30-04-2018
Bakıda möhtəşəm Formula 1 Azərbaycan Qran-Prisi başa çatıb

Aprelin 29-da Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar. Dövlətimizin başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Kompleksdə Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir. Sonra pilotların paradı və himn mərasimi keçirildi. Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət etdilər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul edilən yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət ediləcəklər. Daha sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu. Dövlət himnini Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin pianoda müşayiəti ilə “Səs Azərbaycan” musiqi yarışmasının qalibi Samirə Əfəndi ifa etdi. x x x Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Fox Sport” televiziya kanalına müsahibə verdi. Prezident İlham ƏLİYEV: Bu, dünya əhəmiyyətli bir tədbirdir. Biz çox şadıq ki, üçüncü dəfə Formula 1 Bakıda keçirilir. Hamı yarışdan həzz alır. Əminəm ki, qonaqlar da həzz alır, onlar burada bizimlədirlər. Onlar Azərbaycan xalqının qonaqpərvərliyini görürlər. Qonaqlar şəhərimizin necə də gözəl olduğunu görürlər və bu, möhtəşəm bir tədbirdir. Biz çox şadıq. Müxbir: Siz bu küçələri tanıyırsınız, bu gün kim qalib gələcək? Prezident İlham ƏLİYEV: Mən bilmirəm. Hər kəsə qalib olmağı arzu edirəm və qalib gələn hər kəs burada qəhrəman olacaq. Müxbir: Təşəkkür edirəm. X X X Sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verildi. Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayandılar. Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir. Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində 20 pilotdan 13-ü finiş xəttinə çata bildi. Azərbaycan Qran-Prisinin qalibi “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton oldu. Pilot məsafəni 1 saat 43 dəqiqə 44,291 saniyəyə başa vurdu. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü oldular. Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Qran-Prinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim etdi. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mercedes” komandasının nümayəndəsi Uilyam Qolbourna təqdim etdi. İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər. Qeyd edək ki, Bakı trekində qalib gəlməklə Luis Hamilton “Ferrari”nin pilotu Sebastian Fetteli qabaqlayaraq çempionatda liderliyi ələ alıb. Bu qələbə sayəsində xallarının sayını 70-ə çatdıran britaniyalı pilot birinci sıraya yüksəlib. İkinci sıraya geriləyən S.Fettelin aktivində 66 xal var. Azərbaycan Qran-Prisində ikinci yeri tutan “Ferrari”nin pilotu Kimi Raikkonen xal ehtiyatını 48-ə çatdıraraq üçüncü sırada qərarlaşıb. Qran-Pridə üçüncü olan “Force India” komandasının pilotu Serxio Peres isə 9-cu sıraya yüksəlib. Komandaların yarışında isə “Ferrari” komandası 114 xalla birinci sıradadır. “Mercedes” 110 xalla ikinci, “Red Bull Racing” isə 55 xalla üçüncü sırada qərarlaşıblar. Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar 6 kilometrlik Bakı şəhər trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Birinci sərbəst yürüşdə “Mercedes” komandasının pilotu Valtteri Bottas qalib gəlib. “Red Bull Racing” komandasının pilotu Daniel Rikkardo ikinci, “Force India”nın pilotu Serxio Peres isə üçüncü olublar. İkinci sərbəst yürüşdə “Red Bull Racing”in pilotu Daniel Rikkardo fərqlənib. “Ferrari”nin pilotu Kimi Raykonnen ikinci, “Red Bull Racing”in digər pilotu Maks Ferstappen isə üçüncü sırada qərarlaşıblar. Yarışın üçüncü sərbəst yürüşü aprelin 28-də keçirilib. Gərgin idman mübarizəsi şəraitində keçən yürüşdə “Ferrari” komandasının pilotu Sebastian Fettel birinciliyə yüksəlib. “Mercedes”in pilotu Luis Hamilton yürüşü ikinci, “Ferrari”nin digər pilotu Kimi Raikkonen isə üçüncü yerdə başa vurub. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib. Qran-Pri çərçivəsində Formula 2 üzrə yarışların qalibləri də müəyyənləşib. Aprelin 28-də keçirilmiş ilk yarışda “Dams” komandasının pilotu Aleksander Albon qalib adını qazanıb. “ART Grand Prix”in pilotu Cek Aitken ikinci, “Charouz Racing System”in üzvü Antonio Fuoko üçüncü yeri tutublar. Aprelin 29-da keçirilən ikinci yürüşün qalibi isə “ART Grand Prix” komandasının pilotu Corc Russel olub. “Carlin” komandasının pilotu Serjio Sette Kamara finiş xəttinə ikinci, “Pertamina Prema Theodore Racing”in pilotu Nik De Vries üçüncü çatıblar. Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı pilotu Daniel Rikkardonun qələbəsi ilə başa çatıb. Dünyada yarım milyard tamaşaçı auditoriyası olan Formula 1 yarışının növbəti dəfə Bakıda keçirilməsi ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirir. Son illərdə birinci Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və bir çox nüfuzlu beynəlxalq yarışlara uğurla ev sahibliyi edən paytaxt Bakının Formula 1 kimi mühüm yarışı da yüksək səviyyədə təşkil etməsi bir daha Azərbaycanın idman dövləti olduğunu, bu missiyanın ölkəmizin timsalında hər zaman özünü doğrultduğunu təsdiqləyir. Bütün bunlar da ölkəmizin dünyada getdikcə artan nüfuzundan, siyasi və iqtisadi sahədə qazandığı uğurların yetərincə olmasından qaynaqlanır. Bu, həm də onu göstərir ki, qədim tarixə, zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə, ən əsası da parlaq idman ənənələrinə malik ölkəmiz qarşıya qoyulan hər bir məqsədə, hər bir niyyətə uğurla çatır. Formula 1 yarışlarının Bakı mərhələsi dünyada böyük maraq toplayıb. Almaniyalı Herman Tilke tərəfindən layihələndirilən şəhər trası nadirliyi ilə seçilir. Ona görə ki, Monte-Karlo, Melburn, Monako və Sinqapur kimi Azərbaycan Qran-Prisi də şəhər trasına ev sahibliyi edir. Belə ki, Bakıda keçirilən yarış zamanı avtomobillər Dənizkənarı Bulvar boyunca hərəkət edir, şəhərin ən qədim hissəsi olan və UNESCO-nun dünya irsi siyahısına daxil edilən İçərişəhər Tarix-Memarlıq Qoruğunun ətrafında dövr edirdi. Beləliklə, yarışı izləyən televiziya tamaşaçıları və qonaqlar şəhərimizin gözəlliyini görmək imkanı qazanırlar. Beləliklə, növbəti Formula 1 Azərbaycan Qran-Prisi uğurla başa çatdı. Bu dəfə də bu mötəbər yarışı qəbul edən Bakı dünya tamaşaçılarına və şəhərimizin qonaqlarına maraqlı idman yarışı təqdim etməklə yanaşı, Azərbaycanın belə mötəbər yarışlara uğurla ev sahibliyi etdiyini nümayiş etdirdi. Qarşıda hələ neçə-neçə mötəbər beynəlxalq yarışların keçiriləcəyi paytaxtımız yenə də dünyanın diqqət mərkəzinə çevrildi, Formula 1 tamaşaçıları ölkəmizdə gedən inkişaf proseslərinin şahidi oldular.

27-04-2018
Bakıda Formula 1 üzrə Azərbaycan Qran Prisi həyacanı başlayır

Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin verdiyi məlumata əsasən, trasda hər biri iki pilotla təmsil olunana 10 komanda yarışacaq. Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebestyan Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var. Qeyd edək ki, bu gün Bakı Şəhər Halqasında Formula 2 bolidlərinin sərbəst yürüşləri, həmçinin F2 pilotlarının təsnifat mərhələsi keçiriləcək. Bundan başqa, Bakı trekində Formula 1 bolidlərinin birinci və ikinci sərbəst yürüşləri baş tutacaq.Əvvəlki illərdə olduğu kimi, Formula 1 Əyləncə zonası Dənizkənarı Milli Parkda təşkil olunacaq. Bu il dünya ulduzlarının konsert proqramları “Bakı Kristal Zalı”nda keçiriləcək. Tamaşaçıların konsert zonasına rahat gediş-gəlişini təmin etmək üçün “Azneft dairəsi” ilə “Kristal Zal” arasında xüsusi avtobuslar da fəaliyyət göstərəcək. Qeyd edək ki, Bakıda 3-cü dəfə keçirilən Formula 1 yarışları aprelin 29-dək davam edəcək.

16-04-2018
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir. Belə ki, İdarənin tabeliyindəki Dövlət Bayrağı Muzeyi "Şirvanşahlar sarayı Kompleksi" Dövlət Tarix-Memarlıq qoruq muzeyi ilə birgə  Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr olunmuş "Vətən" adlı mühazirə ilə 6 aprel 2018-ci il tarixində  45 saylı orta məktəbdə, İdarənin tabeliyindəki Dövlət Bayrağı Muzeyi isə 13 aprel 2018-ci il tarixində 189-190 nömrəli tam orta məktəblərdə keçirilmişdir. Mühazirələrin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir. Mühazirələrdə şagirdlərə Azərbaycan bayrağının  günümüzə qədər  keçdiyi tarixi yol, Azərbaycanın dövlət atributları haqqında  məlumat verilib, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanıb. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirib, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşüblər.

28-03-2018
“Rənglərin bahar təravəti” sərgisinin qalibləri mükafatlandırılıblar

Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) təşkilati dəstəyi ilə keçirilən “Rənglərin bahar təravəti” açıq hava sərgisinin qaliblərinin martın 28-də mükafatlandırılması mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə sərginin təşkili və qaliblərin seçilməsi haqqında məlumat verilib. Bildirilib ki, sərgi zamanı qaliblər ziyarətçilər tərəfindən səsvermə yolu ilə müəyyən edilib və 65 iştirakçı arasından seçilib. Belə ki, əsərlər nömrələnib və sərgidə iştirak edən on minə yaxın ziyarətçi üç gün ərzində bu nömrələr üzrə daha çox bəyəndiyi əsərə səs veriblər. Sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarov, Heydər Əliyev Fondunun incəsənət məsələləri üzrə eksperti Emin Məmmədov, “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aydan Ramazanova və “FAB Boya və Kimya Sənayesi” MMC-nin direktoru Kənan Məhərrəmov çıxış edərək sərginin istedadlı gənclərin üzə çıxarılmasında, o cümlədən milli-adət ənənələrimizin qorunması və təbliğində oynadığı roldan danışıblar. Qeyd edilib ki, Heydər Əliyev Fondunun mənəvi irsimizin qorunması istiqamətində gördüyü işlər, təşkil etdiyi sosial layihələr təqdirəlayiqdir. Çıxışlar zamanı yaradıcı gənclərin rəngarəng əl işlərinin paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonaqlarının və turistlərin də diqqətini cəlb etdiyi vurğulanıb, onlara uğurlar arzulanıb. Daha sonra mükafatlandırma mərasimi başlayıb. Sərgidə ilk üç yeri Ülviyyə Əliyeva, Jalə Əzizova və Rima Əliyeva tutublar. Sərgidə regionlardan həm peşəkar, həm də həvəskar 14 rəssam iştirak edib. Onların arasında üçüncü yerin sahibi həvəskar rəssam Rima Əlizadə İsmayıllı rayonundandır. İlk üç yerin qaliblərinə, o cümlədən həvəsləndirici pillələrin sahiblərinə diplom, sertifikat, pul mükafatları və müxtəlif hədiyyələr də verilib. Xatırladaq ki, “Rənglərin bahar təravəti” dekorativ tətbiqi sənət əsərlərinin sərgisi martın 19-da başlamışdı. “Regional İnkişaf” İctimai Birliyi, Dənizkənarı Bulvar İdarəsi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası və “FAB Boya və Kimya Sənayesi” MMC ilə birgə həyata keçirilən layihə martın 21-dək davam edib. Layihədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələri, eləcə də paytaxt və regionlardan olan peşəkar və həvəskar rəssamlar iştirak ediblər. Üç gün davam edən sərgidə nümayiş etdirilən əl işləri Novruz bayramının simvollarından olan yumurta maketlərinin üzərində çəkilib. Novruz bayramı günlərində həyata keçirilən layihənin məqsədi milli-adət ənənələrimizi yaşatmaq, eyni zamanda, yaradıcı gənclərə dəstək olmaqdır.

25-03-2018
Dənizkənarı Milli Parkda “Yer saatı 2018” ekoloji kampaniyası keçirilib

Martın 24-də Bakıda “Yer saatı 2018” beynəlxalq kampaniyası çərçivəsində iqlim dəyişikliyi əleyhinə kütləvi tədbir keçirilib. Tədbir kampaniyanın Azərbaycan üzrə rəsmi əlaqələndiricisi olan IDEA İctimai Birliyi, “Cavan” Gənclər Hərəkatı İctimai Birliyi və Dünya Vəhşi Təbiət Fondunun Azərbaycan nümayəndəliyinin (WWF Azərbaycan) birgə təşkilatçılığı ilə keçirilib. Aksiya iştirakçıları Dənizkənarı Milli Parkda toplaşaraq şəhərin mərkəzi hissəsində yerləşən böyük binaların fasad işıqlarının bir saatlıq söndürülməsi prosesini müşahidə ediblər. Gənclər simvolik “qırmızı düymə”yə basaraq birgə aksiyaya start veriblər. Daha sonra onlar rəmzi gerisayımda kampaniyanın simvolu olan “60+” yazısının şamlarla işıqlandırılmasında və velosiped yürüşündə iştirak ediblər. Dörd yüz nəfərə yaxın gəncin qoşulduğu “Yer saatı 2018” aksiyası zamanı əyləncəli fləşmoblar, məşhur rəqs qruplarının “Yer saatı” konsepsiyasına uyğun rəqsləri, hədiyyəli müsabiqələr, tədbir müddətində fasiləsiz musiqi və digər sürprizlər gənclərin böyük marağına səbəb olub. “Yer saatı” dünyada ətraf mühitə həsr olunmuş ən böyük hərəkat olaraq, milyonlarla insanı iqlim dəyişikliyinin dayandırılması uğrunda səfərbər edir. 2007-ci ildə Avstraliyanın Sidney şəhərində sadəcə işiqların kütləvi söndürülməsi aksiyası kimi başlanmış “Yer saatı” kampaniyası 2017-ci ildə 187 ölkə tərəfindən qeyd edilib. Kampaniya ətraf mühitlə bağlı bir sıra konkret nəticələrə, o cümlədən sosial şəbəkələrdə qlobal maarifləndirmənin artırılması və insanların ətraf mühit fəallarına çevrilməsinə gətirib çıxarıb. IDEA İctimai Birliyi tərəfindən ötən il 10 illiyi qeyd edilən “Yer saatı” kampaniyası çərçivəsində ölkəmizdə təşkil edilən genişmiqyaslı aksiyaya 300 nəfərdən çox gənc qoşulub. Beynəlxalq “Yer saatı 2018” kampaniyasının Azərbaycan üzrə rəsmi əlaqələndiricisi qismində çıxış edən IDEA İctimai Birliyi bu il ölkəmizdə keçirilən “Yer saatı” kampaniyasına qoşulduğuna görə Heydər Əliyev Fonduna, Heydər Əliyev Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə, Hökumət Evinə, “Hilton Baku”, “JW Marriott Absheron”, “Bulvar”, “Intourist” otellərinə, “Park Bulvar” ticarət mərkəzinə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə, Dənizkənarı Bulvar İdarəsinə, Bakı Olimpiya Stadionuna, “Baku Crystall Hall”a, Milli Gimnastika Arenasına, bütün regionlar üzrə “ASAN xidmət” mərkəzlərinə, ADA Universitetinə və “Alov qüllələri” kompleksinə minnətdarlığını bildirir. İqlim dəyişikliyi təhlükəsinin ciddiliyini, ona qarşı mübarizənin isə bəşəriyyət üçün vacibliyini nəzərə alaraq, IDEA İctimai Birliyi hər kəsi bu problemin həllinə töhfə verməyə, enerjiyə qənaət etməklə israfçılığa yol verməməyə çağırır.

19-03-2018
Dənizkənarı Milli Parkda dekorativ tətbiqi sənət əsərlərinin sərgisi

19-21 mart 2018-ci il tarixində Regional İnkişaf İctimai Birliyi,Azərbaycan Dövlət Rəssamlıq Akademiyası,FAB Boya  və Kimya Sənayesi MMC və Dənizkənarı Bulvar İdarəsinin birgə təşkilatçılığı ilə "Rənglərin bahar təravəti" adlı dekorativ tətbiqi sənət əsərlərinin açıq hava sərgisi təşkil olunur.Dənizkənarı Milli Parkda təşkil olunan sərgidə 60-dan çox rəssamın əsərləri  xüsusi hazırlanmış,  70 sm x 50 sm ölçüdə olan yumurta maketlərinin üzərinə çəkiləcək. Sərginin məqsədi -milli adət-ənənələrimizi  unutmamaq,onları sevdirmək və təbliğ etməkdir.