarətdir. Uzunsov üçbucaqlı ağ parça üzərində qızılı hərflər ilə “Sultan Həsən Bahadur” sözləri yazılmış, mərkəzdə Uzun Həsənin tuğrasının təsviri, kənarlarında isə Qurandan ayələr verilmişdir.

XVI əsrin əvvəllərində Azərbaycanın dövlətçilik tarixinində müstəsna rola malik olan Səfəvilər dövləti (1501-1736) meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə də qəbul olunmuş bayraqlar mahiyyətinə görə seçilirdi.

 Səfəvilər dövlətinin  bayraqları və dövlətçilik tarixinin öyrənilməsində XVI əsr Təbriz miniatürləri  bir mənbə kimi böyük əhəmiyyətə malikdir. Bu miniatürlərdə Şah İsmayıl Xətainin dövrünə aid bayraqlar və bayraq ucluqları təsvir edilmişdir. Belə üçkünc formada olan bayraqların birinin üzərində  “Ey Allahın vəlisi Əli” yazılmışdır.

Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin dövründə istifadə olunan bayraqlar haqqında bir sıra mənbələrə rast gəlmək olar. Tarixi bir mənbədə qeyd edilir ki, onun bayrağı çox iri olub, ağ rəngli parçadan hazırlanmışdır. Bayrağın üzərində Quran-i Kərim”dən ayə yazılıb. (“Allahdan kömək və yaxın bir zəfər vardır”)

Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövlətində aypara və ulduzlu bayraqlardan istifadə edilirdi. Tarixçilər Şah İsmayıl Xətainin Bağdada özünün   ay - ulduzlu bayraqları altında yaxınlaşdığını yazırlar.

Bəzi səyyahlar Səfəvilər dövründə üzərində Quran ayələri və şiə məshəbinə aid bəzi yazılar olan ensiz bayraqlardan söz açırlar. Bu bayraqlarda Həzrəti Əlinin ikibaşlı zülfüqar qılıncının olduğu da qeyd edilir.

Səfəvilər dövlətinin bayrağında  İslam dininin rəmzi olan yaşıl rəng üstünlük təşkil etmişdir. Səfəvilərin dövlət bayraqları dördkünc formalı yaşıl, ipək parçadan hazırlanmışdır. Bayrağın üzərində aslan və günəş təsvirləri verilmişdir. Bu təsvirlər dövlətin türk milli ənənələrinə və qədim tarixə söykəndiyini göstərir. Aslan – güc, qüvvət, igidlik, günəş isə var-dövlət, bolluq rəmzi olmuşdur.

Beləliklə, Orta əsrlərdə də Azərbaycanda müstəqillik rəmzi sayılan bayraqdan geniş istifadə edilmişdir. Bu ənənə sonralar da davam  etdirilmiş və xalqımızın əvəzedilməz müstəqillik rəmzinə çevrilmişdir.