27-12-2017
Orta əsrlər Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan dünyanın qədim dövlətçilik ənənələrinə malik ərazilərindən sayılır. Beş min illik dövlətçilik tarixi olan xalqımız müxtəlif dövrlərdə güclü dövlətlərə sahib olmuşdur. Həmin dövlətlərin hər birinin müstəqillik rəmzləri var idi və onların sırasında bayraqlar əhəmiyyətinə görə seçilirdi. Bu dövrdə tarixi Azərbaycan ərazisində mövcud olmuş Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətlərinin bayraqları haqqında mənbələrdə məlumatlar yer alıb. 1410-1468-ci illərdə mövcud olan Qaraqoyunlu dövlətində döyüşlər zamanı bayrağa xüsusi önəm verirdilər. Onlar bayrağı güc və qələbə rəmzi hesab edirdilər. Döyüşə gedərkən rəngli bayraqlarla hücuma keçirdilər. Bu cür bayraqlar uzaqdan daha yaxşı görsənməklə yanaşı, həm də başçının mövqeyini göstərirdi. Qaraqoyunlu dövlətinə aid bayrağın təsviri Türkiyənin Topqapı Sarayındakı xəzinə kitabxanasında saxlanılan xəritədə verilmişdir. Bu bayraq sarı fonun ortasında qırmızı dördkünc formada təsvir edilmişdir.  Tarixi mənbələrdə bu bayrağın təsviri ilə bağlı hər hansı bir açıqlama yoxdur. Lakin güman etmək olar ki, belə təsvir Qaraqoyunluların döyüşkənliyi ilə əlaqədardır. Qırmızı rəng bayraqşünaslıqda igidliyi, mərdliyi, şücaəti, sarı rəng isə zənginlik, ədalətlilik, səxavəti bildirir. Qaraqoyunlular dövlətindən sonra hakimiyyətə gələn Ağqoyunlu dövlətinin (1468-1501) bayraqları haqqında da məlumat vardır. İstanbulun Topqapı Muzeyində aşkar edilmiş, Ağqoyunlu dövlətinin əsasını qoyan Uzun Həsənin  bayrağı ağac sapa taxılmış ağ parçadan ibarətdir. Uzunsov üçbucaqlı ağ parça üzərində qızılı hərflər ilə “Sultan Həsən Bahadur” sözləri yazılmış, mərkəzdə Uzun Həsənin tuğrasının təsviri, kənarlarında isə Qurandan ayələr verilmişdir. XVI əsrin əvvəllərində Azərbaycanın dövlətçilik tarixinində müstəsna rola malik olan Səfəvilər dövləti (1501-1736) meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə də qəbul olunmuş bayraqlar mahiyyətinə görə seçilirdi.  Səfəvilər dövlətinin  bayraqları və dövlətçilik tarixinin öyrənilməsində XVI əsr Təbriz miniatürləri  bir mənbə kimi böyük əhəmiyyətə malikdir. Bu miniatürlərdə Şah İsmayıl Xətainin dövrünə aid bayraqlar və bayraq ucluqları təsvir edilmişdir. Belə üçkünc formada olan bayraqların birinin üzərində  “Ey Allahın vəlisi Əli” yazılmışdır. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin dövründə istifadə olunan bayraqlar haqqında bir sıra mənbələrə rast gəlmək olar. Tarixi bir mənbədə qeyd edilir ki, onun bayrağı çox iri olub, ağ rəngli parçadan hazırlanmışdır. Bayrağın üzərində Quran-i Kərim”dən ayə yazılıb. (“Allahdan kömək və yaxın bir zəfər vardır”) Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövlətində aypara və ulduzlu bayraqlardan istifadə edilirdi. Tarixçilər Şah İsmayıl Xətainin Bağdada özünün   ay - ulduzlu bayraqları altında yaxınlaşdığını yazırlar. Bəzi səyyahlar Səfəvilər dövründə üzərində Quran ayələri və şiə məshəbinə aid bəzi yazılar olan ensiz bayraqlardan söz açırlar. Bu bayraqlarda Həzrəti Əlinin ikibaşlı zülfüqar qılıncının olduğu da qeyd edilir. Səfəvilər dövlətinin bayrağında  İslam dininin rəmzi olan yaşıl rəng üstünlük təşkil etmişdir. Səfəvilərin dövlət bayraqları dördkünc formalı yaşıl, ipək parçadan hazırlanmışdır. Bayrağın üzərində aslan və günəş təsvirləri verilmişdir. Bu təsvirlər dövlətin türk milli ənənələrinə və qədim tarixə söykəndiyini göstərir. Aslan – güc, qüvvət, igidlik, günəş isə var-dövlət, bolluq rəmzi olmuşdur. Beləliklə, Orta əsrlərdə də Azərbaycanda müstəqillik rəmzi sayılan bayraqdan geniş istifadə edilmişdir. Bu ənənə sonralar da davam  etdirilmiş və xalqımızın əvəzedilməz müstəqillik rəmzinə çevrilmişdir.

19-12-2017
Himnin yaranma tarixi

Dövlət bayrağı və gerbi ilə yanaşı digər dövlət rəmzimiz himndir. Himn  mühüm təbliğat vasitəsidir. Himn əsasən bayram şənlikləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda oxunur.   Dövlət himni müstəqilliyin və birliyin müqəddəs rəmzidir. Dövlət himninə dərin ehtiram bəsləmək hər bir vətəndaşın vətənpərvərlik borcudur. Dövlət himni səslənərkən hər bir kəs himni ayaq üstə dinləməli və ya oxumalıdır . "Himn" ("humnos")  sözü yunan mənşəlidir. Qədim köklərə malik himnlər bayraq və gerblərdən daha əvvəl yaranmışdır. İlk vaxtlar qədim Yunanıstanda allahları və qəhrəmanları mədh edən təntənəli nəğmələri bildirirdi. Qədim himnlər (şumer, akkad, misir, yunan, roma, hind, yəhudi və s.) sitayiş xarakteri daşıyırdı. Şumer ədəbiyyatında himnin xüsusi mövqeyi olmuşdu. Burada ilk himnlər erkən sülalələr dövrünə təsadüf edir. Şübhəsiz ki, himnlər allahlara kollektiv olaraq sitayiş və müraciət formalarından biri idi. Şumer ədəbiyyatında bizə məlum olan himnlərin əksəriyyəti Nippur şəhərinin himayədarı Enlilə aiddir. Bundan başqa, çar və məbədlərə də himnlər bəslənmişdir. Şumer dövlətində bütün çarlar ilahiləşdirilmədiyinə görə, yalnız bu statusa malik çarlara himnlər həsr edilirdi. Bir qayda olaraq allahların şərəfinə oxunan, mədh tərifləmə xüsusiyyəti daşıyan himnlər adətən bayram ziyarətləri zamanı mahnı kimi ifa olunurdu. Allahların əməlləri sadalanır, adları çəkilir və onlardan kömək istənilirdi. Hesab edirlər ki, ən qədim himnlərdən biri e.ə. XXIII əsrdə Akkad çarı Sarqonun qızı, şairə En-Hedu-Anna tərəfindən yazılıb. O, bu himndə ay tanrısı Nanna və onun qızı ilahə İnanna haqqında yazıb. Qədim Misirdə firon Amenxotepin günəş allahına yazdığı himn də bizə gəlib çatmışdır. Burada günəş allahının qüdrəti təsvir olunub. Misirlilər Nil çayını da müqəddəs hesab etdiklərinə görə bu çaya da himnlər yazmışdılar. Onlar Nil çayını canlı varlıq və allah hesab edirdilər. Zərdüştlüyün kitabı sayılan Avestanın “Yaşt” bölməsində də himnlərə yer ayrılmışdı. Bu himnlər də dini xarakter daşımışdır. Qədim mədəniyyətə və tarixə məxsus Hindistanda da himnlər mövcud idi. Qədim hindlilərin yaratdığı ilk əsərlərdən biri vedlər hesab olunur. Ved sözü sanskrit dilindən tərcümədə bilik mənasını verir. Vedlər dörd qrupa bölünür və birinci qrupa himnlər (riqveda) daxildir. Riq sanskrit dilində himn deməkdir və bu himnlər təxminən e.ə 1500-cü illərə aid edilir. Bu himnlər əsasən çoxsaylı allahların şərəfinə oxunmuşdur. Burada ildırım, günəş, səma, od,ölüm allahlarına himnlər həsr edilib. 1950-ci illərdə indiki Suriya ərazisində Uqarit şəhərində aşkar edilmiş kitabədə 3400 il bundan əvvələ aid himn tapılmışdır. Bu himn ay allahının  yoldaşı Nikalanın şərəfinə yazılmışdı. Qədim Misir və Mesopotomiyada himnlər dua xarakteri daşıyırdı.  Poetik və musiqi ilə müşayət edilən himnlər ilk olaraq yunanlara məxsusdur. Burada himnlər xorla oxunur və rəqslə müşayət edilirdi. Yunanıstanda Apollon, Dionis, Zevs və başqa allahlara həsr edilən himnləri nümunə olaraq göstərmək olar. Avropada, xristian kilsələrində himnlərin oxunması bizim eranın III-IV əsrlərinə aiddir. Bu müqəddəs kitab olan İncilin mətnlərinin ifası formasındaydı. Xristian himnləri İsa Peyğəmbər və digər müqəddəslərin mədhinə həsr edilmişdi.  Uzun müddət himn Avropa ölkələrində dini nəğmə və mahnıları bildirmək üçün işlədilirdi. İndiki dövrdə isə milli müstəqillik və milli birlik rəmzi funksiyasını daşıyır. Müasir Avropada yazılmış ilk milli himnlərdən biri Hollandiya Respublikasına aiddir. XVI əsrdə hollandlar ispan ağalığına qarşı mübarizə aparırdılar. O zaman ispan ağalığına qarşı mübarizə aparan qraf Oranlı Vilhelmə mahnı həsr edilmişdi. Bu mahnı sonradan Hollandiyanın himninə çevrildi. Avropa ilk olaraq geniş yayılmış milli himn ingilislərə aiddir. “İlahi, kralı qoru” adlı himnin müəllifi Henri Keri idi. O musiqi müəllimi idi. Bu himn ilk dəfə olaraq 1774-cü ildə müəllifi göstərilmədən dərc edilmişdi. Bu himnin təsiri altında digər  Avropa ölkələrində də himnlər yazılmağa başlandı. İlk vaxtlar təxminən 20-ə yaxın ölkə öz himnlərini ingilislərin himninin musiqisi əsasında ifa edirdilər. Daha sonra isə himnlər üçün musiqilər bəslənməyə başlandı. Azərbaycanın Dövlət himninin tarixinə gəldikdə, 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) milli himnin hazırlanması haqqında qərar qəbul etdi.  Bu məqsədlə  müsabiqə elan edildi. Lakin,  1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi. Azərbaycan Respublikasının ilk himni sovet dövrünə təsadüf edir. 1945-ci ildə qəbul edilən Azərbaycan SSR-in Dövlət himninin müəllifi Üzeyir Hacıbəyov olmuşdur. Himnin sözləri isə Səməd Vurğun və Süleyman Rüstəmə məxsus idi. 1978-ci ildə himnə dəyişikliklər edilmişdi. Müstəqil Azərbaycanın milli himninin qəbulu müstəqillik illərinə təsadüf etdi. 1992-ci il mayın 27-də Dövlət himni qəbul edildi. Bu himn hələ 1919-cu ildə yazılmışdı. Bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş  bu əsər "Azərbaycan marşı"  adlanırdı.  

14-12-2017
Gerbin yaranma tarixi

Hələ qədim zamanlardan gerblərə bənzər nişanlar mövcud olsa da, onlar tam olaraq gerb sayılmırdı. Gerblər hər bir ölkənin, dövlətin, şəhərin, nəslin,  cəngavərin fərqləndirici nişanı rolunu oynayırdı, eləcə də özünəməxsus milli adət-ənənələri, dini və mifik görüşləri, həmçinin tarixi və mədəni baxışları əks etdirirdi. Qədim zamanlarda qəbilə nişanları  totem adlanırdı. Totem sözü Şimali Amerika hinduları dilindən götürülmüşdür. Totemlər gerblərin ilkin formalarına ən yaxını hesab edilir. Bunlar əsasən heyvan, quş, bitki, silah olurdu. Bu totemlər həmin qəbilələrin simvolları rolunu oynayırdı. Gerblərin ilkin nümunələri hələ qədim zamanlarda silahlar, hərbi əsləhələr və şəxsi əşyaların üzərinə vurulurdu. Antik müəlliflərin əsərlərində bu işarələrdən istifadə edildiyi haqqda məlumatlara rast gəlinir. Buna misal olaraq Makedoniyalı İsgəndərin əsləhəsində dəniz atı, Axillesdə isə qartalı götərmək olar. Gerblər ilk olaraq emblem formasında idi. Qədim şumer şəhərlərinin emblemi şir başlı qartal, Misirin emblemi ilan, Romada isə qartal idi. Yunan şəhərləri olan Afinada bu emblem bayquş, Korinfdə qanadlı at, Rodosda qızıl gül, Samosda tovuzquşu idi. Vizanti şəhərindəki ikibaşlı qartal emblemini daha sonra ruslar da mənimsəmişlər. Homerin İlliada və Odisseya əsərində isə qəhrəmanların  şəxsi emblemlərindən söz açılır. Bir çox müsəlman ölkələrində isə din canlıları təsvir etməyi qadağan etdiyinə görə emblemlər müxtəlif naxışlarla bəzədilirdi. Gerb sözü alman dilindən tərcümədə ( Erbe) irs mənasına gəlir. İndiki formaya bənzəyən ilk gerblər  XII əsrdə Qərbi Avropada, İngiltərə və Fransada meydana gəlmişdir. İlk dəfə olaraq rəsmi təsdiqlənmiş gerb 1127-ci ilə aid olmaqla Anju qrafı Joffreyə mənsub olub. Gerblər “xaç yürüşləri” zamanı cəngavərlərin əsas simvollardan birinə çevrilmişdi. İlk vaxtlar cəngavərlər gerblərin üzərində olan təsvirləri heç bir şeyə əsaslanmadan seçirdilər. Sonralar isə gerblər irslə ötürülməyə başlandı. Orta əsrlərdə keçirilən cəngavər turnirlərində gerblər mühüm rola malik idi. Bu turnirlərdə hər bir cəngavər öz şəxsi gerbi ilə təmsil olunurdu. Gerbləri tədqiq edən elm heraldika adlanır. Heraldika latın dilindəki “herolde” sözündən yaranmışdır. Türk xalqlarında isə qədim dövrlərdən hər bir türk boyunun öz damğası və simvolu var idi. Bunu o dövrdən miras qalan maddi-mədəniyyət nümunələri sübut edir. Azərbaycanın Dövlət bayrağı ilə yanaşı digər dövlət rəmzi sayılan gerb xüsusi əhəmiyyətə malikdir. Dövlət gerbi hər  bir dövlətin müstəqilliyinin rəmzidir. Onun təsviri dövlətin möhürlərində, pul nişanlarında, blank və digər rəsmi sənədlərində verilir. Azərbaycanda şəhərlərin ilk gerbləri XIX əsrə aiddir. Bakı, Gəncə, Lənkəran,Naxçıvan, Quba, Şamaxı, Zaqatala,Şuşa, Şəki şəhərlərinin gerbləri var idi. Hər bir gerbdə şəhəri xarakterizə edən elementlər öz əksini tapmışdı. Azərbaycanın Dövlət gerbinin qəbul edilməsi barədə məsələ hələ XX əsrin əvvəllərində qaldırılmışdı.  Bu məqsədlə Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il yanvarın 30-da müsabiqə elan etmişdi. Müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-nə qədər qəbul ediləcəyi planlaşdırılmışdı. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu nəticəsində gerb qəbul edilməmişdi. Azərbaycan Sovet İttifaqının tərkibinə daxil olduğu müddətdə Dövlət gerbləri mövcud idi. Azərbaycan Sovet Sosialist Respublikasının  ən axırıncı gerbi 1978-ci ildə qəbul edilmiş və Sovet İttifaqının süqutunadək Dövlət gerbi statusu daşımışdı. Bundan sonra  Azərbaycanın Dövlət gerbinin qəbul edilməsi haqqında məsələ bir daha 1990-cı ildə müzakirəyə çıxarıldı. Həmin ilin noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət gerbi ilə bağlı məsələni müzakirə etdi. Beləliklə, 1991-ci il fevralın 5-də müsabiqə elan olundu. Dövlət gerbinin onlarla layihəsi təqdim olunsa da, müzakirələr zamanı 1919-1920-ci illərdə hazırlanmış layihələrdən birinin qəbul edilməsi ilə bağlı təkliflər də səslənmişdi. 1993-cu il yanvarın 19-da bu təkliflərdən biri müəyyən dəyişikliklərlə Azərbaycan Respublikasının Dövlət gerbi kimi təsdiq edilmişdi.   Dövlət gerbimizdəki palıd budaqları və sünbüllər şöhrət çələngini, qüvvəti, bolluğu, məhsuldarlığı ifadə edir. Dövlət gerbimizdə onların qoşa verilməsi (hərəsindən iki ədəd) həyatın daimiliyi, davamlılığı, sonsuzluğunu bildirir. Dövlət gerbimizdəki qalxanın üzərində isə bayrağımızın rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov şəklində Allah sözü həkk edilib. Günəş simvolunun ağ rənglə verilməsi isə «əmin-amanlıq, sülhsevərlik, barış» mənasına gəlir. Dövlət gerbinin şərq qalxanı üzərində təsvir edilməsi isə Azərbaycanın Şərq dövləti olduğunu göstərir. Qərb qalxanlarından fərqli olaraq şərq qalxanı dairəvi formadadır. Şərq xalqlarında qalxan milli döyüş alətlərindən biri olub, qəhrəmanlıq simvoludur. Beləliklə, Azərbaycanın müstəqilliyini təcəssüüm etdirən dövlət rəmzlərindən biri olan gerb xalqımızın həyatında mühüm rola malikdir.

12-12-2017
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət edilib

Dekabrın 12-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin kollektivi ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin   Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. İdarənin  kollektivi xalqımızın ümummilli lideri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə xanım  Əliyevanın məzarlarına gül dəstələri düzüblər. 

12-12-2017
Ümummilli lider Heydər Əliyevin anım günü ilə bağlı Dənizkənarı Bulvar İdarəsi tərəfindən tədbir keçirildi

Dekabrın 12-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirildi. Tədbirdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Elşən İsgəndərov, İdarənin Aparat rəhbəri Elmir Bağırov, Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsinin direktor müavini Tahir Quliyev və  Dövlət Bayrağı Muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natəvan Əsədova çıxış etdilər. Natiqlər tərəfindən Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə ulu öndər Heydər Əliyevin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi köklü islahatların miqyasına görə onilliklərin çərçivəsinə sığmadığını, onun dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, milli mənəvi dəyərlərimizin təbliği və qorunması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etdiyi diqqətə çatdırıldı. Tədbirin sonunda ümummilli lider Heydər Əliyevin zəngin həyatı və siyasi fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olundu.

07-12-2017
Bayrağın tarixi

Hər bir Azərbaycan vətəndaşı ölkəmizin tarixini bilməli, dövlət rəmzlərini qorumalı, onlara hörmət etməlidir. Çünki Vətənə sevgi onun tarixindən, rəmzlərindən başlayır. Bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa, dövlətə olan məhəbbətə bərabər olmalıdır. Bayraq xalqın  müstəqilliyini ifadə edən müqəddəs rəmzdir. Hər bir xalqın qüdrətini bildirən, fərqləndirici nişan sayılan “Bayraq”  ümumtürk mənşəli sözdür və tarixi çox qədimdir. Tədqiqatçıların fikrincə, bu söz Batır- (“batırmaq”, “sancmaq”) felindən törəmişdir. Bayraqların bəşər tarixində ilkin formaları   taxta və ya metal sapa bərkidilmiş heyvan sümükləri, lələkləri, dərilərindən ibarət olmuşdur. Bu cür bayraqlar veksilloid adlanırdı. Onların üzərinə ağac və metaldan emblem qoyulurdu. Bu bayraqlar qəbilə birləşmələrinin başçılarının simvolu rolunu oynayırdı. Onlar müasir bayraqlar kimi eyni məqsədə xidmət edir, lakin görünüşü fərqlənirdi. Bayraq qədim dövrlərdən hərbi əhəmiyyət daşımış, döyüş zamanı döyüşçülərin toplanmaq və birləşmək yerini işarə etməklə yanaşı, qoşun komandanının mövqeyini göstərmişdir. Dünya tarixində ilk bayraqlar (veksilloidlər) Qədim Misirdə meydana gəlmişdir.  Buna misal olaraq, təxminən e.ə. 3200-cü ilə aid  daş relyef üzərində Misir fironu Narmerin qarşısında  dörd döyüşçünün Misir əyalətlərinin hərbi simvolları daşıdığını görmək olar. Beləliklə, Misirdə ilk sülalələr dövründən hökmdarı bayraqla (veksilloidlə) müşayət etmək ənənəsi mövcud idi.   Parçadan hazırlanmış ilk bayraq isə qədim Çində qaldırılıb. Belə ki, Çində Çjou sülaləsinin əsasını qoyan imperator  Çjou e.ə XII əsrdə qoşunun önündə onun saraya gəlişini xəbər verən ağ bayrağın aparılması əmrini vermişdir. Bu bayraqlar ipək parçadan hazırlanırdı. İpəkdən olan bayrağı əldə gəzdirmək digərlərindən daha rahat olmaqla yanaşı, həm də uzaq məsafədən daha yaxşı görünürdü. Çinlilər ipəkdən bayraq hazırlayarkən hələ bu Avropaya məlum deyildi. Bayraqların ipəkdən hazırlanması ənənəsi Çindən daha sonra Monqolustan, Hindistan, İran, Roma  və Avropaya, daha sonra isə bütün dünyaya yayıldı.       Qərbi Avropada, Qədim Roma İmperiyasında da bayraqların ilkin formaları mövcud idi. Qədim Romada hərbi hissələrin fərqləndirici nişanları var idi. Romada bu cür bayraqlar “manipulus” adlanırdı. Manipulus əvvəllər nizənin ucuna saman bərkidilmiş formada idi. Bu bayraq döyüşçülərin toplanış yerini göstərməklə yanaşı, həm də əlaqə vasitəsi idi. Roma İmperiyasında daha sonralar isə, bayraqların üzərinə müxtəlif heyvan fiqurları bərkidilməyə başlandı. Bu fiqurlar arasında qartal xüsusi yer tuturdu. Qartal sonralar İmperiyanın simvoluna da çevrildi.        Roma İmperiyasında hərbi süvari qoşunlarına verilən bayraqlar isə “veksillum” adlanırdı. Veksillum Qərbi Avropada müasir bayraqlara bənzəyən ilk bayraq sayılırdı. Bu bayraqların parça hissəsi tünd qırmızı rəngdə dördkünc formada idi və dirəyin yuxarı hissəsindən üzü aşağı vertikal şəkildə bərkidilirdi. Qeyd etmək lazımdır ki, veksillum sözündən XX əsrin ortalarında “veksillologiya” (bayraqları öyrənən elm) termini yaranmışdır.        Avropalılar döyüş zamanı ağac sapa birləşdirilmiş parça ilə olan bayraqdan istifadə edərək hücuma keçmək ənənəsini ərəblərdən mənimsəmişlər.          Avropa ölkələrində parçadan hazırlanmış, ənənəvi formalı bayraqların geniş şəkildə istifadəsi “xaç yürüşləri” (1095-1272-ci illər) zamanına təsadüf edir. O zamanlar bayraqların üzərindəki işarələr dövlətə deyil, cəngavərlərə aid idi. Yalnız 1188-ci ildə, üçüncü yürüşə hazırlıq zamanı fransız kralı II Filip, ingilis kralı II Henri, və Flandriya qrafı Filip öz qoşunları üçün fərqləndirici nişanlar tərtib etməyə başladılar. Cəngavərlər bu yürüşlərdən qayıdan sonra qala və qəsrlərin üzərində bayraqlar ucaldıldı. Avropa ölkələrində bu yürüşlərdən sonra parça bayraqlar hamı tərəfindən qəbul edilməyə başlandı. Qeyd etmək lazımdır ki, rəsmi olaraq təsdiqlənmiş ilk Dövlət bayrağı Danimarka Respublikasına aiddir. Bu bayraq 1219-cu il 15 iyun tarixində təsdiq edilmişdir.       İndiki dövrə qədər gəlib çatmış, parçadan olan ən qədim bayraq isə Əhəməni İmperiyasının hökmdarı II Böyük  Kirin bayrağıdır. Üzərində qartal olan, e.ə VI əsrə aid bu bayraq Persopolisdə (indiki İran ərazisi) qazıntılar zamanı aşkar edilmişdir.        Azərbaycan da dünyanın qədim yaşayış məskənlərindən biridir. Dövlətimizin əsas rəmzi sayılan bayrağımızın tarixi dərin köklərə malikdir. Azərbaycanda bayraqların meydana gəlməsi bizim eradan əvvəlki əsrlərə aiddir.  Təxminən beş min ilə qədər dövlətçilik tarixinə malik Azərbaycanda arxeoloji tapıntılara əsasən bayrağın ilkin formalarından hələ tunc dövründə (e.ə. IV-II minilliklər) istifadə edilməsi məlumdur. Şəmkir və Şəki rayonlarında tapılmış buynuzlu maral, üzərində səkkizguşəli ulduz, şüalanan günəş və müxtəlif həndəsi naxışlar olan bu bayraq nümunələri qəbilə başçısı və ya hökmdarların hakimiyyət rəmzi kimi çıxış edirdi. Azərbaycanda aşkar edilmiş bu növ bayraqların əksəriyyəti  taxta sapa taxılmış buynuzlu heyvan təsvirləri olmuşdur. Manna qalalarını təsvir edən e.ə. VIII-VII əsr Assuriya divar rəsmlərində də bunlara rast gəlmək olar.         Tarixin müxtəlif dövrlərində Azərbaycan ərazisində güclü dövlətlər mövcud olmuşdur. Bunların sırasında Azərbaycanın Şirvanşahlar, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər  kimi güclü dövlətləri tariximizdə misilsiz izlər qoymuşdur. Bu dövlətlərin hər birinin müstəqillik rəmzi olan bayraqları var idi. Beləliklə, uzun bir təkamül yolu keçən bayraq tədricən xalqların birliyinin, məxsus olduğu dövlətin müqəddəs rəmzinə çevrildi.                                                                                                             Dövlət Bayrağı Muzeyi