09-10-2017
Dənizkənarı Bulvar ərazisində səmti müəyyənetmə idman növü üzrə Açıq Ölkə Çempionatı keçirilmişdir.

Oktyabr ayının 7-8-i Şabran rayonunun Qalaaltı meşə zolağında və Bakı şəhərinin Dənizkənarı Bulvar – İçəri Şəhər ərazilərində səmti müəyyənetmə idman növü üzrə keçirilən Açıq Ölkə Çempionatına yekun vurulmuşdur. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Vergilər Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dənizkənarı Bulvar İdarəsi, “İçəri Şəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin təşkilati dəstəyi ilə keçirilən yarışda 7 komanda və eləcə də nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyaları, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələrindən fərdi idmançılar daxil olmaqla ümumilikdə 200-ə yaxın idmançı orta və sprint məsafələri üzrə mübarizə aparmışlar. Yerli idmançılar ilə bərabər yarışda Ukrayna Respublikasının Azərbaycandakı səfiri Aleksandr Mişenko və Türkiyə Silahlı Qüvvələri İdman Klubunun məşqçi-idmançısı Elvan İlboğa da iştirak etmişdi. Yarışın ilk günündə Şabran rayonununda keçirilən yarışda kişilər arasında Elit kateqoriyasında (M21E) Türkiyəli idmançı Elvan İlboğa bütün rəqiblərini qabaqlayaraq birinci olmuşdur. Neftçi İdman klubunun idmançıları Gennadiy Klim və Vladislav Tuzov isə müvafiq olaraq ikinci və üçüncü yerləri tutmuşlar. Qadınlar arasında isə W21E kateqoriyasında Sevda Verdiyeva (Fövqəladə Hallar Nazirliyi) 3.2 km məsafə üzrə yerləşdirilmiş 13 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə birinci çatmışdır. Anna Kamayeva (Neftçi İK) ikinci, Lətifə Rüstəmova (Müdafiə Nazirliyi) isə üçüncü olmuşdur. Yarışın ikinci günü Dənizkənarı Bulvar və İçəri Şəhər ərazisində təşkil edilmiş sprint üzrə yarışda isə M21E kateqoriyasında Neftçi İdman Klubunun idmançısı Gennadiy Klim 3.7 km məsafədə yerləşdirilmiş 18 nəzarət məntəqəsində qeyd olunmaqla finiş xəttinə bütün rəqiblərindən tez çataraq yarışın qızıl medalına sahib olmuşdur. Qalibdən təxminən iki dəqiqə geri qalan Elvan İlboğa (TSK) gümüş, Orxan Şahbazov (XDMX) isə bürünc medal qazanmışdır. Qadınlar arasında elit kateqoriyasında isə Dağçılıq İdman Klubunun idmançısı Nataliya Şiyanova qalib olmuşdur. Sevda Verdiyeva (FHN) finiş xəttinə ikinci, Rəna Abaszadə (XDMX) isə üçüncü çatmışdır. İki günün cəminə görə komandalar arasında Neftçi idman Klubu bütün rəqiblərini qabaqlayaraq Ölkə Çempionu olmuşdur. Dağçılıq İdman Klubunun komandası ikinci, Xüsusi Dövlət Mühafizə Xidmətinin komandası isə üçüncü olmuşdur. Qeyd olunan kateqoriyalardan əlavə Junior, Open M, Open W, M35, W35, M50 və W50 kateqoriyalarında da qaliblər müəyyən olunmuşdur. Sonda qalib gələn idmançılara medal və diplomlar təqdim olunmuşdur.

04-10-2017
Səmti müəyyənetmə üzrə Açıq Ölkə Çempionatı keçiriləcəkdir

Oktyabr ayının 7 - 8-i tarixlərində səmti müəyyənetmə idman növü üzrə Açıq Ölkə Çempionatı keçiriləcəkdir. İki gün davam edəcək yarış Şabran rayonunun Qalaaltı meşə zolağında (7 oktyabr) və Bakı şəhərinin Dənizkənarı Bulvar - İçəri Şəhər ərazilərində (8 oktyabr) təşkil ediləcəkdir. Yarışda komanda və fərdi şəkildə - Elit, Open, Junior və müxtəlif yaş kateqoriyaları üzrə idmançılar mübarizəyə qoşula bilər. Yarış birinci gün Şabran, Qalaaltı meşə massivinin yeni çəkilmiş xəritəsi ərazisində orta məsafə, ikinci gün isə paytaxt Bakı Şəhəri, Dənizkənarı Bulvar-İçəri Şəhər ərazisində sprint növü üzrə keçiriləcək. 

29-09-2017
Dənizkənarı Milli Parkda boççia idman növü üzrə yarışı keçirilib

Dənizkənarı Milli Parkın Azneft dairəsinə doğru hissəsində yaşıl xalını xatırladan banderin ətrafında qələbəlik idi. Buraya əlil arabasında əyləşmiş idmançılarla yanaşı, onların valideynləri, qohumları, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də gənclər və tələbələr toplaşmışdı. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Fondunun yardımı ilə “Arabaçı” Əlillər Şəbəkəsi İctimai Birliyinin təşkil etdiyi tədbirə xeyli tamaşaçı toplaşmışdı. Tədbir gənc nağaraçıların ifa etdikləri ritm nömrələrindən sonra başlanıb… Fiziki məhdudiyyətli insanların reabilitasiyası və cəmiyyətə inteqrasiyası layihəsi çərçivəsində keçirilən tədbiri İctimai Birliyin sədri İlham Məhərrəmov açıb. O, çıxışında rəhbərlik etdiyi birliyin sağlamlıq imkanı məhdud olanların özünə qapanmaması, cəmiyyətə inteqrasiyası məqsədilə yaradıldığını və onlara dəstək olacaqlarını söyləyib. Qeyd olunub ki, ölkəmizdə 535 min fiziki məhdudiyyətli insan var, onlardan 25 mini daha ağır vəziyyətdədir. “Arabaçı” onların bir hissəsini paralimpiya idman növü olan boççia ilə məşğul olmağa həvəsləndirib. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin Prezidenti İlqar Rəhimov son illər əlil idmançılar arasında boççia idman növünün yayılması sahəsində xeyli iş görüldüyünü söyləyib. Nazir müavinin dediyinə görə, indi bu idman növü nəinki paytaxtda, hətta bölgələrdə də özünə xeyli tərəfdar tapır. Üstəlik, boççia ilə təkcə böyüklər deyil, uşaqlar arasında da xeyli məşğul olan var. Əlil idmançılar onunla az vaxtda məşğul olmasına baxmayaraq, bu yaxınlarda Minsk şəhərinə təlim-məşq toplanışına yola düşəcək və orada həmin ölkədən olan həmkarları ilə yoldaşlıq görüşündə qüvvələrini sınayacaqlar. Əlillər Təşkilatları İttifaqının sədri Davud Rəhimli və digər çıxış edənlər təşəbbüsü təqdir edib, əlil idmançıların cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən tədbirə uğurlar arzulayıblar. Gənc rəqqasların ifa etdikləri nömrələrdən sonra yığma komanda üzvlərinin iştirakı ilə boççia yarışına start verilib. Yaşıl xalı üzərində qızğın yarış başlanıb. Əlil idmançılar göy və qırmızı topları meydanın mərkəzində qoyulmuş cekə-ağ topa doğru atırdılar. Oyun getdikcə qızışır, tamaşaçılar onları alqışlayırdılar. Heç kim uduzmaq istəmirdi. İdmanın gözəlliyi də elə bundadır...

24-09-2017
“Xəzərin sahilində” adlı musiqi festivalına start verilib

Sentyabrın 23-də Dənizkənarı Milli Parkda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Xəzərin sahilində” adlı musiqi festivalına başlanılıb.  Festivala müxtəlif janrlarda çıxış edən iyirmidən artıq ifaçı və qrup qatılıb. Azərbaycanda ilk dəfə keçirilən küçə musiqisi festivalı üçün Dənizkənarı Milli Parkda xüsusi yerlər ayrılıb. İki gün davam edəcək festivalda ifaçılar öz repertuarlarını təqdim edəcəklər. Tədbirin ən maraqlı məqamlardan biri - səhnələrdən birinin boş saxlanılaraq, arzu edən hər kəsə burada ifa etmək imkanının yaradılması olacaq. Festivalda Azərbaycanın tanınmış müğənnilərinin iştirakı, müxtəlif səhnə şoularının təşkili də nəzərdə tutulur. Festivalın məqsədi Bakıda küçə musiqiçilərinə münasibəti daha da yaxşılaşdırmaq, gəncləri musiqi ətrafında toplayaraq onların vaxtının xoş keçməsinə nail olmaqdır.

23-09-2017
Bakıda Ümumdünya Avtomobilsiz Gününə həsr olunmuş veloyürüş keçirilib

Ümumdünya Avtomobilsiz Günü (World Carfree Day) münasibətilə sentyabrın 22-də Heydər Əliyev Mərkəzi, IDEA İctimai Birliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının təşkilatçılığı, Bakı Nəqliyyat Agentliyinin dəstəyi ilə Bakıda maarifləndirmə xarakterli kütləvi aksiyalar təşkil edilib. Tədbir çərçivəsində əvvəlcə “İş yerinə velosipedlə!” şüarı altında veloyürüş keçirilib. İki yüzdən çox velosipedçi, skeytbordçu və rollerin qatıldığı yürüşün əsas məqsədi insanlar arasında davamlı və ekoloji təmiz nəqliyyat növlərindən, ictimai nəqliyyatdan istifadəni, eləcə də piyada gəzməyi təbliğ etmək, nəticədə atmosferə atılan tullantıların azaldılmasına töhfə verməkdir. “Azneft” dairəsindən başlayan veloyürüş Heydər Əliyev Mərkəzində başa çatıb.