Dövlət Bayrağı Meydanı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007-ci il 17 noyabr tarixli, 2504 saylı Sərəncamına əsasən Bakı şəhərində Dövlət Bayrağı Meydanı yaradılmışdır.

2007-ci il 30 dekabr tarixində Prezident İlham Əliyevin iştirakı ilə Meydanın təməli qoyulmuş və 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılışı və bayrağın qaldırılması mərasimi olmuşdur.

Dənizkanarı 60 hektar ərazidə yerləşən Dövlət Bayrağı Meydanı Kompleksində parklar, gəzinti, istirahət və kütləvi idman-əyləncə tədbirlərinin keçirilməsi üçün sahələr mövcuddur.

Bayraq dirəyinin hündürlüyü 162 metr, bayrağın eni – 35 metr, uzunluğu - 70 metrdir və 2450 kvadratmetr sahəni əhatə edir.

Bu monumental kompleksin əhəmiyyətini artıran mühüm amil onun özündə dövlət rəmzlərini birləşdirən məkana çevrilməsidir. Hündürlüyü 5 metr olan pyedestal səkkizguşəli ulduzu simvolizə edir və ətrafında Azərbaycan Respublikasının xəritəsi, Azərbaycan Respublikasının dövlətçilik rəmzləri - himnin sözləri və gerb yerləşdirilmişdir.

Kompleksə Azərbaycanın qədim və müasir dövlətçilik tarixini əhatə edən, dəyərli eksponatların toplandığı Dövlət Bayrağı Muzeyi də daxildir.

Dövlət Bayrağı Meydanı Kompleksinin Azərbaycanın içtimai-siyasi həyatında mühüm rol oynadığını və mürəkkəb mühəndis-texniki qurğuların istismar fəaliyyətini nəzərə alaraq 2010-cu il noyabrın  24-də Azərbaycan Respublikası Prezidentinin 355 saylı Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsi yaradılmışdır.

Prezident İlham Əliyevin təşəbbüs və ideyası ilə yaradılmış, yüksək səviyyəli xarici qonaqların ziyarət etdiyi bu Meydan dövlət atributlarına olan ehtiramın nümunəsidir və xalqın dövlətə olan münasibətini nümayiş etdirir. Paytaxt Bakı şəhərinin əsas simvollarından biri olan Dövlət Bayrağı Meydanı Azərbaycan Respublikasının gücünü və qüdrətini təcəssüm etdirir və gələcək nəsillər üçün tarixi əhəmiyyətə malikdir.

 

Dövlət Bayrağı Meydanı

  1. Dövlət Bayrağı Meydanının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidentinin 2504 nömrəli sərəncamı - 17.11.2007-ci il
  2. Dövlət Bayrağı Meydanının inşasına başlanması -30.12.2007-ci il
  3. Dövlət Bayrağı Meydanının açılışı - 01.09.2010-cu il
  4. Dövlət Bayrağı Meydanının ümumi ərazisi - 3 ha
  5. Bayraq dirəyinin hündürlüyü - 162 m (dəniz səviyyəsindən 192 m).
  6. Bayraq dirəyinin çəkisi - 220 ton.
  7. Bayraq dirəyinin quruluşu -15 seksiyadan ibarətdir; iç hissəsində alpinistlər üçün nəzərdə tutulmuş pilləkənlər quraşdırılıb; 30 m/s əsən küləyə davamlıdır; dirəyin alt hissəsinin ölçüsü 3,2 m üst hissəsinin ölçüsü isə 1,09 m; hava şəraitindən asılı olaraq dirək 1,5 m qədər hərəkətə malikdir.
  8. Bayrağın ölcüləri: uzunluğu - 70 m; eni - 35 m; sahəsi - 2450 kvadrat metr.
  9. Bayrağın çəkisi - 220 kq (350 kq ilk bayraq).
  10. Bayrağın çəkisi yaş halda artır; 
  11. Bayrağı dəyişmə prosesi ümumi - 16-17 dəqiqə.
  12. Bayraq dirəyi pyedestal üzərində yerləşir.
  13. Pyedestal səkkizgüşəli ulduz formasında tikilmişdir. (cənab Prezident İlham Əliyevin şəxsi ideyasıdır)
  14. Pyedestalın ön hissəsi dövlət atributları ilə bəzədilmişdir.
  15. Qızıl suyuna salınmış bürüncdən hazırlanmış gerb - 16 ton.
  16. Qızıl suyuna salınmış bürüncdən hazırlanmış Dövlət Himni - 6,5 ton.
  17. Qızıl suyuna salınmış bürüncdən hazırlanmış xəritə - 6,7 ton.
  18. Pyedestalın iç hissəsində Dövlət Bayrağı Muzeyi yerləşir
  19. Dövlət Bayrağı Muzeyinin açılışı - 9.11.2010-cu il