04-01-2018

Dənizkənarı Milli Parkda “Qış nağılı” festivalı keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 30-dan yanvarın 3-dək  Dənizkənarı Milli Parkda paytaxtımızın sakinləri və qonaqları olan uşaqlar üçün “Qış nağılı” festivalı baş tutub. Festival Bakı Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilib. 

Festival çərçivəsində Balaca və Karlsonun, Maşa və Ayının sərgüzəştləri balacalara sevinc dolu anlar bəxş edib, Şaxta baba və Qar qız uşaqlarla rəqs edib, ölkənin ən yaxşı animatorları Karib dənizinin quldurları kostyumlarında əyləncəli oyunlar keçiriblər. Moskva teatrının “Maşa və Ayı”, “Balaca və Karlson” tamaşaları uşaqları sanki Yeni il nağılına aparıb. Şəhərin ən yaxşı artistləri uşaqlarla birlikdə Yeni il bayramını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançada qeyd ediblər. Bayram günlərində müxtəlif uşaq kollektivləri, rəqs ansamblları, teatr tamaşaları nümayiş olunub, əyləncəli viktorinalar keçirilib.