12-12-2016
Ümummilli lider Heydər Əliyevin vəfatının 13-cü ildönümü ilə bağlı tədbir keçirilib

 Dekabrın 12-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin Dövlət Bayrağı Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş  anım tədbiri keçirilib.Tədbiri çıxış sözü ilə Dövlət Bayrağı Muzeyinin direktor müavini Samir Hüseynov açıb.Daha sonra Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin  Aparat rəhbəri Elmir Bağırov, Dövlət Bayrağının Təbliği və Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiri Nazim Məcidov, Dövlət Bayrağı Muzeyinin direktor müavini Samir Hüseynov çıxış etdilər. Natiqlər ümummilli liderimiz Heydər Əliyevin siyasi kursundan, dövlətçilik tariximizdə gördüyü fəaliyyətlərdən söhbət açdılar. Tədbirin sonunda  xalqımızın  ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmə baxmışdır.  Daha sonra İdarənin əməkdaşları ümummilli lider Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət etdilər.

24-11-2016
Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Mərkəzi icra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi əsasında “Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın. 2. “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi əsasında “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi” publik hüquqi şəxs yaradılsın. 3. “Mərkəzi icra hakimiyyəti orqanının statusuna bərabər sayılan dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi əsasında Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın. 4. “Dövlət orqanı” hüquqi statusuna malik Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) əsasında “Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC)” publik hüquqi şəxs yaradılsın. 5. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi əsasında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs yaradılsın. 6. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi əsasında “Dənizkənarı Bulvar İdarəsi” publik hüquqi şəxs yaradılsın. 7. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyi əsasında “Bakı Nəqliyyat Agentliyi” publik hüquqi şəxs yaradılsın. 8. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi əsasında “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxs yaradılsın. 9. “İcra hakimiyyəti orqanı” hüquqi statusuna malik Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi əsasında “Tərcümə Mərkəzi” publik hüquqi şəxs yaradılsın. 10. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin tabeliyinə verilsin və onun səlahiyyətləri Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə həvalə edilsin. 11. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidmətinin istifadəsində olan dövlət əmlakı Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinə verilsin. 12. Azərbaycan Respublikasının Nazirlər Kabineti: 12.1. bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslərin Nizamnaməsinin layihəsini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 12.2. bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərini həyata keçirənlər barəsində təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 12.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; 12.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 12.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; 12.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin. 13. Bu Fərmanın 1-9-cu hissələri ilə yaradılan publik hüquqi şəxslər “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, bu Fərmanın 1-9-cu hissələrində qeyd edilən icra hakimiyyəti orqanları öz fəaliyyətlərini davam etdirsinlər. 14. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 24 noyabr 2016-cı il.

08-11-2016
Dövlət Bayrağı Günü ilə əlaqədar ulu öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət edilib VİDEO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin kollektivi 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyub. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb. Sonra idarənin kollektivi Şəhidlər xiyabanına gedərək Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyub.    

08-11-2016
9 Noyabr Dövlət Bayrağı Günü Münasibəti ilə Dövlət Bayrağı muzeyində tədbir keçirilib VİDEO

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi 9 noyabr - Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirib. Dövlət Bayrağı Muzeyində keçirilmiş tədbirdə idarənin rəisi İlqar Mustafayev Azərbaycanın müstəqillik rəmzi olan dövlət bayrağının yaranması tarixindən danışıb. O, hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğunu diqqətə çatdırıb. Qeyd edilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb. Bununla da üçrəngli bayrağımız həyata yenidən vəsiqə qazanıb. Dövlətimizin başçısının bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan İ.Mustafayev bildirib ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə, 2009-cu il noyabrın 17-də isə Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncamlar imzalayıb. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Dövlət Bayrağı Meydanında Dövlət Bayrağı Muzeyi də yaradılıb. Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev xalqımızın öz torpağına, dövlətçiliyinə və tarixinə sonsuz sevgisindən bəhrələndiyini, üçrəngli bayrağımızın 70 ildən sonra yenidən göylərə yüksəldiyini, başımızın üstündə daha əzəmətlə dalğalandığını vurğulayıb. O qeyd edib ki, 1918-ci ildə yüksələn bayraq xalqımızın tarixi yaddaşında, hər birimizin canında və ruhunda əbədi ucaldılıb. Dövlət Bayrağı Muzeyinin direktoru Könül İmamverdiyeva qeyd edib ki, Dövlət Bayrağı Meydanının və Dövlət Bayrağı Muzeyinin yaradılması Azərbaycan xalqının və dövlətimizin başçısının dövlətçilik tariximizə olan hörməti, dövlət rəmzlərinə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Dövlət Bayrağı Muzeyinin yaradılmasının əsas məqsədi dövlətçilik tariximizin geniş təbliğ olunması, cəmiyyət arasında və xüsusən gənc nəsildə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsindən ibarətdir. Dövlət rəmzlərimizi təbliğ etmək, cəmiyyətdə milli dəyərlərimizə hörmət və sevgi aşılamaq hər bir vətəndaşın əsas işi olmalıdır. Sonra Dövlət Bayrağı Muzeyinin dövlət rəmzlərinin təbliği istiqamətində fəaliyyətinə həsr olunan fotosərgi nümayiş etdirilib. Daha sonra Dənizkənarı Bulvar İdarəsinin layihəsi əsasında çəkilmiş, dövlət bayrağına və Dövlət Bayrağı Meydanına həsr edilmiş filmin təqdimatı olub.

05-11-2016
Dənizkənarı Milli Parkda “Bayraq yürüşü” keçirilib VİDEO

Noyabrın 5-də Dənizkənarı Milli Parkda Təhsil Nazirliyinin  təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirilib. 9 noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, Milli Məclisin deputatları, ali təhsil müəssisələrinin rektorları, müəllim, tələbə və şagirdlər iştirak ediblər. Yürüşün keçirilməsinin əsas məqsədi milli atributlarımızın təbliği, gənclərə vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır. Yürüş Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanıb. Tələbə və şagirdlər Vətənə, bayrağımıza həsr olunmuş şeirlər söyləyib, mahnı və rəqslər ifa ediblər. “Bayraq yürüşü” “Azneft” meydanından başlanıb və Dövlət Bayrağı Meydanında başa çatıb.