27-04-2018

Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisi həyacanı başlayır

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin verdiyi məlumata əsasən, trasda hər biri iki pilotla təmsil olunana 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.

Qeyd edək ki, bu gün Bakı Şəhər Halqasında Formula 2 bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək.

Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.
Əvvəlki illərdə olduğu kimi, Formula 1 Əyləncə zonası Dənizkənarı Milli Parkda təşkil olunacaq.

Bu il dünya ulduzlarının konsert proqramları “Bakı Kristal Zalı”nda keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün “Azneft dairəsi” ilə “Kristal Zal” arasında xüsusi avtobuslar da fəaliyyət göstərəcək.

Qeyd edək ki, Bakıda 3-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 29-dək davam edəcək.