Dövlət Bayrağı Muzeyi

   Dövlət Bayrağı Muzeyi 9 noyabr 2010-cu ildə - Dövlət Bayrağı Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva tərəfindən açılmışdır. Muzey Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə inşa olunmuş Dövlət Bayrağı Meydanında yaradılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında inşa olunmuş muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.

   Dövlət Bayrağı Muzeyi əhali arasında Azərbaycan Respublikasının Dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Dövlət atributlarına hörmət ruhunda tərbiyə edilməsi və onların tarixi keçmişimizlə tanışlığının təmin olunması məqsədilə yaradılmışdır.

   Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları nümayiş olunur. Burada həmçinin,  XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, XX əsrə aid Konstitusiya broşürları, poçt markaları, pul nümunələri,orden və medallar,Silahlı Qüvvələrin bayraqları, mərasim geyim formaları və s. eksponatlar nümayiş olunur.

Dünyada nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində həmçinin Ginnes dünya rekordları təşkilatının 2010-cu il may ayının 29-da Azərbaycanın Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikat da təqdim olunur.

   Monitorlarda dövlətçilik rəmzlərimizə aid video-çarxlar göstərilir. Muzeydə elektron kitabxana da fəaliyyət göstərir.