23-01-2018

Konstitusiyanın tarixi

Konstitusiya hər bir müstəqil dövlətin ali qanunudur. Bu ali qanun xalqın hüquq və azadlıqlarını təmin edir.

Konstitusiya latın dilindəki «constitucio» sözündəndir. Bu sözün mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Bu ifadənin tarixi kökü qədim zamanlarla bağlıdır. Hələ antik dövrün mütəfəkkirləri “konstitusiya” terminindən istifadə edirdilər. Roma imperatorlarının verdikləri qərar və sərəncamları məhz konstitusiya adlanırdı.

        Orta əsrlər və Yeni dövr antik dünyadan çox şey mənsimsəyib. İlk konstitusiyaların yaranma tarixinə nəzər saldıqda qədim Roma və Yunan qanunvericiliyini  yada salmaq lazımdır. Bu qanunvericilik aktları vətəndaşlarla dövlət arasında münasibətləri tənzimləyirdi.

Müasir konstitusiyaların ilkin forması “qanunlar toplusu” adlanmışdır.Tarixə məlum olan ilk qanunlar toplusu isə qədim şumer xalqı tərəfindən dörd min il bundan əvvəl yaradılmışdır.  Şəhər əhalisinin hüquqlarını tənzimləyən bu sənəd e.ə. 2300-cü ildə şumer hökmdarı tərəfindən hazırlanmışdı. Lakin bizim dövrümüzə gəlib çatan ilk qədim konstitusiya Ur şəhərinə məxsusdur. Bu konstitusiya e.ə. 2050-ci ilə aiddir.

 Eyni zamanda tarixdə “Hammurapi qanunları” (e.ə 1755-1752-ci illər) kimi qalmış, Babil hökmdarı Hammurapinin qanunlar toplusu ilk müasir konstitusiyaların nümunələrindən hesab olunur. Bu qanunlar toplusu 282 maddədən ibarət olmuşdur. Hammurapi qanunları özünəməxsusluğu və sərtliyi ilə se­­çilir. Hammurapi qanunları bu gün bütövlükdə hüquqi cə­hət­­­dən əhəmiyyətli olmasa da, ibrətamiz mövqeyini qo­ru­yub saxlayır.

Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı qərar və fərmanlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan qərar və fərmanlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır.

Dünyada ilk yazılmamış (şifahi) konstitusiya Böyük Britaniyaya aiddir. Bu konstitusiya 1215-ci ildə  İngiltərədə qəbul olunub və “Azadlıqların Böyük Toplusu” (“Magna Carta”) adlanıb.

Dünyada ilk yazılı – müasir anlamda konstitusiyanın qəbulu 1787-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konstitusiyasının qəbulu ilə hesablanır. Ondan əvvəlki dövrdə də konstitusiyalar mövcud olsa da,  onlar müasir anlamda konstitusiya anlayışının ifadə etmirdi. ABŞ-ın konstitusiyasının maddələrində xeyli sayda dəyişiklik aparılsa da, hələ də qüvvədədir.

Avropada isə ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları hesab olunur.

 Azərbaycanda isə  Konstitusiyanın tarixi Xalq Cümhuriyyəti dövrünə təsadüf etmişdir. Bele ki, Azərbaycan Cümhuriyyətinin ilk hüquqi sənədi Konstitusiya aktı statusuna malik olan İstiqlal Bəyannaməsi idi. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin xalq cümhuriyyəti formasında yarandığı bəyan olunmuşdur. Sənəddə dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Bəyannamədə hakimiyyətin xalqa mənsub olması, vətəndaşların hüquqlarının təmin edilməsi, hər bir şəxs üçün şərait yaradılması nəzərdə tutulmuşdu.

Azərbaycan Sovet İttifaqının tərkibində olduğu müddətdə də respublikanın müxtəlif vaxtlarda konstitusiyaları qəbul edilmişdir. Bu 1921,1927,1937 və 1978-ci illərə təsadüf etmişdir.

18 oktyabr 1991-ci il tarixində «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»nın qəbul edildi. Bu akt yeni Konstitusiyanın hazırlanması üçün başlanğıc sayılır.

Yeni konstitusiyanın qəbul edilməsinin ilk təşəbbüskarı və müəllifi məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur.  Suveren və müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün ulu öndər Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradılmışdı.

Əgər sovet Azərbaycanının Konstitusiyaları ancaq o dövrün qanunverici orqanları tərəfindən qəbul edilirdisə, müstəqil Azərbaycanın ilk milli Konstitusiyası isə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan mühüm tarixi hadisədir. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunduğu gün – 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur.

Əsas Qanun sayılan Azərbaycan Respublikasının Konstitusiyası giriş, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarətdir. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixli referendumlarda Konstitusiyanın müəyyən maddələrinə əlavə və dəyişikliklər edilmişdir.