17-01-2018

Heydər Əliyev və Azərbaycan bayrağı

Milli dövlətçiliyimizin memarı Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Ümummilli lider Heydər Əliyev hər zaman müstəqil Azərbaycan dövlətinə xidmət etmişdir. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri dövlət rəmzlərinin bərpası istiqamətində gördüyü işlərdir.

       Azərbaycanın müstəqilliyini təcəssüm etdirən Dövlət bayrağının qəbulu Ulu öndərin adı ilə bağlıdır.

       Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasına rəhbərlik edən Ulu öndərin təşəbbüsü ilə üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edilmişdi. Onun tarixi xidməti sayəsində 1991-ci il fevral ayının 5-də isə üçrəngli bayraq bütün Azərbaycanın Dövlət bayrağı kimi qəbul edildi.

      Üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik dövrü tariximizin ən şanlı hadisələrindən biridir. Bu əlamətdar hadisə müstəqilliyə gedən yolumuzun başlanğıcı hesab edilir.

      Ulu öndər dövlət rəmzlərini, xüsusən, Dövlət bayrağını həmişə diqqət mərkəzində saxlamışdır. O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu.

      Dövlət rəmzlərinə göstərilən  qayğı qanunvericilik səviyyəsində də öz əksini tapmışdır. 1995-ci il 12 noyabrda Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş  Azərbaycan Respublikası Konstitusiyasının 23 və 75-ci maddələrində Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himninə xüsusi yer ayrılmışdır. Konstitusiyada hər bir vətəndaşın Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və himninə hörmətlə yanaşmasının vacibliyi vurğulanır.

       Heydər Əliyev tərəfindən sonralar da dövlət rəmzlərinin təbliği istiqamətində işlər davam etdirilmişdir. 1998-ci il 13 mart tarixində Ulu öndər tərəfindən imzalanan “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam dövlət rəmzlərimizin, xüsusilə,  bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu sərəncamın əsasında dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənclər arasında təbliği genişlənmiş, gənc nəsildə azərbaycançılıq, dövlətçilik, müstəqillik  hissləri güclənmişdir.

         Heydər Əliyev xalq qarşısında çıxışları zamanı müstəqillik rəmzimizdən qürurla danışırdı. “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir… Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa dövlətə olan məhəbbətə bərabər olsun”.

       Bu gün də dövlət rəmzlərimizə olan ali münasibət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulmuş müstəqil Azərbaycanın inkişafı indi ölkə başçısının sayəsində özünün yeni mərhələsinə daxil olub.