12-02-2018

Aypara və ulduzun tarixi

Tarixi baxımdan Ay və Günəşi simvolizə edən aypara və ulduzun tarixi qədim köklərə malikdir. Mənbələrin əksəriyyəti göstərir ki, qədim astronomiya rəmzləri olan ay və günəş xalqların göy allahlarına sitayişi zamanı istifadə olunurdu. Aypara demək olar ki bütün ay allahlarının atributu sayılırdı. O, Şumerdə, Misirdə,  Hindistanda, Yunanıstanda, Bizansda yayılmışdır. Aypara və ulduz bəşəriyyətin ən qədim rəmzlərindən biri kimi qəbul edilir. Heraldikada ulduzlar onların bucaqlarının sayına və rənginə görə fərqlənir.

        Onu da qeyd etmək lazımdır ki, aypara və ulduzun bir yerdə olan ən qədim təsvirlərinə Şumer dövlətinə aid abidələrdə rast gəlinir və bu da onun əski inanc və mifoloji təsəvvürlərinin inikası kimi qəbul edilir. Şumerli astronomlar Günəş sisteminin quruluşu haqqında yaxşı məlumatlı idilər. Səmanın ulduz bürclərinə şumer adları verilmiş, sonradan isə het, yunan və ərəb dillərinə tərcümə olunmuşdu. Şumer kahinlərindən bir çox astronomik cədvəllər qalıb. Kahinlər planetlər, ay və günəşin bir çox hərəkət qanunlarını kəşf etmişdilər. Çar Melişipakın dövrünə aid olan (e.ə. XII əsr) sərhəd daşının üzərində şumer-akkad tanrılarının rəmzləri həkk edilmişdi. Burada daşın baş hissəsində həkk olunmuş aypara-ulduz rəmzi daha da çox diqqəti cəlb edir.

Aypara əvvəllər yunan şəhəri Vizantinin (sonra Konstantinopol, daha sonra isə İstanbul şəhəri) rəmzi sayılırdı. Rəvayətə görə Makedoniya kralı II Filip başçılıq etdiyi  ordu ilə e.ə. 340-cı ildə gecə hücuma keçdi, lakin parlaq ay işğalçıları ifşa etdi və hücum uğursuzluqla nəticələndi. Şəhər əhalisi ayın hamisi kimi ilahə Artemidanı hesab edirdilər. Onun şərəfinə üzərində aypara və ulduz rəmzləri əksi olan sikkələr də zərb etmişdilər. Aypara Konstantinopolun osmanlıların 1453-cü ildə  şəhəri ələ keçirənə qədər rəmzi idi.

      Hərbi işdə qoşunların aypara formasında qurulması üsulundan da istifadə edirdilər. Bu üsulu ilk dəfə tətbiq  edənlərdən biri böyük karfagen sərkərdəsi Hannibal olmuşdur. Kann döyüşü zamanı (e.ə. 216-cı il) karfagen qoşunu sayca özündən iki dəfə çox romalı yarımhalqaya salmışdılar. Romalıların 80 minlik ordusu tam mühasirəyə alınaraq tamamilə məhv edilmişdi. Tarixdə ilk dəfə olaraq kiçik ordu sayca daha çox qoşunu olan düşməni əhatə etməyi bacarmış və məhv etmişdi.

       Müsəlman dünyası çoxəsrlik tarixi ərzində çox sayda simvollar, adət və ənənələrə malik olmuşdur. X əsrdən aypara ilə kiçik beşguşəli ulduz bəzi müsəlman dövlətlərinin rəmzləri olaraq tətbiq edilməyə başlandı və tezliklə islam dünyasının həqiqi embleminə çevrildi. Səlib yürüşləri dövründə aypara xaça qarşı çıxan başlıca müsəlman simvolu kimi tanınırdı. Osmanlı imperiyasının qüdrətli dövründə aypara şöhrətinin ən yüksək həddinə çatmışdı. Əfsanəyə görə, Osman (Kiçik Asiya ərazisində kiçik əmirliyinin hökmdarı) 1299-cu ildə yuxuda dünyanın bir tərəfindən digər tərəfinə qədər uzanan aypara gördü. Hökmdar röyanı xoş əlamət qəbul edib öz sülaləsinin rəmzini aypara etdi. Onun xələfləri nəhəng Osmanlı imperiyası yaradıb müsəlman aləminin ən böyük hökmdarları kimi tarixə düşdülər. Sülalənin simvolu olan aypara isə tədricən bütün İslam aləminə yayılmağa başladı.  Heraldikada müasir müsəlman dövlətləri ənənəvi olaraq aypara təsvirini bir və ya bir neçə ulduzla bəzəyirlər.

       Lakin, qeyd edilməlidir ki, aypara və ulduz simvolları təkcə türk və müsəlmanlar tərəfindən deyil, həm də başqa millətlər və dinlərin nümayəndələri tərəfindən də istifadə edilmişdir. Yəni, bu simvol qədim Mesopotamiyadan bütün dünyaya yayılmışdır, lakin ondan orta əsrlərdə daha da çox türklər və müsəlmanlar istifadə etmişdirlər. 

       Aypara və ulduzun Türk xalqlarının həyatında mühüm yeri vardır. Aypara-ulduz rəmzi qədim türklərin İslamdan öncəki simvolu olmuşdur. Buna dəlil kimi, arxeoloji qazıntılar zamanı Orta Asiyada tapılmış və VI-VII əsrlərə aid Göytürk imreriyasının sikkələrini göstərmək olar. 

Türk xalqlarının tarixində bir sıra dövlətlər – Göytürklər, Qəznəvilər, Səlcuqlar ay və ulduz nişanlarından istifadə etmişlər. Bu sıraya Səfəviləri də aid etmək olar. Belə ki, Səfəvilər dövlətinin bayrağında ay və ulduzun əks olunmasını birbaşa həmin dövrün mənbəsi təsdiqləyir. “Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı  əsərdə Şah İsmayıl Xətainin ordusunun Bağdadı fəth etməsi belə təsvir edilmişdir: “Şah İsmayıl ay-ulduzlu bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdı. Sadə camaat Bağdad və başqa şəhərlərdən gəlib şadlıq içində qeyri-adi qələbələr və ilahi təyinatla bağlı hökmdarı qarşılayırdı. Onlar sevinc və bəxtiyarlıq içində idilər…”

Aypara və ulduz istər milli baxımdan, istərsə də mənəvi baxımdan Azərbaycan xalqının qədim ənənələrinin ifadəsi və rəmzidir. İslamaqədər və İslamdan sonrakı tariximizdə aypara və ulduz atributlarımızda yer almış və xalqımızın həyatında mühüm mövqe tutmuşdur.