09-01-2018

Azərbaycan xanlıqlarının bayraqları

   XVIII əsrdə Azərbaycan yarımmüstəqil dövlətlərə - xanlıqlara parçalanmışdı. Hər bir xanlıq özünü ayrı-ayrılıqda müstəqil elan etmiş, hər birinin dövlət rəmzləri, pul nümunələri, möhürləri, və s. mövcud olmuşdur. Azərbaycan xanlıqlarının bayraqları XVI-XVIII əsrlərə aid gözəl şərq parçalarından tikilmişdir. Onlar müxtəlif naxış və yazılarla bəzədilmiş, üçkünc, dördkünc, beşkünc və düzbucaq formalarda olmuşlar. Bu bayraqların üzərindəki naxışlar təbii boyalarla çəkilmişdir. Bayraqlara müxtəlif rəngli ipək, eləcə də qızılı və gümüşü saplardan zər saçaqlar salınmışdır.

Xanlıqların bayraqları üzərində Qurandan ayələr, kəlamlar öz əksini tapmışdır. Burada “Allahdan kömək və yaxın qələbə”, “Mərhəmətli Allahın adı ilə”, “Məhəmməd Allahın elçisidir”, “Məhəmməd, möminləri müjdələ” kimi ifadələr tez–tez təkrarlanır.

Onu da qeyd etmək lazımdır ki, xanlıqların Çar  Rusiyası  tərəfindən işğalından sonra bir çox  dövlət atributları, o cümlədən bayraqları qənimət kimi aparılaraq, sonradan Gürcüstan və Rusiya muzeylərinə daşındı. Bu bayraqlar 1924-cü ildə Tiflisdə yerləşən Qafqaz Hərb  Tarixi Muzeyindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir.

Bu bayraqlar sırasında Bakı, Gəncə, İrəvan, Şəki xanlıqlarının bayraqlarını göstərmək olar.

Bakı xanlığının moruğu rəngli bayrağının  parçasına qızılı, gümüşü və moruğu saplarla naxışlar salınmışdır. Bayrağın üzərində ərəb dilində “Ya Məhəmməd, möminləri müjdələ” və “Allahdan kömək və yaxın qələbə”, eləcə də “Allah kömək edəndir və Allah qoruyandır” ifadələri yazılmışdır.

Dördkünc formada olan Gəncə xanlığının bayrağı iki yaşıl və bir moruğu rəngli şaquli zolaqdan ibarət idi. Zolaqlar üzərində qızılı və al-qırmızı rəngdə yazılar yazılmış və naxışlar verilmişdir. Bayrağın üzərindəki “Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir” ifadəsi beş dəfə təkrarlanmışdır.

Gəncə xanlığının digər bir bayrağı dördkünc formada ipək parçadan hazırlanmışdır. Parça üç üfüqi zolaqdan ibarətdir: üst və alt zolaqlar – çəhrayı, mərkəzi zolaq – qızılı-sarı rəngdədir. Mərkəzdə qəhvəyi rəngli kətandan kəsilmiş üç balıq tikilmişdir. Balıqlar bolluq-bərəkət, müdriklik, ayıqlıq rəmzi olmuşdur.

 Dördkünc formada olan, zoğalı rəngli ipək parçadan ibarət İrəvan xanlığının bayrağına aslan və günəş təsvirləri tikilmişdir. Bayraqda aslan pəncəsində qılınc tutmuş şəkildə təqdim edilmişdir. Aslanın arxasında doğan sarı Günəş və onun qızılı şüaları görünür. Aslan və günəş eyni zamanda güc, qüdrət rəmzi olmuşdur.Bayraq üzərində "Mərhəmətli, rəhmli Allahın adı ilə", "Kömək Allahdandır və yaxın qələbə"  kimi Quran ayələri də yazılmışdır.         

Azərbaycan xanlıqlarına məxsus ən böyük bayraq olan Şəki xanlığının  bayrağı beşbucaq formalı idi. Moruğu rəngli orta hissəsi sarı ipək saplarla işlənmişdir. Bayrağın mərkəzi hissəsində altıguşə və səkkizguşəli ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvari və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir.

Xanlıqlar dövründə dövlət bayraqları ilə yanaşı Azərbaycan xanlarının hakimiyyət rəmzi sayılan şəxsi bayraqları da var idi. Bunlara misal olaraq bu vaxta qədər gəlib çıxan İrəvan xanı Hüseynqulu xanın, Şəki xanı Səlim xanın və digərlərin bayraqlarını göstərmək olar.

İrəvan xanı Hüseynqulu xanın düzbucaqlı üçbucaq formasında olan bayrağı tünd qırmızı parçadan tikilmişdir. Bayrağın yuxarı enli hissəsində şir və günəş təsvirləri var və ərəb dilində “Mən (şəriət) qanuna uyğun hərəkət edirəm” yazılmışdır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir.

Şəki xanı Səlim xanın bayrağı düzbucaqlı üçbucaq formasında olmuş, bayrağın üz və astar tərəfləri müxtəlif növ parçalardan tikilmişdir. Parçanın üz hissəsi ağ rəngdə olan ipəkdən hazırlanmışdır.  Bu bayraq digər xanların bayraqlarından fərqli olaraq daha qədim tarixə malik olmuşdur. Belə ki, bayraq  1606-cı ildə hindistanlı Hacı Hüseyn tərəfindən hazırlanmış, Nadir şahın Hindistan yürüşündə əldə etdiyi qənimətlərdən biri olmuşdur. Bayraq Hindistanda hazırlandığı üçün üzərində sanskrit (hind) yazıları var idi. Daha sonra  bu yazılar pozulmuş və yerinə Nadir şahın adını xatırladan ərəb və fars dillərində yazılar əlavə edilmişdir. Bayrağı 1746-ci il Şəki xanlığı ilə sülh danışıqları gedişində Nadir şah Hacı Çələbi xana bağışlamışdır. Sonralar Şəki xanı Səlim xan bu bayrağı öz hakimiyyət rəmzi olan bayraq kimi təsdiqləmişdir.

Bayraqda Quran ayələrindən ayrı-ayrı sözlər də yazılmışdır: Həmçinin yazıların birində “Böyük sultan, ən böyük xaqan, insan başlarının ağası Nadir şah, Allah onun hakimiyyətini əbədi etsin, 1151-ci il” (1742-1743) ifadələri yazılmışdır. 

Beləliklə, dövlətçiliyimizin əsas atributlarından sayılan bayraqlardan XVIII əsr Azərbaycan xanlıqları dövründə də geniş istifadə olunmuşdur. Azərbaycan xanlıqlarına aid bu bayraqlar dövlətçilik tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.