17-01-2018
Heydər Əliyev və Azərbaycan bayrağı

Milli dövlətçiliyimizin memarı Heydər Əliyevin həyatı, siyasi və idarəçilik fəaliyyəti tariximizdə müstəsna yer tutur. Ümummilli lider Heydər Əliyev hər zaman müstəqil Azərbaycan dövlətinə xidmət etmişdir. Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısında ən böyük xidmətlərindən biri dövlət rəmzlərinin bərpası istiqamətində gördüyü işlərdir.        Azərbaycanın müstəqilliyini təcəssüm etdirən Dövlət bayrağının qəbulu Ulu öndərin adı ilə bağlıdır.        Belə ki, 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasına rəhbərlik edən Ulu öndərin təşəbbüsü ilə üçrəngli dövlət bayrağının bərpa edilməsi, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edilmişdi. Onun tarixi xidməti sayəsində 1991-ci il fevral ayının 5-də isə üçrəngli bayraq bütün Azərbaycanın Dövlət bayrağı kimi qəbul edildi.       Üçrəngli bayrağın Azərbaycan Respublikasının dövlət rəmzi kimi qəbul edilməsi müstəqillik dövrü tariximizin ən şanlı hadisələrindən biridir. Bu əlamətdar hadisə müstəqilliyə gedən yolumuzun başlanğıcı hesab edilir.       Ulu öndər dövlət rəmzlərini, xüsusən, Dövlət bayrağını həmişə diqqət mərkəzində saxlamışdır. O, Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörməti Vətənə, xalqa, dövlətə olan məhəbbət və hörmətə bərabər tuturdu.       Dövlət rəmzlərinə göstərilən  qayğı qanunvericilik səviyyəsində də öz əksini tapmışdır. 1995-ci il 12 noyabrda Heydər Əliyevin təşəbbüsü ilə qəbul edilmiş  Azərbaycan Respublikası Konstitusiyasının 23 və 75-ci maddələrində Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himninə xüsusi yer ayrılmışdır. Konstitusiyada hər bir vətəndaşın Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və himninə hörmətlə yanaşmasının vacibliyi vurğulanır.        Heydər Əliyev tərəfindən sonralar da dövlət rəmzlərinin təbliği istiqamətində işlər davam etdirilmişdir. 1998-ci il 13 mart tarixində Ulu öndər tərəfindən imzalanan “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam dövlət rəmzlərimizin, xüsusilə,  bayrağımızın təbliği baxımından mühüm əhəmiyyət daşıyır. Bu sərəncamın əsasında dövlət rəmzlərinin mahiyyətinin və əhəmiyyətinin gənclər arasında təbliği genişlənmiş, gənc nəsildə azərbaycançılıq, dövlətçilik, müstəqillik  hissləri güclənmişdir.          Heydər Əliyev xalq qarşısında çıxışları zamanı müstəqillik rəmzimizdən qürurla danışırdı. “Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir… Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin. Onda bayrağa olan məhəbbət eyni zamanda Vətənə, xalqa dövlətə olan məhəbbətə bərabər olsun”.        Bu gün də dövlət rəmzlərimizə olan ali münasibət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən davam etdirilir. Əsası Ulu öndər tərəfindən qoyulmuş müstəqil Azərbaycanın inkişafı indi ölkə başçısının sayəsində özünün yeni mərhələsinə daxil olub.  

16-01-2018
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi Dövlət Bayrağının təbliğini davam etdirir.Belə ki,İdarənin Dövlət Bayrağı Muzeyi bu dəfə 15 noyabr  2017-ci il tarixində  müvafiq olaraq  Bakı şəhəri Nəsimi rayonu 16 nömrəli texniki humanitar liseydə orta məktəbdə Dövlət Bayrağının təbliği mövzusunda növbəti dəyirmi masa və mühazirə təşkil etmişdir. Muzeyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Natəvan Əsədova mühazirələrlə çıxış etmişdir. Mühazirənin keçirilməsində məqsəd məktəbliləri milli-mənəvi dəyərlərə, dövlət atributlarına hörmət və Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissini yüksəltməkdən ibarətdir. Mühazirədə şagirdlərə Azərbaycan bayrağının  günümüzə qədər  keçdiyi tarixi yol, Azərbaycanın dövlət atributları haqqında  məlumat verilib, müvafiq tarixi günlərin əhəmiyyəti vurğulanıb. Eləcə də, şagirdlər bayrağımıza həsr olunmuş şeirlər səsləndirib, Azərbaycanın dövlət atributları ilə bağlı fikirlərini bölüşüblər.

09-01-2018
Azərbaycan xanlıqlarının bayraqları

   XVIII əsrdə Azərbaycan yarımmüstəqil dövlətlərə - xanlıqlara parçalanmışdı. Hər bir xanlıq özünü ayrı-ayrılıqda müstəqil elan etmiş, hər birinin dövlət rəmzləri, pul nümunələri, möhürləri, və s. mövcud olmuşdur. Azərbaycan xanlıqlarının bayraqları XVI-XVIII əsrlərə aid gözəl şərq parçalarından tikilmişdir. Onlar müxtəlif naxış və yazılarla bəzədilmiş, üçkünc, dördkünc, beşkünc və düzbucaq formalarda olmuşlar. Bu bayraqların üzərindəki naxışlar təbii boyalarla çəkilmişdir. Bayraqlara müxtəlif rəngli ipək, eləcə də qızılı və gümüşü saplardan zər saçaqlar salınmışdır. Xanlıqların bayraqları üzərində Qurandan ayələr, kəlamlar öz əksini tapmışdır. Burada “Allahdan kömək və yaxın qələbə”, “Mərhəmətli Allahın adı ilə”, “Məhəmməd Allahın elçisidir”, “Məhəmməd, möminləri müjdələ” kimi ifadələr tez–tez təkrarlanır. Onu da qeyd etmək lazımdır ki, xanlıqların Çar  Rusiyası  tərəfindən işğalından sonra bir çox  dövlət atributları, o cümlədən bayraqları qənimət kimi aparılaraq, sonradan Gürcüstan və Rusiya muzeylərinə daşındı. Bu bayraqlar 1924-cü ildə Tiflisdə yerləşən Qafqaz Hərb  Tarixi Muzeyindən Milli Azərbaycan Tarixi Muzeyinə təhvil verilmişdir. Bu bayraqlar sırasında Bakı, Gəncə, İrəvan, Şəki xanlıqlarının bayraqlarını göstərmək olar. Bakı xanlığının moruğu rəngli bayrağının  parçasına qızılı, gümüşü və moruğu saplarla naxışlar salınmışdır. Bayrağın üzərində ərəb dilində “Ya Məhəmməd, möminləri müjdələ” və “Allahdan kömək və yaxın qələbə”, eləcə də “Allah kömək edəndir və Allah qoruyandır” ifadələri yazılmışdır. Dördkünc formada olan Gəncə xanlığının bayrağı iki yaşıl və bir moruğu rəngli şaquli zolaqdan ibarət idi. Zolaqlar üzərində qızılı və al-qırmızı rəngdə yazılar yazılmış və naxışlar verilmişdir. Bayrağın üzərindəki “Allahdan başqa ilahi qüvvə yoxdur, Məhəmməd Allahın elçisidir” ifadəsi beş dəfə təkrarlanmışdır. Gəncə xanlığının digər bir bayrağı dördkünc formada ipək parçadan hazırlanmışdır. Parça üç üfüqi zolaqdan ibarətdir: üst və alt zolaqlar – çəhrayı, mərkəzi zolaq – qızılı-sarı rəngdədir. Mərkəzdə qəhvəyi rəngli kətandan kəsilmiş üç balıq tikilmişdir. Balıqlar bolluq-bərəkət, müdriklik, ayıqlıq rəmzi olmuşdur.  Dördkünc formada olan, zoğalı rəngli ipək parçadan ibarət İrəvan xanlığının bayrağına aslan və günəş təsvirləri tikilmişdir. Bayraqda aslan pəncəsində qılınc tutmuş şəkildə təqdim edilmişdir. Aslanın arxasında doğan sarı Günəş və onun qızılı şüaları görünür. Aslan və günəş eyni zamanda güc, qüdrət rəmzi olmuşdur.Bayraq üzərində "Mərhəmətli, rəhmli Allahın adı ilə", "Kömək Allahdandır və yaxın qələbə"  kimi Quran ayələri də yazılmışdır.          Azərbaycan xanlıqlarına məxsus ən böyük bayraq olan Şəki xanlığının  bayrağı beşbucaq formalı idi. Moruğu rəngli orta hissəsi sarı ipək saplarla işlənmişdir. Bayrağın mərkəzi hissəsində altıguşə və səkkizguşəli ulduzlar, həndəsi qab fiqurları çəkilmiş, onların arasında isə, dəyirmi, rombvari və üçbucağa oxşar kiçik fiqurlar salınmışdır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Xanlıqlar dövründə dövlət bayraqları ilə yanaşı Azərbaycan xanlarının hakimiyyət rəmzi sayılan şəxsi bayraqları da var idi. Bunlara misal olaraq bu vaxta qədər gəlib çıxan İrəvan xanı Hüseynqulu xanın, Şəki xanı Səlim xanın və digərlərin bayraqlarını göstərmək olar. İrəvan xanı Hüseynqulu xanın düzbucaqlı üçbucaq formasında olan bayrağı tünd qırmızı parçadan tikilmişdir. Bayrağın yuxarı enli hissəsində şir və günəş təsvirləri var və ərəb dilində “Mən (şəriət) qanuna uyğun hərəkət edirəm” yazılmışdır. Bayrağın hər iki üzündəki təsvirlər eynidir. Şəki xanı Səlim xanın bayrağı düzbucaqlı üçbucaq formasında olmuş, bayrağın üz və astar tərəfləri müxtəlif növ parçalardan tikilmişdir. Parçanın üz hissəsi ağ rəngdə olan ipəkdən hazırlanmışdır.  Bu bayraq digər xanların bayraqlarından fərqli olaraq daha qədim tarixə malik olmuşdur. Belə ki, bayraq  1606-cı ildə hindistanlı Hacı Hüseyn tərəfindən hazırlanmış, Nadir şahın Hindistan yürüşündə əldə etdiyi qənimətlərdən biri olmuşdur. Bayraq Hindistanda hazırlandığı üçün üzərində sanskrit (hind) yazıları var idi. Daha sonra  bu yazılar pozulmuş və yerinə Nadir şahın adını xatırladan ərəb və fars dillərində yazılar əlavə edilmişdir. Bayrağı 1746-ci il Şəki xanlığı ilə sülh danışıqları gedişində Nadir şah Hacı Çələbi xana bağışlamışdır. Sonralar Şəki xanı Səlim xan bu bayrağı öz hakimiyyət rəmzi olan bayraq kimi təsdiqləmişdir. Bayraqda Quran ayələrindən ayrı-ayrı sözlər də yazılmışdır: Həmçinin yazıların birində “Böyük sultan, ən böyük xaqan, insan başlarının ağası Nadir şah, Allah onun hakimiyyətini əbədi etsin, 1151-ci il” (1742-1743) ifadələri yazılmışdır.  Beləliklə, dövlətçiliyimizin əsas atributlarından sayılan bayraqlardan XVIII əsr Azərbaycan xanlıqları dövründə də geniş istifadə olunmuşdur. Azərbaycan xanlıqlarına aid bu bayraqlar dövlətçilik tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

04-01-2018
Dənizkənarı Milli Parkda “Qış nağılı” festivalı keçirilib

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar olaraq dekabrın 30-dan yanvarın 3-dək  Dənizkənarı Milli Parkda paytaxtımızın sakinləri və qonaqları olan uşaqlar üçün “Qış nağılı” festivalı baş tutub. Festival Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi və Azərbaycan Gənclər İttifaqının təşkilatçılığı ilə keçirilib.  Festival çərçivəsində Balaca və Karlsonun, Maşa və Ayının sərgüzəştləri balacalara sevinc dolu anlar bəxş edib, Şaxta baba və Qar qız uşaqlarla rəqs edib, ölkənin ən yaxşı animatorları Karib dənizinin quldurları kostyumlarında əyləncəli oyunlar keçiriblər. Moskva teatrının “Maşa və Ayı”, “Balaca və Karlson” tamaşaları uşaqları sanki Yeni il nağılına aparıb. Şəhərin ən yaxşı artistləri uşaqlarla birlikdə Yeni il bayramını A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının arxasında yerləşən meydançada qeyd ediblər. Bayram günlərində müxtəlif uşaq kollektivləri, rəqs ansamblları, teatr tamaşaları nümayiş olunub, əyləncəli viktorinalar keçirilib.

27-12-2017
Orta əsrlər Azərbaycan dövlətlərinin bayraqları

Azərbaycan dünyanın qədim dövlətçilik ənənələrinə malik ərazilərindən sayılır. Beş min illik dövlətçilik tarixi olan xalqımız müxtəlif dövrlərdə güclü dövlətlərə sahib olmuşdur. Həmin dövlətlərin hər birinin müstəqillik rəmzləri var idi və onların sırasında bayraqlar əhəmiyyətinə görə seçilirdi. Bu dövrdə tarixi Azərbaycan ərazisində mövcud olmuş Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər dövlətlərinin bayraqları haqqında mənbələrdə məlumatlar yer alıb. 1410-1468-ci illərdə mövcud olan Qaraqoyunlu dövlətində döyüşlər zamanı bayrağa xüsusi önəm verirdilər. Onlar bayrağı güc və qələbə rəmzi hesab edirdilər. Döyüşə gedərkən rəngli bayraqlarla hücuma keçirdilər. Bu cür bayraqlar uzaqdan daha yaxşı görsənməklə yanaşı, həm də başçının mövqeyini göstərirdi. Qaraqoyunlu dövlətinə aid bayrağın təsviri Türkiyənin Topqapı Sarayındakı xəzinə kitabxanasında saxlanılan xəritədə verilmişdir. Bu bayraq sarı fonun ortasında qırmızı dördkünc formada təsvir edilmişdir.  Tarixi mənbələrdə bu bayrağın təsviri ilə bağlı hər hansı bir açıqlama yoxdur. Lakin güman etmək olar ki, belə təsvir Qaraqoyunluların döyüşkənliyi ilə əlaqədardır. Qırmızı rəng bayraqşünaslıqda igidliyi, mərdliyi, şücaəti, sarı rəng isə zənginlik, ədalətlilik, səxavəti bildirir. Qaraqoyunlular dövlətindən sonra hakimiyyətə gələn Ağqoyunlu dövlətinin (1468-1501) bayraqları haqqında da məlumat vardır. İstanbulun Topqapı Muzeyində aşkar edilmiş, Ağqoyunlu dövlətinin əsasını qoyan Uzun Həsənin  bayrağı ağac sapa taxılmış ağ parçadan ibarətdir. Uzunsov üçbucaqlı ağ parça üzərində qızılı hərflər ilə “Sultan Həsən Bahadur” sözləri yazılmış, mərkəzdə Uzun Həsənin tuğrasının təsviri, kənarlarında isə Qurandan ayələr verilmişdir. XVI əsrin əvvəllərində Azərbaycanın dövlətçilik tarixinində müstəsna rola malik olan Səfəvilər dövləti (1501-1736) meydana gəldi. Səfəvilərin hakimiyyəti dövründə də qəbul olunmuş bayraqlar mahiyyətinə görə seçilirdi.  Səfəvilər dövlətinin  bayraqları və dövlətçilik tarixinin öyrənilməsində XVI əsr Təbriz miniatürləri  bir mənbə kimi böyük əhəmiyyətə malikdir. Bu miniatürlərdə Şah İsmayıl Xətainin dövrünə aid bayraqlar və bayraq ucluqları təsvir edilmişdir. Belə üçkünc formada olan bayraqların birinin üzərində  “Ey Allahın vəlisi Əli” yazılmışdır. Səfəvilər dövlətinin banisi Şah İsmayıl Xətainin dövründə istifadə olunan bayraqlar haqqında bir sıra mənbələrə rast gəlmək olar. Tarixi bir mənbədə qeyd edilir ki, onun bayrağı çox iri olub, ağ rəngli parçadan hazırlanmışdır. Bayrağın üzərində Quran-i Kərim”dən ayə yazılıb. (“Allahdan kömək və yaxın bir zəfər vardır”) Şah İsmayıl Xətainin dövründə Səfəvilər dövlətində aypara və ulduzlu bayraqlardan istifadə edilirdi. Tarixçilər Şah İsmayıl Xətainin Bağdada özünün   ay - ulduzlu bayraqları altında yaxınlaşdığını yazırlar. Bəzi səyyahlar Səfəvilər dövründə üzərində Quran ayələri və şiə məshəbinə aid bəzi yazılar olan ensiz bayraqlardan söz açırlar. Bu bayraqlarda Həzrəti Əlinin ikibaşlı zülfüqar qılıncının olduğu da qeyd edilir. Səfəvilər dövlətinin bayrağında  İslam dininin rəmzi olan yaşıl rəng üstünlük təşkil etmişdir. Səfəvilərin dövlət bayraqları dördkünc formalı yaşıl, ipək parçadan hazırlanmışdır. Bayrağın üzərində aslan və günəş təsvirləri verilmişdir. Bu təsvirlər dövlətin türk milli ənənələrinə və qədim tarixə söykəndiyini göstərir. Aslan – güc, qüvvət, igidlik, günəş isə var-dövlət, bolluq rəmzi olmuşdur. Beləliklə, Orta əsrlərdə də Azərbaycanda müstəqillik rəmzi sayılan bayraqdan geniş istifadə edilmişdir. Bu ənənə sonralar da davam  etdirilmiş və xalqımızın əvəzedilməz müstəqillik rəmzinə çevrilmişdir.

19-12-2017
Himnin yaranma tarixi

Dövlət bayrağı və gerbi ilə yanaşı digər dövlət rəmzimiz himndir. Himn  mühüm təbliğat vasitəsidir. Himn əsasən bayram şənlikləri, siyasi nümayişlər, rəsmi dövlət qəbulları, hərbi paradlarda oxunur.   Dövlət himni müstəqilliyin və birliyin müqəddəs rəmzidir. Dövlət himninə dərin ehtiram bəsləmək hər bir vətəndaşın vətənpərvərlik borcudur. Dövlət himni səslənərkən hər bir kəs himni ayaq üstə dinləməli və ya oxumalıdır . "Himn" ("humnos")  sözü yunan mənşəlidir. Qədim köklərə malik himnlər bayraq və gerblərdən daha əvvəl yaranmışdır. İlk vaxtlar qədim Yunanıstanda allahları və qəhrəmanları mədh edən təntənəli nəğmələri bildirirdi. Qədim himnlər (şumer, akkad, misir, yunan, roma, hind, yəhudi və s.) sitayiş xarakteri daşıyırdı. Şumer ədəbiyyatında himnin xüsusi mövqeyi olmuşdu. Burada ilk himnlər erkən sülalələr dövrünə təsadüf edir. Şübhəsiz ki, himnlər allahlara kollektiv olaraq sitayiş və müraciət formalarından biri idi. Şumer ədəbiyyatında bizə məlum olan himnlərin əksəriyyəti Nippur şəhərinin himayədarı Enlilə aiddir. Bundan başqa, çar və məbədlərə də himnlər bəslənmişdir. Şumer dövlətində bütün çarlar ilahiləşdirilmədiyinə görə, yalnız bu statusa malik çarlara himnlər həsr edilirdi. Bir qayda olaraq allahların şərəfinə oxunan, mədh tərifləmə xüsusiyyəti daşıyan himnlər adətən bayram ziyarətləri zamanı mahnı kimi ifa olunurdu. Allahların əməlləri sadalanır, adları çəkilir və onlardan kömək istənilirdi. Hesab edirlər ki, ən qədim himnlərdən biri e.ə. XXIII əsrdə Akkad çarı Sarqonun qızı, şairə En-Hedu-Anna tərəfindən yazılıb. O, bu himndə ay tanrısı Nanna və onun qızı ilahə İnanna haqqında yazıb. Qədim Misirdə firon Amenxotepin günəş allahına yazdığı himn də bizə gəlib çatmışdır. Burada günəş allahının qüdrəti təsvir olunub. Misirlilər Nil çayını da müqəddəs hesab etdiklərinə görə bu çaya da himnlər yazmışdılar. Onlar Nil çayını canlı varlıq və allah hesab edirdilər. Zərdüştlüyün kitabı sayılan Avestanın “Yaşt” bölməsində də himnlərə yer ayrılmışdı. Bu himnlər də dini xarakter daşımışdır. Qədim mədəniyyətə və tarixə məxsus Hindistanda da himnlər mövcud idi. Qədim hindlilərin yaratdığı ilk əsərlərdən biri vedlər hesab olunur. Ved sözü sanskrit dilindən tərcümədə bilik mənasını verir. Vedlər dörd qrupa bölünür və birinci qrupa himnlər (riqveda) daxildir. Riq sanskrit dilində himn deməkdir və bu himnlər təxminən e.ə 1500-cü illərə aid edilir. Bu himnlər əsasən çoxsaylı allahların şərəfinə oxunmuşdur. Burada ildırım, günəş, səma, od,ölüm allahlarına himnlər həsr edilib. 1950-ci illərdə indiki Suriya ərazisində Uqarit şəhərində aşkar edilmiş kitabədə 3400 il bundan əvvələ aid himn tapılmışdır. Bu himn ay allahının  yoldaşı Nikalanın şərəfinə yazılmışdı. Qədim Misir və Mesopotomiyada himnlər dua xarakteri daşıyırdı.  Poetik və musiqi ilə müşayət edilən himnlər ilk olaraq yunanlara məxsusdur. Burada himnlər xorla oxunur və rəqslə müşayət edilirdi. Yunanıstanda Apollon, Dionis, Zevs və başqa allahlara həsr edilən himnləri nümunə olaraq göstərmək olar. Avropada, xristian kilsələrində himnlərin oxunması bizim eranın III-IV əsrlərinə aiddir. Bu müqəddəs kitab olan İncilin mətnlərinin ifası formasındaydı. Xristian himnləri İsa Peyğəmbər və digər müqəddəslərin mədhinə həsr edilmişdi.  Uzun müddət himn Avropa ölkələrində dini nəğmə və mahnıları bildirmək üçün işlədilirdi. İndiki dövrdə isə milli müstəqillik və milli birlik rəmzi funksiyasını daşıyır. Müasir Avropada yazılmış ilk milli himnlərdən biri Hollandiya Respublikasına aiddir. XVI əsrdə hollandlar ispan ağalığına qarşı mübarizə aparırdılar. O zaman ispan ağalığına qarşı mübarizə aparan qraf Oranlı Vilhelmə mahnı həsr edilmişdi. Bu mahnı sonradan Hollandiyanın himninə çevrildi. Avropa ilk olaraq geniş yayılmış milli himn ingilislərə aiddir. “İlahi, kralı qoru” adlı himnin müəllifi Henri Keri idi. O musiqi müəllimi idi. Bu himn ilk dəfə olaraq 1774-cü ildə müəllifi göstərilmədən dərc edilmişdi. Bu himnin təsiri altında digər  Avropa ölkələrində də himnlər yazılmağa başlandı. İlk vaxtlar təxminən 20-ə yaxın ölkə öz himnlərini ingilislərin himninin musiqisi əsasında ifa edirdilər. Daha sonra isə himnlər üçün musiqilər bəslənməyə başlandı. Azərbaycanın Dövlət himninin tarixinə gəldikdə, 1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) milli himnin hazırlanması haqqında qərar qəbul etdi.  Bu məqsədlə  müsabiqə elan edildi. Lakin,  1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi. Azərbaycan Respublikasının ilk himni sovet dövrünə təsadüf edir. 1945-ci ildə qəbul edilən Azərbaycan SSR-in Dövlət himninin müəllifi Üzeyir Hacıbəyov olmuşdur. Himnin sözləri isə Səməd Vurğun və Süleyman Rüstəmə məxsus idi. 1978-ci ildə himnə dəyişikliklər edilmişdi. Müstəqil Azərbaycanın milli himninin qəbulu müstəqillik illərinə təsadüf etdi. 1992-ci il mayın 27-də Dövlət himni qəbul edildi. Bu himn hələ 1919-cu ildə yazılmışdı. Bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş  bu əsər "Azərbaycan marşı"  adlanırdı.