31-01-2018

Hakimiyyət rəmzi olan bayraqlar – ştandartlar

Veksillologiyada (bayraqları öyrənən elm) bayrağın xüsusi növlərindən biri olan, vəzifəli şəxslərin bayrağı sayılan ştandartlar əhəmiyyətinə görə seçilir. Ştandart (qədim fransız dilində estandart) sözü ilk dəfə yazılı mənbələrdə təxminən 1230-cu illərə təsadüf edir. Orta əsrlərdə Avropada ordunun bölmə və hissələrinin fərqləndirici bayraqlarına da ştandart deyilirdi. İlk vaxtlar ştandartlarda adətən təsviri şüarlar var idi. Daha sonralar isə bayraqlara müqəddəs sayılan şəxslərin təsvirləri də əlavə edildi. Bundan əlavə, ştandart həm də hakimiyyətin, dövlət rəhbərlərinin atributu sayılırdı.

Ştandartlar orta əsrlərdə müxtəlif heraldik təsvirlər ilə bəzədilirdi. Belə ki, hökmdarların ştandartlarında gerb tam olaraq təsvir edilmirdi. Gerbin müəyyən motivləri burada öz əksini tapırdı. Ştandartların asılması və qaldırılması ənənəsi orta əsrlərdə hökmdarların hakimiyyətini və qüdrətini vurğulamağa xidmət edirdi.

Qədim dövlətçilik tarixinə malik Azərbaycanda orta əsrlərdə mövcud olmuş dövlətlərin hökmdarlarının da şəxsi bayraqları-ştandartları var idi. Bunların sırasında Ağqoyunlu hökmdarı Uzun Həsənin, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin, Gəncə xanı Cavad xanın və digərlərinin ştandartlarını nümunə kimi göstrəmək olar.

Hazırda bir sıra dövlətlərin başçılarının qanunla müəyyən edilmiş qaydada ştandartları vardır.