24-11-2016
Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın. 2. “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi əsasında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxs yaradılsın. 3. “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın. 4. “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılsın. 5. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılsın. 6. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi əsasında “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs yaradılsın. 7. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılsın. 8. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın. 9. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi əsasında “Tərcümə Mərkəzi” publik hüquqi şəxs yaradılsın. 10. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilsin və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilsin. 11. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilsin. 12. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 12.1. bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslərin Nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 12.2. bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 12.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 12.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 12.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 12.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 13. Bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu Fərmanın 1-9-cu hissələrində qeyd edilən icra hakimiyyəti orqanları öz fəaliyyətlərini davam etdirsinlər. 14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 noyabr 2016-cı il.

08-11-2016
Dövlət Bayrağı Günü ilə əlaqədar ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edilib VİDEO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin kollektivi 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Sonra idarənin kollektivi Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyub.    

08-11-2016
9 Noyabr Dövlət Bayrağı Günü Münasibəti ilə Dövlət Bayrağı muzeyində tədbir keçirilib VİDEO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirib. Dövlət Bayrağı Muzeyində keçirilmiş tədbirdə idarənin rəisi İlqar Mustafayev Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışıb. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanıb. Dövlətimizin başçısının bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan İ.Mustafayev bildirib ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Dövlət Bayrağı Meydanında Dövlət Bayrağı Muzeyi də yaradılıb. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev xalqımızın öz torpağına, dövlətçiliyinə və tarixinə sonsuz sevgisindən bəhrələndiyini, üçrəngli bayrağımızın 70 ildən sonra yenidən göylərə yüksəldiyini, başımızın üstündə daha əzəmətlə dalğalandığını vurğulayıb. O qeyd edib ki, 1918-ci ildə yüksələn bayraq xalqımızın tarixi yaddaşında, hər birimizin canında və ruhunda əbədi ucaldılıb. Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva qeyd edib ki, Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin yaradılması Azərbaycan xalqının və dövlətimizin başçısının dövlətçilik tariximizə olan hörməti, dövlət rəmzlərinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Dövlət Bayrağı Muzeyinin yaradılmasının əsas məqsədi dövlətçilik tariximizin geniş təbliğ olunması, cəmiyyət arasında və xüsusən gənc nəsildə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsindən ibarətdir. Dövlət rəmzlərimizi təbliğ etmək, cəmiyyətdə milli dəyərlərimizə hörmət və sevgi aşılamaq hər bir vətəndaşın əsas işi olmalıdır. Sonra Dövlət Bayrağı Muzeyinin dövlət rəmzlərinin təbliği istiqamətində fəaliyyətinə həsr olunan fotosərgi nümayiş etdirilib. Daha sonra Dənizkənarı Bulvar İdarəsinin layihəsi əsasında çəkilmiş, dövlət bayrağına və Dövlət Bayrağı Meydanına həsr edilmiş filmin təqdimatı olub.

05-11-2016
Dənizkənarı Milli Parkda “Bayraq yürüşü” keçirilib VİDEO

Noyabrın 5-də Dənizkənarı Milli Parkda Təhsil Nazirliyinin  təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib. 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak ediblər. Yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tələbə və şagirdlər Vətənə, bayrağımıza həsr olunmuş şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər. “Bayraq yürüşü” “Azneft” meydanından başlanıb və Dövlət Bayrağı Meydanında başa çatıb.

23-10-2016
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyi münasibətilə Bakıda veloyürüş keçirilib

Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25-ci ildönümü münasibətilə Bakıda veloyürüş keçirilib. 200-dən çox peşəkar və həvəskar velosipedçinin iştirak etdiyi veloyürüş Dövlət Bayrağı Meydanından start götürüb, Heydər Əliyev Mərkəzinin binasının qarşısında başa çatıb. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov jurnalistlərə müsahibəsində dövlət müstəqilliyimizin bərpa olunmasının 25 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini söyləyib. Veloyürüşün “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır” adı altında keçirildiyini diqqətə çatdıran İctimai Birliyin sədri gənclərin belə tədbirlərdə fəallıq göstərməsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, müstəqilliyimizin bərpa edilməsinin 25-ci ildönümü ilə əlaqədar idman, mədəniyyət sahələrində təşkil olunan tədbirlər həm də gənclərin asudə vaxtlarını səmərəli keçirmələri baxımından xüsusi önəm kəsb edir. Qeyd edək ki, “İrəli” İctimai Birliyi veloyürüşü Azərbaycan Velosiped İdmanı Federasiyasının, Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin və “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının təşkilati dəstəyi ilə keçirib.

03-10-2016
Oktyabrın 1-i Dənizkənarı Milli Parkda "Avropa şəhərciyi 2016" festivalı keçirilib.

Oktyabrın 1-də Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə səyi və Dənizkənarı Bulvar İdarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi-2016” festivalını təşkil edib.  Dənizkənarı Milli Parkda baş tutan tədbirdə Avropa İttifaqına daxil olan 22 ölkənin mədəniyyətini, adət-ənənəsini və turizm potensialını əks etdirən stendlər quraşdırılıb. Avropa İttifaqının Azərbaycandakı səfiri, xanım Malena Mard çıxış edərək bildirib ki, “Avropa şəhərciyi” Aİ-yə üzv ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Festivalın keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Vurğulanıb ki, “Avropa şəhərciyi-2016” festivalı çərçivəsində uşaq və böyüklər üçün çoxsaylı müsabiqə və viktorinalar, Avropa ölkələrinə virtual səyahətlər, milli rəqs və karaoke ifaları, feys-art, şahmat yarışı və digər maraqlı proqramlar təşkil olunacaq. “Avropa Şəhərciyi” bütün əhali üçün açıq ictimai məkanda təşkil edilən bir tədbirdir. Müsabiqə və viktorina qaliblərini isə xüsusi hədiyyələr gözləyir. Diplomat hər kəsi əyləncə dolu gündən zövq almağa dəvət edib. Sonra festival açıq elan olunub. İştirakçılar “qaspaço” və “paella” kimi tanınmış Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna tamaşa etməklə yanaşı, izza xəmirinin virtuoz-aşpaz tərəfindən havada fırladılması şousunu da yaxından izləmək imkanı əldə ediblər. Festivalda xüsusi olaraq uşaqlar üçün sehrbazın çıxışı və müxtəlif şoular da təşkil olunub. “Səs Azərbaycan” layihəsi iştirakçılarının ifası ilə davam edən festival məşhur fransız DJ David Vendetta və skripkaçı Micah möhtəşəm konsert proqramı ilə iştirakçıların zövqünü oxşayıb. Qeyd edək ki, sözügedən festival 2013-cü ildən etibarən keçirilir.