29-12-2018
Bakı Bulvarına “Milli Park” statusu verilməsindən 20 il ötür

Azərbaycan paytaxtının əvəzsiz nümunələrindən olan Bakı Bulvarına “Milli Park” statusu verilməsindən 20 il ötür. Ümummilli Lider Heydər Əliyevin 1998-ci il dekabrın 29-da imzaladığı fərmanla dənizkənarı bulvara "Milli Park" statusu verilib. Ulu öndər Heydər Əliyev mühüm əhəmiyyət kəsb edən fərmanında Bulvarın Bakı şəhəri üçün tarixi-mədəni əhəmiyyətini vurğulayaraq onu “Azərbaycanın milli sərvəti” adlandırmışdı. Bu isə təsadüfi deyil. Çünki, Dənizkənarı Milli Park maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, eyni zamanda onun həm tarixi, həm də müasir simasını təşkil edən xüsusi təbii komplekslərdən sayılır. Məhz buna görə də Ümumilli Lider Heydər Əliyevin imzaladığı fərmanla Dənizkənarı Milli Park ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasına daxil edilib. Park xüsusi ekoloji, tarixi və estetik əhəmiyyətə malik məkandır. Burada Azərbaycanda və dünyada nadir və unikal olan xeyli sayda bitki növləri  mühafizə olunur.   Son illər Bakı Bulvarı dünyanın ən müasir dənizkənarı parklarından birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  tapşırığı ilə 2010-cu ildən etibarən bulvar ərazisində genişmiqyaslı yenidənqurma, abadlıq, quruculuq işləri aparılıb. Bulvarın ərazisi “Ağ şəhər” və Bibiheybət qəsəbəsi istiqamətində genişləndirilib. Bu gün Dənizkənarı Milli Parkın uzunluğu təxminən 16 kilometrdir. Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir. Müasir infrastruktur və bağ-park estetikasının ən yaxşı nümunələri ilə zənginləşmiş Bakı bulvarı bu gün yerli sakinlərin və paytaxtın qonaqlarının ən sevimli istirahət məkanlarından biridir. Son illər görülən işlər nəticəsində bulvarda yeni gözoxşayan əyləncə, istirahət obyektləri tikilib, əhalinin mənəvi-estetik tələbatının ödənilməsi, istirahətinin təşkili, sağlamlığının möhkəmləndirilməsi üçün şərait yaradılıb. “Köhnə bulvar” ərazisində "Park Bulvar", "Bakı Biznes Mərkəzi", “Azərbaycan Xalça Muzeyi”, “Beynəlxalq Muğam Mərkəzi”, “Yeni Bulvar” ərazisində “Bakı Kristal zalı”, Bayıl bulvarı ərazisində “Yarat Müasir Incəsənət Mərkəzi”, “Daş salnamə muzeyi”, “Su İdmanı Sarayı” kimi yeni əhəmiyyətli memarlıq obyektləri inşa olunub.  Sahilboyu işıqlandırma, yeni fəvvarələr, digər yeniliklər bulvarın görünüşünü dəyişib. Bulvarın demək olar ki, simvoluna çevrilmiş “Mirvari” kafesi, “Venesiya” su şəhərciyi əyləncə və istirahət məkanı, dənizin içərisinə doğru uzanan estakada, bir çox başqa əyləncə yerləri və attraksionlar, gözəl yaşıllıqlar zolağı bulvarın ən gəzməli və görməli yerlərindəndir. Bu sırada Bakı Bulvarının tarixi rəmzlərindən biri olan və yenidən bərpa edilən “Qu quşları” fəvvarə kompleksi xüsusi yer tutur. “Qu quşları” fəvvarəsi 1960-cı illərdə qurulub. Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə kompleksinə 1980-ci illərdə yeni çalarlar əlavə edilib. 1990-ci illərin əvvəlində ölkədə hökm sürən xaos və baxımsızlıq səbəbindən bir çox digər ictimai obyektlər kimi, bu ansambl da bərbad vəziyyətə düşüb. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi və tarixi siması özünə qaytarıldı. Mehriban xanım Əliyevanın tapşırığına əsasən, tarixi ənənələrin qorunması ideyasına söykənən layihə üzərində işlər yüksək səviyyədə həyata keçirilib. Vacib məqamlardan biri də odur ki, qu quşları 1960-cı illərdə olduğu kimi, hər biri fərqli ölçüdə və fərqli hərəkəti təsvir edərkən hazırlanıb. Təkcə paytaxt sakinlərinin deyil, turistlərin də böyük maraq göstərdiyi bu məkan gözəlləşən Bakının görkəminə daha bir xoş ovqat gətirdi. Bu ansamblın yenidən öz tarixi simasını bərpa etməsi nəticəsində Bakı Bulvarının siması daha da gözəlləşdi. Bu gün mübaliğəsiz demək olar ki, Dənizkənarı Milli Parkımız gün-gündən gözəlləşən, qədim və müasir Bakının mənzərəsinə özünəməxsus rəng qatır. İlin fəslindən asılı olmayaraq, hər gün minlərlə insan bu istirahət mərkəzinə baş çəkir, yaradılan şəraitdən zövq alır. Azərbaycan paytaxtının incisi olan Dənizkənarı Milli Park hər birimizin öyünə, qürur duya biləcəyi bir ünvandır.

29-12-2018
Dənizkənarı Milli Parkda “Yeni il gəlir” adlı konsert keçirilib

Dənizkənarı Bulvar İdarəsi Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində yeni layihəyə start verib. Azərbaycan Televiziyası ilə birlikdə həyata keçirilən layihə çərçivəsində ilk konsert bu gün baş tutub. Kukla teatrının arxasında yerləşən meydanda “Yeni il gəlir” adlı bayram proqramı təqdim olunub. Tədbirdə Azərbaycan Televiziyasının solistləri, estrada müğənniləri çıxış ediblər. Konsertin məhz dekabrın 29-da keçirilməsi təsadüfi deyil. Dekabrın 29-u Ümummilli Lider Heydər Əliyevin Fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür. Layihə il ərzində davam edəcək. Əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsetlər təşkil olunacaq. Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir.

27-12-2018
Dənizkənarı Milli Parkda konsert keçiriləcək

Dənizkənarı Bulvar İdarəsi Azərbaycan Televiziyası ilə birlikdə yeni layihəyə başlayır. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı ərəfəsində start veriləcək layihə çərçivəsində ilk konsert Dekabrın 29-da Kukla teatrının arxasında yerləşən meydanda keçiriləcək. “Yeni il gəlir” adlı bayram tədbirinə saat 11-də Uşaq Musiqi Kollektivlərinin iştirakı ilə baş tutacaq konsertlə start veriləcək. Saat 17:00-da isə Azərbaycan Televiziyasının musiqi kollektivləri və solistlərinin iştirakı ilə geniş konsert proqramı təqdim olunacaq. Konsertin məhz bu tarixdə keçirilməsi təsadüfi deyil. Dekabrın 29-da Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümüdür. Qeyd edək ki, birgə layihə il ərzində davam edəcək. Müxtəlif əlamətdar tarixlərdə musiqi kollektivlərinin iştirakı ilə müxtəlif janrlarda konsetlər təşkil olunacaq. Layihənin reallaşdırılmasında məqsəd Azərbaycan mədəniyyətini və musiqisini təbliğ etməkdir.

25-12-2018
“Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqəyə şəkillərin qəbul tarixi uzadıldı

Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümü ilə bağlı “Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə. Dənizkənarı Bulvar İdarəsi Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə Bakı Bulvarına Dənizkənarı Milli Park statusu verilməsinin 20-ci ildönümünə həsr olunan “Dənizkənarı Milli Park fotoqrafların gözü ilə” adlı fotomüsabiqə elan edir. Müsabiqənin tarixi: İştirakçı qeydiyyatı və fotoşəkillərin qəbulu Başlanma: 11.12.2018 Bitmə: 04.11.2019 Müsabiqənin şərtləri: Müsabiqədə yaşından asılı olmayaraq Azərbaycan Respublikası, eləcə də xarici ölkə vətəndaşları olan həvəskar və peşəkar fotoqraflar iştirak edə bilər. Müsabiqəyə təqdim olunan fotolar office@bulvar.gov.az elektron ünvanına göndərilməlidir. Hər iştirakçı müsabiqəyə 3 foto təqdim edə bilər. Hər bir müəllif foto ilə bərabər özü haqda məlumatı (ad, soyad, fotonun adı, telefon nömrəsi) göndərməlidir. Fotolar JPG formatda, uzunluğu 1500 px olmalıdır. Təqdim olunan fotoların üzərində heç bir müəllif imzası və ya loqosu yerləşdirmək olmaz. Fotolar üzərində heç bir fotoredaktə proqramlarında əlavələr olunmamaq şərti ilə real rəng, kontrast və s. kimi alətlərdən istifadə olunması mütləqdir. Fotolarda Dənizkənarı Milli Parkın görünüşü, atributları, bulvar ərazisindəki maraqlı mənzərələr və s. əks olunmalıdır. Fotolarda əks olunmuş şəxslərin razılığına görə məsuliyyət fotoqrafın üzərinə düşür. Fotolardan istifadə hüququ müəllif hüquqları qorunmaq şərti ilə Dənizkənarı Bulvar İdarəsinə məxsus olacaq. Fotolardan kommersiya məqsədi ilə istifadə olunmayacaq. Münsiflər tərəfindən seçilmiş fotolara 1 yer üçün 1500 AZN. 2 yer üçün 1000 AZN. 3 yer üçün 500 AZN Pul mükafatı təqdim olunacaq. Mobil telefonlarla çəkilən fotolar müsabiqənin "Mobiloqrafiya" bölməsində qəbul olunur. Mobil telefonlarla çəkilmiş fotolar Bulvaridare@gmail.com elektron ünvanına göndərilməlidir. Hər bir iştirakçı yalnız 2 foto təqdim edə bilər. Münsiflər heyətinin "Mobiloqrafiya" bölməsindəki fotolar arasından seçdiyi 20 şəkil arasından qalib instaqramda səs vermə yolu ilə müəyyənləşəcək. Qaliblərə 1 yer üçün 300 AZN 2 yer üçün 200 AZN 3 yer üçün 100 AZN Pul mükafatı təqdim ediləcək. Dənizkənarı Bulvar ərazisində müsabiqəyə təqdim olunan ən yaxşı fotolardan ibarət sərginin təşkili, fotolarla bağlı məlumat kataloqunun hazırlanması da planlaşdırılır.   Təşkilati dəstək Azərbaycan Fotoqraflar Birliyi Müsabiqənin koordinatoru: Nicat Abdullayev Elektron ünvan: nicat.abdullayev@bulvar.gov.az tel: +994 55 310 96 40  

22-12-2018
Dənizkənarı Milli Parkda bayram tədbirlərinə başlanıldı

Dənizkənarı Milli Parkda Yeni il tədbirlərinə start verilib. Dənizkənarı Bulvar İdarəsi artıq bayram hazırlıqlarını yekunlaşdırıb. Kukla Teatrının arxasında yerləşən meydanda bayram proqramı təqdim olunacaq. Milli Parka gələn paytaxt sakinləri və şəhərimizin qonaqlarını maraqlı surprizlər, canlı musiqi gözləyir. Bulvardakı bayram ab-havası həm uşaqlar, həm də böyüklər üçün maraqlı olacaq. Dənizkənarı Milli Parkda Yeni İl tədbirləri iki həftə ərzində davam edəcək.

12-12-2018
Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Fəxri Xiyaban ziyarət edilib

Dekabrın 12-də  Dənizkənarı Bulvar İdarəsinin kollektivi ümummilli lider, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin  Fəxri Xiyabandakı məzarını ziyarət ediblər. İdarənin  kollektivi xalqımızın ümummilli lideri Heydər Əliyevin və oftalmoloq, akademik Zərifə xanım  Əliyevanın məzarlarına gül dəstələri düzüblər.