28-03-2018

“Rənglərin bahar təravəti” sərgisinin qalibləri mükafatlandırılıblar

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə keçirilən “Rənglərin bahar təravəti” açıq hava sərgisinin qaliblərinin martın 28-də mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə sərginin təşkili və qaliblərin seçilməsi haqqında məlumat verilib. Bildirilib ki, sərgi zamanı qaliblər ziyarətçilər tərəfindən səsvermə yolu ilə müəyyən edilib və 65 iştirakçı arasından seçilib. Belə ki, əsərlər nömrələnib və sərgidə iştirak edən on minə yaxın ziyarətçi üç gün ərzində bu nömrələr üzrə daha çox bəyəndiyi əsərə səs veriblər.

Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə eksperti Emin Məmmədov, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova və “FAB Boya və Kimya Sənayesi” MMC-nin direktoru Kənan Məhərrəmov çıxış edərək sərginin istedadlı gənclərin üzə çıxarılmasında, o cümlədən milli-adət ənənələrimizin qorunması və təbliğində oynadığı roldan danışıblar. Qeyd edilib ki, Heydər Əliyev Fondunun mənəvi irsimizin qorunması istiqamətində gördüyü işlər, təşkil etdiyi sosial layihələr təqdirəlayiqdir. Çıxışlar zamanı yaradıcı gənclərin rəngarəng əl işlərinin paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonaqlarının və turistlərin də diqqətini cəlb etdiyi vurğulanıb, onlara uğurlar arzulanıb.

Daha sonra mükafatlandırma mərasimi başlayıb. Sərgidə ilk üç yeri Ülviyyə Əliyeva, Jalə Əzizova və Rima Əliyeva tutublar. Sərgidə regionlardan həm peşəkar, həm də həvəskar 14 rəssam iştirak edib. Onların arasında üçüncü yerin sahibi həvəskar rəssam Rima Əlizadə İsmayıllı rayonundandır.

İlk üç yerin qaliblərinə, o cümlədən həvəsləndirici pillələrin sahiblərinə diplom, sertifikat, pul mükafatları və müxtəlif hədiyyələr də verilib.

Xatırladaq ki, “Rənglərin bahar təravəti” dekorativ tətbiqi sənət əsərlərinin sərgisi martın 19-da başlamışdı. “Regional İnkişaf” İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “FAB Boya və Kimya Sənayesi” MMC ilə birgə həyata keçirilən layihə martın 21-dək davam edib. Layihədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, eləcə də paytaxt və regionlardan olan peşəkar və həvəskar rəssamlar iştirak ediblər. Üç gün davam edən sərgidə nümayiş etdirilən əl işləri Novruz bayramının simvollarından olan yumurta maketlərinin üzərində çəkilib.

Novruz bayramı günlərində həyata keçirilən layihənin məqsədi milli-adət ənənələrimizi yaşatmaq, eyni zamanda, yaradıcı gənclərə dəstək olmaqdır.