31-01-2018
Hakimiyyət rəmzi olan bayraqlar – ştandartlar

Veksillologiyada (bayraqları öyrənən elm) bayrağın xüsusi növlərindən biri olan, vəzifəli şəxslərin bayrağı sayılan ştandartlar əhəmiyyətinə görə seçilir. Ştandart (qədim fransız dilində estandart) sözü ilk dəfə yazılı mənbələrdə təxminən 1230-cu illərə təsadüf edir. Orta əsrlərdə Avropada ordunun bölmə və hissələrinin fərqləndirici bayraqlarına da ştandart deyilirdi. İlk vaxtlar ştandartlarda adətən təsviri şüarlar var idi. Daha sonralar isə bayraqlara müqəddəs sayılan şəxslərin təsvirləri də əlavə edildi. Bundan əlavə, ştandart həm də hakimiyyətin, dövlət rəhbərlərinin atributu sayılırdı. Ştandartlar orta əsrlərdə müxtəlif heraldik təsvirlər ilə bəzədilirdi. Belə ki, hökmdarların ştandartlarında gerb tam olaraq təsvir edilmirdi. Gerbin müəyyən motivləri burada öz əksini tapırdı. Ştandartların asılması və qaldırılması ənənəsi orta əsrlərdə hökmdarların hakimiyyətini və qüdrətini vurğulamağa xidmət edirdi. Qədim dövlətçilik tarixinə malik Azərbaycanda orta əsrlərdə mövcud olmuş dövlətlərin hökmdarlarının da şəxsi bayraqları-ştandartları var idi. Bunların sırasında Ağqoyunlu hökmdarı Uzun Həsənin, Səfəvi hökmdarı Şah İsmayıl Xətainin, Gəncə xanı Cavad xanın və digərlərinin ştandartlarını nümunə kimi göstrəmək olar. Hazırda bir sıra dövlətlərin başçılarının qanunla müəyyən edilmiş qaydada ştandartları vardır.

23-01-2018
Konstitusiyanın tarixi

Konstitusiya hər bir müstəqil dövlətin ali qanunudur. Bu ali qanun xalqın hüquq və azadlıqlarını təmin edir. Konstitusiya latın dilindəki «constitucio» sözündəndir. Bu sözün mənası «quruluş», «təsisat», «qurmaq», «təsis etmək» deməkdir. Bu ifadənin tarixi kökü qədim zamanlarla bağlıdır. Hələ antik dövrün mütəfəkkirləri “konstitusiya” terminindən istifadə edirdilər. Roma imperatorlarının verdikləri qərar və sərəncamları məhz konstitusiya adlanırdı.         Orta əsrlər və Yeni dövr antik dünyadan çox şey mənsimsəyib. İlk konstitusiyaların yaranma tarixinə nəzər saldıqda qədim Roma və Yunan qanunvericiliyini  yada salmaq lazımdır. Bu qanunvericilik aktları vətəndaşlarla dövlət arasında münasibətləri tənzimləyirdi. Müasir konstitusiyaların ilkin forması “qanunlar toplusu” adlanmışdır.Tarixə məlum olan ilk qanunlar toplusu isə qədim şumer xalqı tərəfindən dörd min il bundan əvvəl yaradılmışdır.  Şəhər əhalisinin hüquqlarını tənzimləyən bu sənəd e.ə. 2300-cü ildə şumer hökmdarı tərəfindən hazırlanmışdı. Lakin bizim dövrümüzə gəlib çatan ilk qədim konstitusiya Ur şəhərinə məxsusdur. Bu konstitusiya e.ə. 2050-ci ilə aiddir.  Eyni zamanda tarixdə “Hammurapi qanunları” (e.ə 1755-1752-ci illər) kimi qalmış, Babil hökmdarı Hammurapinin qanunlar toplusu ilk müasir konstitusiyaların nümunələrindən hesab olunur. Bu qanunlar toplusu 282 maddədən ibarət olmuşdur. Hammurapi qanunları özünəməxsusluğu və sərtliyi ilə se­­çilir. Hammurapi qanunları bu gün bütövlükdə hüquqi cə­hət­­­dən əhəmiyyətli olmasa da, ibrətamiz mövqeyini qo­ru­yub saxlayır. Etimoloji baxımdan konstitusiya terminindən ilk dəfə Qədim Romada imperator hakimiyyətinin ayrı-ayrı qərar və fərmanlarının adlandırılması üçün istifadə olunmuşdur. Orta əsrlərdə Avropada feodal-zadəgan imtiyazlarını nəzərdə tutan qərar və fərmanlar da sözün hərfi mənasına uyğun olaraq bu cür adlandırılmışdır. Dünyada ilk yazılmamış (şifahi) konstitusiya Böyük Britaniyaya aiddir. Bu konstitusiya 1215-ci ildə  İngiltərədə qəbul olunub və “Azadlıqların Böyük Toplusu” (“Magna Carta”) adlanıb. Dünyada ilk yazılı – müasir anlamda konstitusiyanın qəbulu 1787-ci ildə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Konstitusiyasının qəbulu ilə hesablanır. Ondan əvvəlki dövrdə də konstitusiyalar mövcud olsa da,  onlar müasir anlamda konstitusiya anlayışının ifadə etmirdi. ABŞ-ın konstitusiyasının maddələrində xeyli sayda dəyişiklik aparılsa da, hələ də qüvvədədir. Avropada isə ilk yazılı konstitusiyalar 1791-ci il Polşa və Fransa Konstitusiyaları hesab olunur.  Azərbaycanda isə  Konstitusiyanın tarixi Xalq Cümhuriyyəti dövrünə təsadüf etmişdir. Bele ki, Azərbaycan Cümhuriyyətinin ilk hüquqi sənədi Konstitusiya aktı statusuna malik olan İstiqlal Bəyannaməsi idi. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin xalq cümhuriyyəti formasında yarandığı bəyan olunmuşdur. Sənəddə dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdı. Bəyannamədə hakimiyyətin xalqa mənsub olması, vətəndaşların hüquqlarının təmin edilməsi, hər bir şəxs üçün şərait yaradılması nəzərdə tutulmuşdu. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu müddətdə də respublikanın müxtəlif vaxtlarda konstitusiyaları qəbul edilmişdir. Bu 1921,1927,1937 və 1978-ci illərə təsadüf etmişdir. 18 oktyabr 1991-ci il tarixində «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı»nın qəbul edildi. Bu akt yeni Konstitusiyanın hazırlanması üçün başlanğıc sayılır. Yeni konstitusiyanın qəbul edilməsinin ilk təşəbbüskarı və müəllifi məhz ümummilli liderimiz Heydər Əliyev olmuşdur.  Suveren və müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyasının layihəsini hazırlamaq üçün ulu öndər Heydər Əliyevin sədrliyi ilə 33 nəfərdən ibarət Konstitusiya Komissiyası yaradılmışdı. Əgər sovet Azərbaycanının Konstitusiyaları ancaq o dövrün qanunverici orqanları tərəfindən qəbul edilirdisə, müstəqil Azərbaycanın ilk milli Konstitusiyası isə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur. 1995-ci il noyabrın 12-də Azərbaycan Respublikası Konstitusiyasının ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi Azərbaycanın dövlətçilik tarixində xüsusi yer tutan mühüm tarixi hadisədir. Müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul olunduğu gün – 12 noyabr Azərbaycan Respublikasının Konstitusiyası Günü kimi qeyd olunur. Əsas Qanun sayılan Azərbaycan Respublikasının Konstitusiyası giriş, 5 bölmə, 12 fəsil, 158 maddə və keçid müddəalarından ibarətdir. 2002-ci il 24 avqust, 2009-cu il 18 mart və 2016-cı il 26 sentyabr tarixli referendumlarda Konstitusiyanın müəyyən maddələrinə əlavə və dəyişikliklər edilmişdir.

17-01-2018
Heydər Əliyev və Azərbaycan bayrağı

Milli dövlətçiliyimizin memarı Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Ümummilli lider Heydər Əliyev hər zaman müstəqil Azərbaycan dövlətinə xidmət etmişdir. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri dövlət rəmzlərinin bərpası istiqamətində gördüyü işlərdir.        Azərbaycanın müstəqilliyini təcəssüm etdirən Dövlət bayrağının qəbulu Ulu öndərin adı ilə bağlıdır.        Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasına rəhbərlik edən Ulu öndərin təşəbbüsü ilə üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edilmişdi. Onun tarixi xidməti sayəsində 1991-ci il fevral ayının 5-də isə üçrəngli bayraq bütün Azərbaycanın Dövlət bayrağı kimi qəbul edildi.       Üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik dövrü tariximizin ən şanlı hadisələrindən biridir. Bu əlamətdar hadisə müstəqilliyə gedən yolumuzun başlanğıcı hesab edilir.       Ulu öndər dövlət rəmzlərini, xüsusən, Dövlət bayrağını həmişə diqqət mərkəzində saxlamışdır. O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu.       Dövlət rəmzlərinə göstərilən  qayğı qanunvericilik səviyyəsində də öz əksini tapmışdır. 1995-ci il 12 noyabrda Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş  Azərbaycan Respublikası Konstitusiyasının 23 və 75-ci maddələrində Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himninə xüsusi yer ayrılmışdır. Konstitusiyada hər bir vətəndaşın Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və himninə hörmətlə yanaşmasının vacibliyi vurğulanır.        Heydər Əliyev tərəfindən sonralar da dövlət rəmzlərinin təbliği istiqamətində işlər davam etdirilmişdir. 1998-ci il 13 mart tarixində Ulu öndər tərəfindən imzalanan “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam dövlət rəmzlərimizin, xüsusilə,  bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu sərəncamın əsasında dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənclər arasında təbliği genişlənmiş, gənc nəsildə azərbaycançılıq, dövlətçilik, müstəqillik  hissləri güclənmişdir.          Heydər Əliyev xalq qarşısında çıxışları zamanı müstəqillik rəmzimizdən qürurla danışırdı. “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir… Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa dövlətə olan məhəbbətə bərabər olsun”.        Bu gün də dövlət rəmzlərimizə olan ali münasibət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulmuş müstəqil Azərbaycanın inkişafı indi ölkə başçısının sayəsində özünün yeni mərhələsinə daxil olub.  

16-01-2018
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir.Belə ki,İdarənin Dövlət Bayrağı Muzeyi bu dəfə 15 noyabr  2017-ci il tarixində  müvafiq olaraq  Bakı şəhəri Nəsimi rayonu 16 nömrəli texniki humanitar liseydə orta məktəbdə Dövlət Bayrağının təbliği mövzusunda növbəti dəyirmi masa və mühazirə təşkil etmişdir. Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natəvan Əsədova mühazirələrlə çıxış etmişdir. Mühazirənin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir. Mühazirədə şagirdlərə Azərbaycan bayrağının  günümüzə qədər  keçdiyi tarixi yol, Azərbaycanın dövlət atributları haqqında  məlumat verilib, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanıb. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirib, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşüblər.

09-01-2018
Azərbaycan xanlıqlarının bayraqları

   XVIII əsrdə Azərbaycan yarımmüstəqil dövlətlərə - xanlıqlara parçalanmışdı. Hər bir xanlıq özünü ayrı-ayrılıqda müstəqil elan etmiş, hər birinin dövlət rəmzləri, pul nümunələri, möhürləri, və s. mövcud olmuşdur. Azərbaycan xanlıqlarının bayraqları XVI-XVIII əsrlərə aid gözəl şərq parçalarından tikilmişdir. Onlar müxtəlif naxış və yazılarla bəzədilmiş, üçkünc, dördkünc, beşkünc və düzbucaq formalarda olmuşlar. Bu bayraqların üzərindəki naxışlar təbii boyalarla çəkilmişdir. Bayraqlara müxtəlif rəngli ipək, eləcə də qızılı və gümüşü saplardan zər saçaqlar salınmışdır. Xanlıqların bayraqları üzərində Qurandan ayələr, kəlamlar öz əksini tapmışdır. Burada “Allahdan kömək və yaxın qələbə”, “Mərhəmətli Allahın adı ilə”, “Məhəmməd Allahın elçisidir”, “Məhəmməd, möminləri müjdələ” kimi ifadələr tez–tez təkrarlanır. Onu da qeyd etmək lazımdır ki, xanlıqların Çar  Rusiyası  tərəfindən işğalından sonra bir çox  dövlət atributları, o cümlədən bayraqları qənimət kimi aparılaraq, sonradan Gürcüstan və Rusiya muzeylərinə daşındı. Bu bayraqlar 1924-cü ildə Tiflisdə yerləşən Qafqaz Hərb  Tarixi Muzeyindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Bu bayraqlar sırasında Bakı, Gəncə, İrəvan, Şəki xanlıqlarının bayraqlarını göstərmək olar. Bakı xanlığının moruğu rəngli bayrağının  parçasına qızılı, gümüşü və moruğu saplarla naxışlar salınmışdır. Bayrağın üzərində ərəb dilində “Ya Məhəmməd, möminləri müjdələ” və “Allahdan kömək və yaxın qələbə”, eləcə də “Allah kömək edəndir və Allah qoruyandır” ifadələri yazılmışdır. Dördkünc formada olan Gəncə xanlığının bayrağı iki yaşıl və bir moruğu rəngli şaquli zolaqdan ibarət idi. Zolaqlar üzərində qızılı və al-qırmızı rəngdə yazılar yazılmış və naxışlar verilmişdir. Bayrağın üzərindəki “Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir” ifadəsi beş dəfə təkrarlanmışdır. Gəncə xanlığının digər bir bayrağı dördkünc formada ipək parçadan hazırlanmışdır. Parça üç üfüqi zolaqdan ibarətdir: üst və alt zolaqlar – çəhrayı, mərkəzi zolaq – qızılı-sarı rəngdədir. Mərkəzdə qəhvəyi rəngli kətandan kəsilmiş üç balıq tikilmişdir. Balıqlar bolluq-bərəkət, müdriklik, ayıqlıq rəmzi olmuşdur.  Dördkünc formada olan, zoğalı rəngli ipək parçadan ibarət İrəvan xanlığının bayrağına aslan və günəş təsvirləri tikilmişdir. Bayraqda aslan pəncəsində qılınc tutmuş şəkildə təqdim edilmişdir. Aslanın arxasında doğan sarı Günəş və onun qızılı şüaları görünür. Aslan və günəş eyni zamanda güc, qüdrət rəmzi olmuşdur.Bayraq üzərində "Mərhəmətli, rəhmli Allahın adı ilə", "Kömək Allahdandır və yaxın qələbə"  kimi Quran ayələri də yazılmışdır.          Azərbaycan xanlıqlarına məxsus ən böyük bayraq olan Şəki xanlığının  bayrağı beşbucaq formalı idi. Moruğu rəngli orta hissəsi sarı ipək saplarla işlənmişdir. Bayrağın mərkəzi hissəsində altıguşə və səkkizguşəli ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvari və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Xanlıqlar dövründə dövlət bayraqları ilə yanaşı Azərbaycan xanlarının hakimiyyət rəmzi sayılan şəxsi bayraqları da var idi. Bunlara misal olaraq bu vaxta qədər gəlib çıxan İrəvan xanı Hüseynqulu xanın, Şəki xanı Səlim xanın və digərlərin bayraqlarını göstərmək olar. İrəvan xanı Hüseynqulu xanın düzbucaqlı üçbucaq formasında olan bayrağı tünd qırmızı parçadan tikilmişdir. Bayrağın yuxarı enli hissəsində şir və günəş təsvirləri var və ərəb dilində “Mən (şəriət) qanuna uyğun hərəkət edirəm” yazılmışdır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Şəki xanı Səlim xanın bayrağı düzbucaqlı üçbucaq formasında olmuş, bayrağın üz və astar tərəfləri müxtəlif növ parçalardan tikilmişdir. Parçanın üz hissəsi ağ rəngdə olan ipəkdən hazırlanmışdır.  Bu bayraq digər xanların bayraqlarından fərqli olaraq daha qədim tarixə malik olmuşdur. Belə ki, bayraq  1606-cı ildə hindistanlı Hacı Hüseyn tərəfindən hazırlanmış, Nadir şahın Hindistan yürüşündə əldə etdiyi qənimətlərdən biri olmuşdur. Bayraq Hindistanda hazırlandığı üçün üzərində sanskrit (hind) yazıları var idi. Daha sonra  bu yazılar pozulmuş və yerinə Nadir şahın adını xatırladan ərəb və fars dillərində yazılar əlavə edilmişdir. Bayrağı 1746-ci il Şəki xanlığı ilə sülh danışıqları gedişində Nadir şah Hacı Çələbi xana bağışlamışdır. Sonralar Şəki xanı Səlim xan bu bayrağı öz hakimiyyət rəmzi olan bayraq kimi təsdiqləmişdir. Bayraqda Quran ayələrindən ayrı-ayrı sözlər də yazılmışdır: Həmçinin yazıların birində “Böyük sultan, ən böyük xaqan, insan başlarının ağası Nadir şah, Allah onun hakimiyyətini əbədi etsin, 1151-ci il” (1742-1743) ifadələri yazılmışdır.  Beləliklə, dövlətçiliyimizin əsas atributlarından sayılan bayraqlardan XVIII əsr Azərbaycan xanlıqları dövründə də geniş istifadə olunmuşdur. Azərbaycan xanlıqlarına aid bu bayraqlar dövlətçilik tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

04-01-2018
Dənizkənarı Milli Parkda “Qış nağılı” festivalı keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 30-dan yanvarın 3-dək  Dənizkənarı Milli Parkda paytaxtımızın sakinləri və qonaqları olan uşaqlar üçün “Qış nağılı” festivalı baş tutub. Festival Bakı Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilib.  Festival çərçivəsində Balaca və Karlsonun, Maşa və Ayının sərgüzəştləri balacalara sevinc dolu anlar bəxş edib, Şaxta baba və Qar qız uşaqlarla rəqs edib, ölkənin ən yaxşı animatorları Karib dənizinin quldurları kostyumlarında əyləncəli oyunlar keçiriblər. Moskva teatrının “Maşa və Ayı”, “Balaca və Karlson” tamaşaları uşaqları sanki Yeni il nağılına aparıb. Şəhərin ən yaxşı artistləri uşaqlarla birlikdə Yeni il bayramını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançada qeyd ediblər. Bayram günlərində müxtəlif uşaq kollektivləri, rəqs ansamblları, teatr tamaşaları nümayiş olunub, əyləncəli viktorinalar keçirilib.