Bulvarın tarixi

   Müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhəri özünün tarixi-memarlıq görünüşünə görə onu dünyanın digər iri şəhərlərindən  fərqləndirən xüsusiyyətlərə malikdir. Bunlardan şəhərsalma nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edən, yerli əhali və xarici qonaqların əsas gəzinti və istirahət  məkanlarından biri olan dənizkənarı bulvardır. Bulvar fransız dilindən tərcümədə yaşıl sahə anlamına gəlir. İlk bulvar Qərbi Avropada XVII-XVIII əsrlərdə yaradılıb. Bulvar tozdan və səs-küydən müdafiə məqsədilə nəqliyyat yolundan yaşıllıq zolağı ilə ayrılmalıdır. Bulvar həm yerli əhalinin, həm də xarici qonaqların istirahətini mənalı təşkil etmək üçün yaradılan bir məkan rolunu oynayır.

   Azərbaycan Respublikasının paytaxtı da yüzillər ərzində formalaşan qədim şərq və müasir qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malikdir.Bakı şəhərinin əvəzsiz incilərindən olan dənizkənarı bulvar maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, eyni zamanda onun həm tarixi, həm də müasir simasını təşkil edən xüsusi təbii komplekslərdən biridir.

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Bakı bulvarı, dünyanın ən gözəl bulvarıdır. Həm təbii vəziyyətinə, həm abadlıq işlərinə, müasirliyinə, insanlar üçün yaradılmış rahatlığına görə, Bakının gözəlliyi bənzərsizdir,təkraredilməzdir.

    Bakı bulvarının ərazisində tikinti işlərinin başlanması XIX əsrin əvvəllərinə təsadüf edir. O dövrdə esplanadanın tikintisi yenicə başlayırdı və İçərişəhərin sahil zolağı hələ boş idi. XIX əsrin ikinci yarısında ensiz sahil zolağı əsasən iqtisadi məqsədlər üçün istifadə edilirdi. Burada anbarlar və körpülər yerləşirdi. 1860-cı illərdə “Qafqaz və Merkuri” paraxod şirkəti körpü və digər qurğuların tikintisini həyata keçirdi. Bu qurğular sahil zolağını 2 hissəyə böldü: qərbdə, qala boyunca-Aleksandrovski sahili və şərq istiqamətində, Bolşaya Morskaya prospektinə qədər Petrovski sahili. Belə vəziyyət şəhər strukturuna üzvi şəhərsalma elementi kimi daxil ola biləcək vahid sahil küçəsinin yaranmasına xidmət etmirdi.

  Sahil küçələrinin təsadüfi təmiri və rekonstruksiyası ümumi şəhərsalma problemini həll etmirdi, belə ki, qərbdəki neft mədənlərini şərqdə yerləşən emal zavodları ilə birləşdirən mühüm nəqliyyat arteriyası kimi sahil küçəsi, demək olar ki bütün gün ərzində hərəkətdə olan nəqliyyat üçün kifayət qədər buraxılış gücünə malik deyildi.Eyni zamanda şəhər əhəmiyyətli dərəcədə böyümüş, mərkəzi hissəsi genişlənmiş və sahilin tənzimlənməsi artıq həyatın tələbinə çevrilmişdi. Həm də dəniz sahilində suyun azalması bu məsələnin həllinin zəruri olduğunu göstərirdi.

   1862-cı ildə memar Qasım bəy Hacıbababəyov tərəfindən bütün sahil boyunca  anbar qurğularının yerləşdirilməsi haqqında layihə tərtib edildi. Lakin şəhərin sürətli inkişafına 1863-cü ildə icazə verilmiş  Avropa-fars tranzitin onun ərazisindən istiqaməti” çox təsir etmişdi və bu da sahilin abadlığının təkmilləşdirilməsinə təkan verdi. 1874-cü ilə aid “Qafqaz gündəliyində” bu məsələ ilə bağlı belə qeyd olunurdu: “Sahil, şəhəri dənizdən ayıran və havanın sərbəst hərəkətinə mane olan faydasız şəhər divarlarını əvəz etdi.

  1865-ci ildə Bakının hərbi qubernatoru və mülki hissə idarəsinin rəisi general-leytenant Mixail Petroviç Kolyubakinin xahişi ilə şəhəri dəniz sahilindən ayıran və özünün faydasızlığı ilə havanın sərbəst hərəkətinə mane olan köhnə şəhər divarının sökülməsinə görə icazə alınmışdı. Daşların tikinti materialı kimi satılmasından  44000 rubl xeyir götürüldü ki, bundan da körpünün və gözəllikdə yaxınlıqdakı şəxsi malikanələrdən heç də geri qalmayan daşla örtülmüş nəfis sahil boyunun tikintisində istifadə olundu.

   Qeyd etmək lazımdır ki, sahildə aparılan işlərlə bağlı ilk addımlar məhşur Azərbaycanlı memar Qasım Bəy Hacıbababəyov (1811-1874) tərəfindən atılmışdır. Dəniz tərəfdən qala divarının sökülməsindən sonra (1860) şəhər memarı Qasım bəy Hacıbabəyov tərəfindən sahil zolağı nizamlandı və o zaman rus imperatoru II Aleksandrın adını daşıyan sahil küçəsi (bulvar) salındı. (1865-1868-ci illər) Memar Qasım Bəy Hacıbababayov sahil boyu  ərazinin təxminən 650 metr uzunluğunda tikilməsində əhəmiyyətli mühəndis və planlaşdırma işləri aparmışdır.

   1867-ci ildə burada su kəməri çəkilmiş, fontan və digər tikililər də inşa edilmişdir. Bundan sonra dəniz sahili bulvar statusu almış və şəhərin incisinə çevrilmişdir.Bu dövrə sahil boyu ərazidə  ilk evlərin tikilməsi aiddir. Buraya sovet dövründə “tibb işçiləri klubunun yerləşdiyi “Qubernator evi” də daxildir.Qalanın şərq hissəsinə və sahil zolağına bitişən məhəllələrin tikintisindən sonra şəhər strukturunda bulvarın rolu artdı. Məhz bu zaman sahil küçəsi mərkəzi rayonla daha yaxşı əlaqələndirilərək, 1878-ci ildə şəhər memarı O.Porfilov tərəfindən tərtib edilmiş layihəyə əsasən nəqliyyat magistralına çevrildi.

   1882-ci ildə Nikolaevski 32 rayonunda memar A.Koşinski tərəfindən bulvarın yeni layihəsi maraq doğurmuşdu. Layihənin ilkin versiyasına görə qala divarı ilə binalar arasında genişliyi 18 metr olacaq küçə salınması nəzərdə tutulmuşdu. Bu küçələrin bir tərəfində qala divarlarının, digər tərəfində isə binaların arxa tərəflərinin yer alması planlaşdırılmışdı. Lakin bu küçənin o qədər də önəmli bir rol oynamayacağı səbəbindən memarlıq planına salınmadı. Ancaq dəniz tərəfdən qala divarları söküldükdən sonra dəniz sahilinin memarlıq baxımından tərtibatına ehtiyac duyulmuşdur.

   1897-ci ildə Şəhər İdarəsi Petrovski və Aleksandrovski sahil küçələrinin nizamlanmasına dair təkliflərini Dumanın plan komissiyasına təqdim etdi. Şəhər İdarəsi uzun daş sədd çəkilməsini və 30 metr enində müasir sahil zolağının təməlinin qoyulmasını (Qara şəhərdən Mixaylovski küçəsinə qədər) təklif etmişdi. Şəhər İdarəsi, quberniya və şəhər memarlarının iştirakı ilə plan komissiyası qərara aldı ki, “həm estetik olaraq şəhərin gözəlliyi baxımından, həm də hərəkət sərbəstliyini təmin etmək baxımından” mövcud və planlaşdırılan sahilin eni 50 metr civarında müəyyən edilsin və Petrovski sahili ərazisində dənizin dayazlaşmasını nəzərə alıb Mixaylovski küçəsinə qədər daş sədd tikilsin. Beləliklə, şəhər çox uzun zaman müddəti ərzində dayazlaşmış sahil zolağından qurtula və 50 metr eni olan geniş səkilərə malik sahil küçəsinə qovuşa bilərdi.

   Lakin, “Qafqaz və Merkuri” cəmiyyətinin daşdan hörülmüş anbarları vahid sahil küçəsinin yaradılmasına əngəl törədirdi və buna görə də məsələ öz həllini tapmırdı. Bakının mərkəzi rayonu öz sıx tikililəri, kiçik məhəllələri və iki-üç mərtəbəli binaları ilə İçərişəhərə yaxınlaşaraq esplanadanı bütünlüklə tuturdu. Şəhərin ticarət-sənaye fəaliyyəti çoxsaylı körpülərin, anbarların və başqa tikinti qurğularının yarandığı sahil zolağının mənimsənilməsinə səbəb oldu. Şəhərin əhalisi praktiki olaraq dənizdən ayrılmışdı. 1898-ci ilə kimi Bakının dəniz fasadı praktiki olaraq yaradılmamışdı. Sahil xəttində Bayıl gəmi təmiri doklarından  Ağ şəhərin sərhədlərinə kimi 45 körpü yerləşirdi ki, bunların içərisində “Qafqaz və Merkuri”, “Lebed” (“Qu Quşu”), “Kaspiy” və başqaları seçilirdi.

   Sahil ərazisinin özəl şirkətlərin körpüləri ilə tutulması vahid sahil küçəsinin yaradılmasına mane olurdu və buna görə də bu məsələ həllini tapmırdı. Sonradan, Bakının baş planı tərtib edilərkən Nikolay fon der Nonne, plan komissiyasının küçənin sahil zolağı boyunca genişləndirilərək Bayılda, Qara şəhər ərazisində Dadaşovun tərsanələrinə qədər uzadılması barədə təkliflərini nəzərə aldı. Lakin, tikinti bölməsində bu plana baxılarkən aydın oldu ki, təklif olunanlar sahilin planlaşdırılmasındakı mövcud uyğunsuzluqları aradan qaldırmır, belə ki, bunun üçün anbarların olduğu məhəlləni kəsmək lazım idi. Eyni zamanda, Petrovski sahilində və daha sonra şərq istiqamətində ( 400 metrdən çox uzunluqda) “yanaşma və digər yolları olmayan, zolaq körpü kimi fəaliyyət göstərən ibtidai şəkildə olan sahildə işlərə başlamaq tələb olunurdu. Sahildə daş hasarın tikilməsi işləri davam etdirilsə də, ticarət firmaları və paraxod şirkətlərinin çoxsaylı fərdi körpüləri dəniz sahilini o qədər tutmuşdu ki, aparılan abadlaşdırma tədbirləri də nəticə vermirdi.

   Sovet hakimiyyəti qurulana qədər yaşayış məhəllələri sərhədində Petrovski sahil küçəsi şəhər ərazisinin ən baxımsız və səliqəsiz hissəsi olaraq qalmaqda idi. Bilavasitə olaraq İçərişəhərə birləşən Aleksandrovski sahil küçəsi Şəhər İdarəsinin xüsusi diqqətində idi. Belə ki, qubernatorun rezidensiyası və mənzili burada yerləşirdi. Sahil zolağı genişləndirildikdən və tökmə qrunt üzərində möhtəşəm bulvar (1909) tikildikdən sonra şəhərin planlaşdırma strukturu və memarlıq görünüşündə Aleksandrovski sahil küçəsinin rolu daha da artdı. Mərkəzi məhəllələr hüdudunda sahil zolağının genişləndirilməsi işinə hələ 1900– cü illərdən – Bağ Komissiyası dekorativ ağaclar şitilliyi yaratmaq  qərarına gəldikdən və onların yetişdirilməsi üçün sahildə torpaq tökülmüş yeri seçdikdən sonra başlanılmışdır.

   1902-ci ildə Şəhər Duması Bakının dənizkənarı şəhər olduğunu, sahil zolağında çoxsaylı körpülərin olmasını nəzərə alaraq, əhaliyə bulvar şəklində dənizə bir çıxış verməyi qərara alır.  Sahil zolağının abadlığı zəruri idi, bunu sahilyanı ərazinin mülki mühəndis K.B.Skureviç tərəfindən tərtib edilmiş layihəsini təqdir edən şəhər Duması və İdarəsi də etiraf edirdi. Bağ Komissiyasının 1902-ci il iclasında təqdim olunmuş layihə müzakirə edilmişdir.

   Layihəyə görə, sahilboyu nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan 20 metr enində küçə yaradılmalı idi. Yeni küçə və II Aleksandr sahili arasındakı bütün əraziyə münbit torpaq tökmək lazım idi, çünki dəniz suyu hopmuş və tikinti zibilləri qalanmış torpaq burada yaşıllıqlar salınması üçün yaramırdı. Çiçəkliklərin salınması və ağacların əkilməsi yalnız bulvarın geniş hissəsində nəzərdə tutulurdu. Bağ Komissiyası sahil bulvarının layihəsinə baxış zamanı sahil küçəsinə iki çıxışla kifayətlənməyi tələb etdi: “Qafqaz və Merkuri” şirkətinin binası və Daş körpü. Komissiya xiyabanın eninin (14,3 metr) artıq olduğunu hesab edərək, onu ortadan ağaclar əkərək bölməyi məsləhət bildi. Beləliklə, bulvar 7 metr enində iki xiyaban şəklinə düşdü.

   Layihənin müzakirəsi zamanı həmçinin əkiləcək bitki növləri və onların bulvarın torpağında bitməsi imkanları haqqında məsələ həll olundu. Qeyd edildi ki, bulvarın planlaşması birinci dərəcəli iş sayılır. Buna görə də müsabiqələr təşkil etmək, şəhər üçün çox xərc tələb edən bulvarın təşkili kimi bu işi bacarıqla və kamil müzakirədən sonra aparmaq lazımdır. Bağçıları-yeni yaşıllıqlar salınması üzrə mütəxəssisləri də dəvət etmək olar. Görünür ki,  şəhər ictimaiyyəti mövcud bağ parklarının kifayət qədər olmadığını başa düşərək, belə məsuliyyətli bir ərazidə yaxşı bulvar yaratmağa çalışırdı. Müsabiqəyə ehtiyac qalmadı. K.B.Skureviç və şəhər bağçısı Vasiliev birlikdə ətraflı layihə işləyib hazırladılar. Bulvarın təşkili ilə sahil ərazisi abad şəkil alsa da, şəhər hələ də körpülərin əlində “dustaq” idi.Dənizkənarı bulvarın yaradılması məsələsi Şəhər Upravası tərəfindən dəfələrlə müzakirə edilsə də, yalnız 1909-cu ildə praktiki addımlar atıldı. Əvvəlcə “Qafqaz və Merkuri” cəmiyyətinin körpüsündən Seyid Mirbabayevin evinə (Kukla teatrından Azneftə kimi)  qədər olan sahilboyu ərazinin abadlaşdırılması qərara alınmışdı.Aleksandrovski sahil küçəsinin monumental tikintisi, tökmə qrunt və su üzərindəki tikintiyə nisbətən daha az diqqət cəlb edirdi. “Azneft” binasının qarşısındakı meydandan Qafqaz və Merkuri cəmiyyətinin daş anbarlarına qədər olan ərazidə zaman-zaman dar dalanların bir-birindən ayırdığı ikimərtəbəli evlər yerləşirdi. Sahil küçəsinin birtipli evlərlə tikintisi ilə şəhərin ən yaxşı hissəsi tutulmuşdu.

   XIX əsrin sonlarında Bakının başqa küçələrində bir sıra gözəl binalar tikilirdi ki, onlarla müqayisədə sahil küçəsindəki evlər olduqca baxımsız görünürdü. XX əsrin əvvəllərində Aleksandrovski sahil küçəsi memarlıq baxımından qiymətli binalarla zənginləşməsə belə, ticarət limanı sayəsində şəhərin ən canlı, hərəkətli ərazisi idi. Bu liman nəinki Xəzər, həm də Qara dəniz və Baltik dənizi limanları arasında bütün rus limanlarının birincisi idi.

   1909-cu ildə Bakı Şəhər Upravasının tikinti şöbəsinin rəisi, mühəndis və istedadlı təşkilatçı Məmmədhəsən Hacınski bulvarın abadlaşması işinə həvəs və enerji ilə başladı. M.Hacınski ilk gündən bu vəzifədə Bakı şəhərinin Baş planının həyata keçirilməində, bağ və bağçaların, bulvarın, yolların və meydanların genişləndirilməsində və yenilərinin çəkilməsində, yeni binaların tikintisində yaxından iştirak etmiş, Bakının ən məşhur abidələrindən biri-Şirvanşahlar tarixi abidəsinin qorunması və bərpası, bulvarın genişləndirilməsi üçün dəniz sahilinin qurudulub torpaq tökülməsi və s. haqqında Bakı Duması qarşısında məsələ qaldırmışdır. M.Hacınski eyni zamanda Bakının ictimai və siyasi həyatında da yaxından iştirak etmişdi. Sahilyanı bulvarın tikintisi üçün Duma 60.000 rubl vəsait ayırmışdı. H.Z.Tağıyevin maliyyə yardımı ilə həyata keçirilən dənizkənarı bulvarın kompleks tikintisinə rəhbərlik etməsi M.Hacınskinin əmək haqqını ayda altı min rubla qədər yüksəldir və həmin layihələr iki il ərzində yerinə yetirilərək başa çatır. 9 aprel 1909-cu il tarixli “Kaspi” qəzetinin 77-ci sayında iki gün əvvəl Şəhər Dumasının iclasında Dənizkənarı bulvarın tikintisi ilə bağlı M.Hacınskinin məruzəsi şərh olunur. Bu şərhdən göründüyü kimi, məruzəçi “şəhər əhalisinin asudə vaxtını keçirməsi üçün şəhərdə yeganə olan Mixaylovski bağı azlıq edir və günün tələblərinə cavab vermir” deməklə yanaşı, yeni salınacaq “dənizkənarı bulvardakı çiçək və sərinləşdirici su köşklərinin icarəsinin şəhər büdcəsinə müntəzəm olaraq ayda 4-6 min rubl gətirəcəkdir”  fikri ilə bu layihənin iqtisadi cəhətdən sərfəli olduğunu da önə çəkir. M.Hacınskinin rəhbərliyi altında bulvarın layihəsinin hazırlanması işinə şəhərin bir çox binalarının müəllifi memar Adolf Eyxler də qoşuldu. Bulvar üçün modern stildə gurultulu adlar altında “Olimpiya” (sinematoqraf üçün, əvvəl kinoteatrı belə adlandırıdılar) və “Eldorado” (restoran üçün) iri pavilyonların layihəsi işlənib hazırlandı.

   Bulvarın özünəməxsus dəniz fasadı olduğunu başa düşən Şəhər İdarəsi proqramı daha da genişləndirməyi və bulvarı gözəlləşdirəcək möhtəşəm binalarla bəzəməyi qərara aldı.  Bakı Şəhər Dumasının 1909-cu il 4 noyabr tarixli iclasının çıxarışına əsasən bulvarın Daş körpüdən “ Qafqaz və Merkuri” cəmiyyətinin körpülərinə qədər uzadılması nəzərdə tutulurdu.  Bulvarın salınması üçün 40.000 rubl vəsait tələb olunurdu. İllik vəsait isə 18.000 rubl idi. Şəhər İdarəsi qərara gəldi ki, bu xərclər gəlir gətirən ticarət obyektləri hesabına ödənilməlidir. Bunların sırasında köşklər və dəniz çimərliklərinin inşası da nəzərdə tutulurdu.Şəhər hakimiyyəti “zəngin Bakının dəniz sahilində dəniz çimərliklərinin olmamasını böyük çatışmazlıq hesab etdi və məsələni həll etmək qərarına gəldi. M.Hacınski ən yaxşı layihə müsabiqəsi uğrunda güclü mübarizə aparırdı. O, dumada iştirak edərək qeyd etdi ki, “bu adi, siravi layihə deyil. Burada incə zövqə malik, belə işi sevən mütəxəssis lazımdır. Ancaq bu xüsusiyyətlər hər bir memara xas deyil. Gözəl texnik olmaq olar, lakin belə xüsusiyyətlərə sahib olmaq olmaz. Azca xərc tələb olunur, buna xəsislik etmək olmaz. Burada fantaziya, gözəllik lazımdır”.

   M.Hacınskinin parlaq çıxışı sözsüz ki öz təsirini göstərdi və Duma müsabiqəni elan etmək üçün qərar qəbul etdi. Təkcə restoranı olan dəniz çimərliyi üçün deyil, həm də 13 müxtəlif təyinatlı köşk üçün layihə hazırlanması haqqında müsabiqə elan edildi. Bulvarın planlaşdırılması və yaşıllıqların salınması üçün yerlərin seçilməsi müəlliflərin öz öhdəsinə buraxıldı. Layihələrə baxış və mükafatların təsis edilməsi işi Peterburqdakı Memarlar cəmiyyətinə tapşırıldı. Eyni zamanda bulvarın yaradılması ilə əlaqədar əvvəllər açıq dənizə axıdılan çirkab sularının indi borularla kollektora yönəldilməsi məsələsi yarandı. Beləliklə, bulvarın təşkili, yaşıllaşdırma, dənizkənarı obyektlərin tikilməsi və kanalizasiya sisteminin təşkili kimi bir sıra vəzifələrin yaranmasına səbəb oldu.

   Müsabiqədə iştirak etmək üçün Bakıda yaşayan bütün mülki mühəndis və memarlar (30 nəfər) o cümlədən Zivər bəy Əhmədbəyov, İ.K.Ploşko. Q.M.Termikelov, İ.V.Edel və başqaları dəvət olundu. Onların çoxu xüsusi sifarişlərlə məşqul olduqlarına görə bu müsabiqədə iştirak edə bilmədilər. “ Speşno”, “Esplanada” və “Zvezda” devizləri altında cəmi 3 layihə öz vaxtında təqdim olundu. Mülki mühəndis Q.M.Termikelovun “Zvezda” adlı layihəsi birinci yerə layiq görüldü.Tezliklə abadlaşan, kölgəli xiyabanları ilə göz oxşayan bulvar Bakı əhalisi içərisində məhşurlaşdı. Bulvar çoxlu gəmiləri, canlanma hiss olunan körpüləri, dəniz buxtasına açılan gözəl görünüşü ilə insanları cəlb edirdi.

   Hələ 1884-cü ildə şəhərlilər Aleksandrovski sahilində, dənizkənarı bulvarda Qız qalası ilə üzbəüz çimərliyə gedirdilər. Mülki mühəndis Mixail Dmitreviç Botovun layihəsinə əsasən taxtadan Aleksandrovski dəniz çimərliyi inşa edilmişdi. Heç bir mıx vurulmadan yaradılmış, şirin su ilə təchiz edilmiş çimərlikdə günəş vannası qəbul etmək üçün meydança, uşaqlar üçün kiçik hovuzlar var idi. Burada iki yarus var idi. Birinci yarus tramplinlə idi, ikinci yarusun üzərindən isə o zaman təmiz dəniz suyuna ən cəsarətlilər tullanırdılar.

   Çimərliklərin tikintisinə dair hesabatda qeyd olunurdu ki, hələ 1898-ci ildə Şəhər İdarəsi Petrovski dənizkənarı sahilində çimərliklərin tikintisi üçün P.Osipova və Aleksandrovski dənizkənarı sahilində H.Dadaşov və İ.Yakova  12 il müddətində hər yer üçün 300 rubl məbləğində su məkanı ayırmışdı. 1910-cu ildə kirayənin vaxtı bitdiyinə görə çimərliklərin sahibləri Şəhər İdarəsinə vaxtın uzadılması ilə bağlı müraciət etdilər. Şəhər İdarəsi kirayənin vaxtının 1 il daha uzadılması haqqında qərar verdi.

   1911-ci ildə Petrovski sahilində fəaliyyət göstərən çimərlik köhnəldiyinə görə sökülmüşdü. Aleksandrovski sahilindəki çimərlik yeni çimərliklərin tikintisinə (1914) qədər qalmışdı. 1911-ci ildə Dumanın qərarı ilə çimərliyin tikintisi ilə əlaqədar müsabiqə elan edilmişdi. Müsabiqə nəticəsində yeni çimərlik üçün ayrılmış yer Aleksandrovski sahili seçilərək, keçmiş “Provodnik” körpüsünün qarşısı seçilmişdi. 1914-cü ildə mülki mühəndis Nikolay Qriqoreviç Bayevin layihəsinə əsasən köhnə dəniz çimərliklərinin yerləşdiyi ərazidə yeni dəniz çimərlikləri inşa edildi. Yüklərlə dolu olan çoxsaylı körpülərin arasında dəniz çimərlikləri dənizkənarı sahilə xüsusi görünüş verirdi.

   Dəniz şimərliklərinin tikilməyi münasibətilə “Kaspi” qəzeti( 1914-cü il, № 136) yazırdı: “Su üzərində ucalan Bakı dəniz çimərliyi diqqəti cəlb edən gözəl bir binadır. Nitsa istisna olmaqla Avropada heç yerdə su üzərində belə gözəl və geniş ikinci bir bina yoxdur”. Şəhərin əsas diqqətəlayiq yerlərindən olan Bakının dəniz çimərlikləri əhalinin həyatının ayrılmaz hissələrindən idi.

   Dəniz çimərlikləri görünüşçə lövbərə bənzəyirdi. Sahilə çox da yaxın olmayan məsafədə yerləşən dəniz çimərliklərini quru ilə üzərində oturacaqlar olan geniş estakada birləşdirirdi. Dəniz çimərlikləri kişi və qadın bölmələrinə ayrılmışdı. Hər bölmədə üzə bilməyənlər üçün hovuz, açıq dənizə pilləkən, tullanmaq üçün tramplin, eləcə də hovuza və açıq dənizə çıxışı olan pilləkənli şəxsi nömrələr var idi. Hər bir nömrədə şirin su ilə təchiz olunmuş duşxana, buna baxmayaraq ümumi hissədə isə duşxana və geyinib-soyunma otaqları var idi. Bundan əlavə,  dəniz çimərliklərinin damında günəş vannası qəbul etmək üçün meydançalar da var idi. Ümumi bölmədə həmişə səs-küy olardı, hovuzda uşaqlar çimirdilər, böyüklər isə tramplindən tullanaraq yarışardılar.  

   Eyni zamanda, Xəzər dənizinin isti suyunun müalicəvi əhəmiyyətini dərk edənlər bu məkana üz tuturdular. Bunlardan əlavə, qış vaxtı dəniz çimərlikləri işləməyəndə qızdırılmış dəniz suyu ilə olan vanna otaqları fəaliyyət göstərirdi. Beləliklə, dəniz çimərliklərinin idman-sağlamlıq kompleksi rolunu oynadığı istisna olunmurdu. Dəniz çimərliklərinə giriş bulvarın mərkəzi xiyabanı tərəfdə, təxminən Qız qalasından  Azneftə yaxın ərazidə idi.Dəniz çimərliklərinin açılışını məktəblilər səbirsizliklə gözləyirdilər. Uşaqlar üçün giriş 15, böyüklər üçün isə 70 qəpik idi. Dəniz çimərlikləri adətən may ayının 20-dən sonra, dərs  ilinin bitməsi ilə açılırdı.

   Məlumdur ki, Xəzər dənizində suyun səviyyəsi daimi deyil. Dəniz çimərliklərini tikən zaman suyun səviyyəsi qalxmışdı. Əksinə 1950-ci illərdə Xəzər dənizində suyun səviyyəsinin kəskin enməsi nəticəsində dəniz çimərliklərinin taxta bünövrələri üzə çıxdı. Dəniz çimərlikləri öz əsas vəzifəsini itirdi və istifadəyə yararsız olduğuna görə söküldü. Şəhər hakimiyyəti əlavə olaraq üzərində “Yaxt klub”, “Vodnik” idman cəmiyyəti olan qonşu körpülərin də sökülməsinə məcbur oldu. Bakının dənizkənarı sahilinin ilkin memarlıq siması  tam olaraq dəyişərək, müasir görünüş aldı.Bakı limanı XIX əsrin sonunda Xəzər dənizində ən böyük limana çevrilmişdi.  Bakı limanı hərbi strateji əhəmiyyət daşıdığına görə dənizkənarı sahildə birinci dünya müharibəsinin qızğın çağında Bakı Dəniz Aviasiyası Məktəbi açılmışdı.  

   Dəniz aviasiyası zabit məktəbinin Bakı filialının təntənəli açılışı 1915-ci il noyabrın 22-də Dənizkənarı bulvarda M.Hacınskinin rəhbərliyi altında olub. “Kaspi” qəzeti açılış zamanı pilotların göstərdikləri nümayişi möhtəşəm mənzərə adlandırmışdı. Məktəbin açılışına  Bakının 500-dən artıq görkəmli ictimai xadimi- neft sənayesinin, ali təhsil ocaqlarının, bankların nümayəndələri, elm adamları, din xadimləri və digərləri dəvət olunmuşdular. Qışda donmayan, habelə çoxistiqamətli küləyə malik olan Xəzər sahilində belə bir aviasiya mərkəzinin yaradılması Rusiya imperiyasının maraqlarına uyğun olmaqla yanaşı, Azərbaycan üçün də böyük əhəmiyyət kəsb edirdi.İqlim faktoru ilə yanaşı, Bakı limanının XX əsrin əvvəllərində Rusiya İmperiyasının ən böyük yükdaşıma limanı olması da burada mühüm rol oynayırdı.

   Yerli hakimiyyət orqanları Bakı Dəniz Aviasiyası Məktəbinin vaxtında fəaliyyətə başlaması üçün bütün imkanlarını sərf edirdilər. Bakı Şəhər İdarəsi tikinti şöbəsinin rəisi M.Hacınski bu işdə daha fəal idi. Peterburq Texniki Universitetinin məzunu olan M.H.Hacınski yeni təhsil ocağının timsalında sanki Azərbaycan aviasiyasının parlaq gələcəyini görürdü.  M.Hacınski ilə yanaşı məktəbin yaradılmasında Bakı limanının komandiri kontr-admiral Klyupfel və Bakı ticarət limanının rəisi, birinci dərəcəli kapitan Danilovun da xidmətləri böyükdür.Məktəb Rusiya imperiyasının Hərbi-dəniz qüvvələri və Aviasiya departamentinin əsas qərargahı tərəfindən yaradılmış və buraya rəhbərlik birinci dərəcəli kapitan A.A.Yanoviçə tapşırılmışdı.

   M.Hacınskinin rəhbərliyi altında Dəniz Aviasiyası Məktəbi üçün dənizkənarı sahildə daş körpülər ayrılaraq hasara alınır. (İndiki Dövlət Neft Şirkətinin binasının qarşısında). Məktəb fəaliyyətinin ilk ilində kifayət qədər genişlənə bilmişdi. Daş körpü ilə yanaşı onun ixtiyarında “Keçmiş gömrük körpüsü” də var idi. 1916-cı il fevralın 25-də məktəb müstəqil statuslu «Bakı Dəniz Aviasiyası Məktəbi» adını alıb.Sahil qurğuları, hidroplanların suya buraxılması üçün aşırımların, anqarların və s. binaların tikinti xərcləri Bakı Şəhər Upravası tərəfindən ödənilib.Məktəbin heyəti 160 nəfərədək artırılmışdı. 1915-ci ilin noyabrından 1917-ci ilin noyabrınadək məktəbdə 40 zabit və 17 aşağı çin, o cümlədən 20 dəniz təyyarəçisi hazırlanmışdı.

   Oktyabr çevrilişi ərəfəsində 1917-ci ildə məktəbdə bütün dərs fəaliyyəti dayandırılmışdı. Qeyd etmət lazımdır ki, Bakı Dəniz Aviasiyası Məktəbi yeganə məkan idi ki, bolşevik hakiyyətinə tabe olmamışdı. Bakı Dəniz Aviasiyası Məktəbi bolşeviklərin işğal planını nəinki dəstəkləyir, hətta buna qarşı da çıxırdılar. Məktəb böyük silah sursat ehtiyatına malik olduğuna görə bolşeviklər üçün təhlükə yaradırdı. 1918-ci iyulun 18-də maliyyə dəstəyinin olmamması və hərbi vəziyyət ilə bağlı məktəb  fəaliyyətini dayandırdı.

   Dənizkənarı sahil hər zaman öz görünüşü ilə şəhərin sürətli  inkişafını özündə əks etdirirdi və tez bir zamanda Bakı limanına olan mənzərəsi ilə əhalinin rəğbətini qazanmışdı. Mütərəqqi fikirli insanlar yenidən körpülərin sökülməsi və bulvarın şərq istiqamətində genişləndirilməsi təklifilə çıxış etdilər. Ancaq sovet dövründə bulvar növbəti inkişaf dövrünü yaşadı. XX əsr boyu dənizkənarı sahilin abadlaşdırılması mütəmadi olaraq davam edirdi. Burada əyləncə və idman obyektləri ilə yanaşı mədəni obyektlərin yaradılması da nəzərdə tutulmuşdu.Dənizkənarı bulvarda gedən yaşıllaşdırma,  suvarma, əkilmə və qidalanma işləri bu məkanı günü-gündən gözəlləşdirirdi. Bulvarın ərazisində xarici ölkələrdən gətirilmiş ağac və bitki kolları bu məkana xüsusi yaraşıq verirdi. İlk əvvəl bulvarın ərazisinə “Qubernator bağı”, sonralar isə Batumi Botanik bağından bitkilər gətirilmişdi. Ümumilikdə 1920-ci ildə Bakının yaşıllıq zonası 20,26 hektar təşkil edirdi. İnqlabaqədərki bulvardan yeganə xatirə polyak mühəndis İosif Ploşko tərəfindən tikilmiş, Fenomen kinoteatrı kimi istismara verilmiş Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının binasıdır. Kaspi qəzetinin 1910-cu il 17 iyun nömrəsində belə yazılırdı: “Bu binanın tikintisi fərdi sahibkarlara təxminən 60.000 rubl məbləğinə başa gəlib.

   Bakıda ilk kinoteatr olan “Fenomen” 1910-cu ildə bulvarda (indiki A.Şaiq adına Dövlət Kukla Teatrının binası) tikilmişdi. 6 iyun 1910-cu ildə mülki mühəndis İ.Ploşko şəhər rəbəri podpolkovnik P.Martınova rəsmi müraciətində binanın ictimaiyyət üçün yaralı olmasının yoxlanılması məqsədilə komissiyanın təyin edilməsi ilə bağlı müraciət etmişdi. Bu kinoteatr şəhərdə ən böyük kinoteatr idi və ən son texniki avadanlıqla təmin olunmuşdu.  Tamaşaçı zalının ölçülərinə gəldikdə uzunluğu 11 sajen ( təxminən 24 metr), eni 5 sajen (11 metr), hündürlüyü isə 13,5 (10 metr) arşın təşkil edirdi. Parterdə 400 yer, bundan əlavə 7 loja var idi, xorlar və lojada  56 nəfər də yerləşə bilərdi, 7 lojadan 2-si pulsuz olmaqla, şəhər idarəsinin üzvləri və şəhər rəisi üçün nəzərdə tutulmuşdu. İ.Ploşkonun təsvirinə əsasən burda oturacaqlar yox idi, yalnız kreslo və stullar yerləşdirilmiş, əhalinin gediş-gəlişi üçün rahatlıq da nəzər alınmışdı. Yerlər birinci, ikinci və üçüncü "dərəcəli" olub. Kinoteatrın ekranı o zaman mövcud olan ən böyük kinoteatr ekranı (uzunluğu 9 arşın-6,5 metr, eni 7 arşın-5 metr) idi. Kinoteatrın tikilişi zamanı əsas diqqət Bakı üçün yenilik olan havalandırma sisteminə ayrılmışdı. Bu Bakıda ictimai yerdə ilk havalandırma sistemi idi.  Yuxarı hissədə bufet üçün 3 veranda var idi və bunlar da öz növbəsində icarəyə verilirdi. Yuxarı verandaya giriş yalnız birinci və ikinci dərəcəli biletlərə sahib olanlara pulsuz idi, digərləri isə giriş üçün 20 qəpik ödəməli idilər. Fenomen kinoteatrının ilk sahibi M.Qofman idi. Kinoteatrın otağının kiçik ölçüsünə baxmayaraq tamaşalar üçün də icarəyə verilməsi planlaşdırılırdı. Sahibkarlar şəhər hakimiyyətindən binanın gələcəkdə genişləndirilməsi icazəsini də planlaşdırırdılar. Nəticədə onun memarlıq görünüşünü orqanik olaraq 4 qədim yunan allahı  olan Merkuri, Baxus, Poseydon və Afrodita  bəzədi. Kinoteatrın damında təmtəraqlı yay restoranı işləyirdi. Kinoteatrda prokat kontorlarının Bakıya gətirdikləri ən yaxşı filmlər nümayiş etdirilirdi. On il ərzində "Fenomen" sinematoqraf və kazino kimi xidmət etdi. 1921-ci ildə memar Zivər bəy Əhmədbəyovun rəhbərliyi altında burada təmir-bərpa işləri aparılıb. Dövlət səviyyəsində Azərbaycan Kukla Teatrının yaradılmasının ideya ilhamlandırıcısı, eləcə də Teatr Muzeyinin təşkilatçısı Mollaağa Bəbirli olmuşdur. Teatr xadimlərinin təşəbbüsü ilə, dramaturq Cəfər Cabbarlının başçılığı altında Maarif komissiyasının qərarı ilə Azərbaycan Kukla Teatrı 1931-ci ildə yaradılmışdır. Teatrın ilk tamaşası 1932-ci ildə (“Sirk” adlı tamaşa) göstərilib.

   Bulvarda “ Fenomen”dən başqa “Olimpiya” sinematoqrafı tikmək də nəzərdə tutulmuşdu. Lakin həmin tikilinin dəniz mənzərəsinə xələl gətirəcəyindən qayğılanan şəhər rəhbərliyi onun inşasına icazə verməmişdi.Müxtəlif illərdə müxtəlif statuslarla fəaliyyət göstərən teatrın Azərbaycan və rus bölmələri vardı. 1964-ci il aprel ayının 15-də teatra dövlət statusu verilib. 1975-ci ildən başlayaraq teatrda böyüklər üçün də tamaşalar göstərilir.

   Yarandığı gündən bu günə qədər teatrda yüzlərlə tamaşa hazırlanıb. Azərbaycan Dövlət Kukla Teatrının kollektivi müxtəlif illərdə Hindistan, Yəmən, İran İslam Respublikası, Türkiyə, Hollandiya, Moskva, Sankt-Peterburq, Türkmənistan, Gürcüstan, Arxangelsk, Krasnodar kimi ölkə və şəhərlərdə, eləcə də respublikamızda keçirilən beynəlxalq teatr festivallarında iştirak etmiş, bir çox festivalların qalibi və laureatı olmuşdur. Teatrın repertuarında Ü.Hacıbəyov “Məşədi İbad”, Anar “Qaravəlli”, H.X.Andersen “Bülbül”, A.Şaiq “Tıq-tıq xanım”, “Tülkü həccə gedir”, M.Seyidzadə “Cırtdan”, M.F.Axundov “Parisi dağıdanlar”, A.S.Puşkin “Qızıl xoruz”, K.Aslanov “Qızıl almalar” və s. tamaşaları xüsusi qeyd etmək olar.Müharibə illərində bu binada "Müdafiə" kinoteatrı, daha sonra isə Azərbaycan Kənd Təsərrüfatı Muzeyi və Rəşid Behbudov adına Dövlət Mahnı Teatrı yerləşirdi. Nəhayət, 1965-ci ildə hökumətin müvafiq qərarı ilə bina Azərbaycan Dövlət Kukla Teatrına verilmişdir. 1965-ci il sentyabrın 20-də Mirvarid Dilbazinin "Göyçək Fatma" nağıl-pyesinin premyerası ilə əfsanəvi teatrın tarixində yeni səhifənin əsası qoyulmuşdur. 1974-cü ildə Azərbaycan Dövlət Kukla Teatrına Abdulla Şaiqin adı verilmişdir.  2007-ci dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Kukla Teatrı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.

   Sovet dövründə dənizkənarı sahil öz gələcək inkişafını davam etdirir. 1930-cu illərdə sahildəki bir sıra körpülər söküldükdən sonra bulvarın ikinci növbəsi tikilir. Kukla teatrından Bülbül prospektinə qədər olan ərazi abadlaşdırılır. Bulvarın növbəti inkaşafı 1936-38-ci illərə təsadüf edir. Bu zaman artıq əks istiqamətdə- Azneft meydanından köhnə İnturist mehmanxanasına kimi olan sahədə işlər tamamlanır. Burada yaşıllaşdırma və quruculuq işləri də həyata keçirilir.Dənizkənarı bulvar bir istirahət məkanı kimi Bakı sakinləri üçün idman və bədən tərbiyəsi ilə məşqul olmağa əlverişli şərait yaradırdı.Eyni zamanda qeyd etmək lazımdır ki, Dənizkənarı park ilk dəfə olaraq keçmiş SSRİ-də professor Şükür Həsənovun təşəbbüsü və rəhbərliyi ilə “sağlamlıq zonası”na çevrilmişdi. Burada əhali dərmanla müalicə olunmurdu, dünyada yeganə və qeyri adi tibbi ocağı idi. Xəstələri dəniz havası, çiçəklərin ətri, könül oxşayan musiqi, idmanla, bitki şirələri ilə müalicə edirdilər.

   “Sağlamlıq zonası”nda insan orqanizminə təsir göstərmək üçün bir sıra orijinal metodlardan müvəfəqiyyətlə istifadə olunurdu. Onlardan biri ritmo-plastika böyük maraq doğurur. “Sağlamlıq zonası”nda fitoterapiya (xüsusi kübrə verilən çiçəklərin ətrini iyləməklə müalicə), əmək terapiyası (açıq havada yüngül işlə məşqul olmaq), su-mexaniki terapiya (həkimlərin nəzarəti altında avar çəkmək, dəniz velosipedlərini sürmək), gəzişmə və s. kimi müalicə üsulları yaxşı nəticələr verirdi. Təbabətdə ilk dəfə olaraq musiqi terapiyasından geniş istifadə olunurdu. Bu işdə Azərbaycan Dövlət Filarmoniyasının köməyi ilə  “sağlamlıq zonası”nda açıq havada xəstələr üçün musiqi seansları təşkil olunurdu. “Sağlamlıq zonası” xarici alimlər tərəfindən yüksək qiymətləndirilmişdir. Amerikalı alim U. Makkey Bakının “Sağlamlıq zonası”nı daim yüksək qiymətləndirmişdir. Məsələn o, “Kavkazskaya zdravnitsa” qəzetində deyir ki, sənaye şəhərində “kurort”- Bakının “Sağlamlıq zonası” ona böyük təsir bağışlamışdır. Bu, qocalara profilaktik yardımın dünyada yeganə üsuludur”.1961-ci ildən 1972-ci ilə kimi Sağlamlıq zonasına gələnlərin sayı 162800 nəfər olmuşdur. Bu onu göstərir ki, burada tətbiq edilən kompleks vasitələrin, profilaktika və müalicə metodlarının təsiri sanatoriya müalicəxanalarında olduğundan heç də az deyildir.

   1946-50-ci illərdə Bakı limanında idman cəmiyyətləri (“Dinamo”, “Neftçi” “Burevesnik” “Vodnik”,“DOSAAF” , “KKF”) meydana gəldi və elə burada su polosu, üzmək və tramplindən suya atlanmaq üçün şərait yaradılmışdı. Eyni zamanda burada dəniz gəzintiləri və idman yarışlarının dənizdə keçirilməsi təşkil olunurdu. Su idmanı ilə peşəkar məşqul olanlar 50-ci illərdə ümumittifaq yarışlarında iştirak etmiş və 1956-cı ildə ölkəmizi birinci SSRİ xalqlarının spartakiadasında komanda şəklində təmsil etmişdilər.

    Bakı buxtasında yaxt klubun yaradılması paytaxtın sakinləri üçün əlamətdar hadisə sayılırdı. 1889-cu ildə “ Kaspi” qəzeti rəsmi olaraq bildirirdi ki “Bakıda Xəzər donanmasının zabitləri tərəfindən burada yaxt klubun yaradılması ilə bağlı fikir irəli sürülmüşdü. Bu fikrin gerçəkləşməsi 10 ildən sonra həyata keçdi. 24 oktyabr 1899-cu ildə Bakı yaxt klubunun rəsmi açılış mərasimi keçirildi. Açılış günü üçün yaxt klubun 39 üzvü var idi.Yaxtada su idmanı ilə məşqul olmaq ənənəsi indi də davam etdirilir. Dənizkənarı bulvarda yaradılmış yaxt klub buna sübutdur. Buradakı körpüyə böyük ölçülü yaxtaların da yan alması üçün şərait yaradılıb.  Buranı ziyarət edənlərin istirahətinin təşkili üçün burada hotel və restoran da fəaliyyət göstərir.

   Dənizkənarı parkın ərazisində Sovet dövründə ilk əhəmiyyətli obyekt 1936-cı ildə tikilmiş paraşüt qülləsi hesab edilir. 75 metr hündürlüyündə olan qüllə bütün Sovet İttifaqı ərazisində ən hündürü hesab edilirdi. Bu qüllə Bakı Şəhər Sovetinin təşəbbüsü ilə “Bakinskiy Raboçiy” maşınqayırma zavodunda hazırlanmışdır. Paraşütdən tullanmaq idman növünə marağı olan hər kəs buradan istifadə edirdi. Burada gənclərin ilk hərbi hazırlığı üzrə paraşüt tullanmaları təlimləri də keçirilirdi. Paraşüt qülləsinə 20, 25, 60 metrlik yüksəkliklərdən tullanmaq imkanı var idi. 1960-cı illərdə burada bədbəxt hadisə baş verdikdən sonra qüllə fəaliyyət göstərmədi. Lakin qüllə sökülmədi, keçmişin bir xatirəsi olaraq saxlanıldı. 2008-ci ildən Qüllənin üzərindəki lövhədə vaxt, küləyin gücü, havanın və dəniz suyunun istiliyi göstərilir.Dənizkənarı sahilin mövcudluğu bu  ərazidə ailəvi asudə vaxt keçirmək üçün müxtəlif yerlərin, Kukla teatrı, Bahar kinoteatrı, Səməd Vurğun adına yay kinotetarı, çoxsaylı yay çayxanalarının, yaranmasına səbəb oldu. 1952-ci ildə Bakıda memar V.Şulgin, layihəçilər N.Nikonov və A.Novostratovun layihələri əsasında  bulvarda uşaq kinoteatrının tikintisinə başlandı. Burada işlər cəmi 3 ay çəkdi, 400 kvadrat metr beton örtüyü isə 2 günə quraşdırıldı.Sovet dövründə bulvarın abadlaşdırılması məqsədilə  Bakı Soveti İcraiyyə Komitəsi qərara alır ki, 50-ci illərdə bulvarın Azneftdən 6 nömrəli Bakı limanı körpüsünə kimi tikintisi yekunlaşdırılsın. Buna görə Xəzər hərbi donanmasının gəmi üçün olan körpülərinin bulvarın yeni tikiləcək ərazisindən ləğv olunması nəzərdə tutulurdu.

   Beləliklə 50-ci illərin sonunda Hökumət evindən İnturist mehmanxanasına kimi yaşıllaşdırma işləri aparılır. Hökumət evinin qarşısındakı baş meydanda fəvvarə və hovuzlar tikilir.Habelə dənizkənarı parkda əhalinin estetik və mənəvi tələbatını ödəmək, Azərbaycanın müxtəlif sahələrdə nailiyyətlərini nümayiş etdirmək məqsədilə sərgi pavilyonları, asudə vaxtlarını səmərəli keçirmək üçün isə şahmat pavilyonları quraşdırılmışdı. Səməd Vurğun adına yay kinoteatrının ətrafında 100 nəfərlik açıq havada olan yay şahmat pavilyonu əhalinin diqqətini cəlb etmişdi. Qeyd etmək lazımdır ki, belə pavilyonlar yüngül konstruksiyadan quraşdırılmışdı.

   Keçən əsrin 50-60-cı illəri Dənizkənarı bulvarın “qızıl dövrü” kimi qiymətləndirilir. Məhz həmin dövrdə şəhər meri Əliş Ləmbəranskinin təşəbbüsü ilə bulvar yenilənərək 2,7 km-ə qədər genişləndi, Dəniz limanı, Kafe-restoranlar “Mirvari”,”Sadko”,”Sahil” və eyni zamanda “Kiçik Venesiya” kimi maraqlı məkanlar meydana gəldi.Burada keçmiş İttifaqda ilk dəfə olaraq vant konstruksiya örtükdən istifadə edilməklə tikilmiş “Bahar” uşaq kinoteatrını, “Mirvari” kafesini qeyd etmək olar.

   V.Şulgin və N.Nikonovun əsəri olan məhşur “Mirvari” kafesi indiki günə qədər bulvarın əsas bəzəklərindən sayılır. Qalınlığı  6-8 sm olan  gül formasında tərtib olunmuş dəmir-beton örtüyü ilk dəfə bulvarda sınaqdan keçirilmişdi. Bu kafe təkcə dənizə açılan gözəl mənzərəsi ilə yox, həm də burada keçirilən caz konsertlərinə görə də ziyarətçilərin marağına səbəb olmuşdu.

   Mirvari kafesi təkcə Bakı bulvarına fərqli rəng qatmadı, eyni zamanda Azərbaycan memarlığına yeni nəfəs gətirdi.Mirvari kafesinin layihəsini 1960-cı illərdə Bakı meri Əliş Ləmbəranski verir. O, layihənin eskizini Skandinaviya ölkələrində məzuniyyətdə olarkən əldə edir. O, burada 1958-ci ildə ispan memarı Feliks Kandela tərəfindən Mexikoda inşa edilmiş restoranın şəklini görəndən sonra qərara gəlir. Məzuniyyətdən dönəndən sonra bu möhtəşəm tikilinin eynisini Xəzərin qoyununda tikdirməyə başladı.Mirvari kafesi Bakıda o vaxta qədər olmayan qeyri-adi bir məkan idi və bu məkanı layihələndirmək memar Vadim Şulqinə həvalə olunmuşdu. Memar "Mirvari"ni layihələndirərkən əsasən quruluşun orijinallığına fikir vermişdi. Tikilinin konstruktoru dövrün peşəkarlarından olan N. Nikonov seçilmişdi. 1962-ci ildə kafe hazır olur. Kafe tikildikdən sonra bulvarın əsas simvoluna çevrilməklə yanaşı həm də Bakını dünyaya tanıdan bir məkana çevrilir. Dünyanın ancaq üç ölkəsində (Azərbaycan, İspaniya, Meksika) bu forma və üslubu özündə əks etdirən tikili var idi. Azərbaycan (Bakıda "Mirvari" kafesi), Meksikada (Los-Monantiales), İspaniya (Valensiya Sərgi salonu). Kafenin quruluşu əsasən beton təbəqəsinin nazik olması ilə diqqəti cəlb edir. Bu kafenin özünəməxsusluğu isə maraqlı həll edilən örtükdədir. Belə ki, örtük ağac taxtabənd üzərində toklet betondan tökülüb.Əvvəllər kafe düz Xəzər dənizinin sahilində yerləşirdi, sonralar 70-ci illərdə suyun çəkilməsi səbəbindən “Mirvari” kafesi quruda qaldı.2008-ci ildə kafe restavrasiya edilib. Restavrasiya işləri həm yerli, həm də Almaniyadan olan xarici mütəxəssislər tərəfindən həyata keçirilib. 2009-cu ilin iyun ayında isə ölkə başçısı bulvarda görülən işlərlə tanışlıq zamanı bu məkanla da maraqlanmışdır.50 nəfər üçün nəzərdə tutulmuş kafe qalınlığı 5 sm olan hiperbolik paraboloidli 8 örtükdən  hazırlanmışdır. Kafe hər tərəfdən açıqdır. Beləcə buranı havalandırmaq üçün xüsusi sistemə ehtiyac olmur. Külək 8 qırçın arasından keçərək, kafeni təbii yolla havalandırır. Pavilyonun terrasasından Bakı buxtası görsənir.

   Dənizkənarı sahildə memar Əliş Ləmbəranskinin digər layihələrindən biri də “Venesiya şəhərciyi”dir. “Venesiya şəhərciyi”nin inşasına hələ 1960-cı illərdə Bakı şəhər sovetinin sədri Əliş Ləmbəranski İtaliyanın Venesiya şəhərində olarkən qərar verib və onun tikintisinə düz 4 ildən sonra başlanılıb. Bir ildən sonra isə istifadəyə verilən su şəhərciyi hələ o zamanlardan paytaxt sakinlərini, eləcə də Bakıya gələn qonaqları heyran edib. Elə bu gözəlliyinə görə ərazi bəzi teletamaşaların, o vaxtkı kliplərin müəyyən səhnələrinin çəkildiyi məkana çevrilib. Bu məkan yaradılarkən onun adı yox idi, əhali ona “Bakı Venesiyası” adını qoymuşdu.Sovet dövründə avropa tipli şəhərciyin qurulması asan iş deyildi. Bütün bunlara baxmarayaq Bakı bulvarında “Bakı Venesiyası” keçmiş Sovetlər İttifaqında ən diqqətəlayiq məkanlardan birinə çevrildi. Əhalinin daimi gəldikləri yer olan Venesiyanın ətrafında kiçik kafe və restoranlar fəaliyyət göstərirdilər.Sovet İttifaqının süqutundan sonra “Kiçik Venesiya” bir neçə il əvvəlki kimi xidmət göstərsə də, vaxt keçdikdə kanallar məişət tullantıları ilə doldu və bataqlıqlar yarandı. Bu səbəbdən də “ Kiçik Venesiyanın” əsaslı yenidənqurma və bərpasına ehtiyac yarandı.2011-ci il martın 30-da ölkə başçısı İlham Əliyev "Kiçik Venesiya şəhərciyi"nin yenidən qurulması ilə bağlı göstəriş vermişdi. Ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə həmin ilin iyununda başlanmışdı. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunmuşdu.

   Yeni “Venesiya su şəhərciyi” köhnə variantdan görünüşünə görə tamamilə fərqlənsə də, məğz eynidir. Təmirdən sonra şəhərciyin su tunelləri yenidən tikilib, sahəsi genişləndirilib, işıqlandırma sistemi yenilənib.Şəhərcik əsaslı yenidənqurmadan sonra 28 may 2012-ci ildə istifadəyə verilmişdir. Əsaslı yenidənqurma işləri zamanı şəhərciyin ümumi strukturu saxlanılmaqla mövcud kanallar genişləndirilmiş, yeni qayıqlar gətirilmiş, əlavə körpülər və iki restoran ("Şərq" və "İtaliya" restoranları) inşa edilmişdir. Restoranlardan birində Qərb, digərində isə Şərq mətbəxinin ləziz nümunələri müştərilərə təqdim edilir.

   1967-ci ildə memar Mikayıl Hüseynov tərəfdən bütün dənizkənarı bulvarın yenidənqurmasının yeni layihəsi verilmişdi. Dənizkənarı bulvarda memar Mikayıl Hüseynovun layihəsinə əsasən “Azadlıq” meydanı rayonunda dənizə enməklə bitən esplanada quraşdırılmış, ərazi şəlaləli fəvvarələrlə, yaşıllaşdırılmış parterlərlə bəzədilmişdi.

   Dənizkənarı Milli parkın şərq istiqamətində genişlənməsi mövcud Dəniz Vağzalından başlayır. Dəniz vağzalı 1971-ci ildə, Xəzər dənizi vasitəsilə digər ölkələrə neft nəql edilən zaman meydana gəlmişdi. Dənizin sahilində olan əlverişli mövqeyinə görə 90-cı illərdə vağzal təkcə təyinatına görə yox, eləcə də yerli və xarici müğənnilərin çıxış etdiyi konsert meydançası kimi də istifadə edilirdi. 1970-ci illərdə dövlət tərəfindən respublikada və birinci növbədə Bakı şəhərində yaşıllaşdırma və abadlaşdırma işlərinin genişləndirilməsi nəticəsində Dənizkənarı bulvarda da yenidənqurma işləri aparıldı. Bulvar şərq və qərb istiqamətlərində genişləndirildi, onun uzunluğu 3,7 kilometrə çatdırıldı.Burada dəniz sahilində 50-70 metr enində yeni terras salındı. Şəhər sakinlərinin istirahəti üçün mədəniyyət ocaqları təşkil olundu. Bunlardan Əl Oyunları stadionunun və Sahil kafesinin tikintisini, Bahar kinoteatrı, S.Vurğun adına yay kinosalonunun yenidən qurulmasını, Azadlıq  meydanı və Mərkəzi muzey binasının qarşısında fəvvarələrin quraşdırılmasını, yeni xiyabanların salınmasını, ümumiyyətlə bulvarın  kompleks şəklində abadlaşdırılmasını və inkişafını qeyd etmək olar.Qeyd etmək lazımdır ki, dəniz səviyyəsinin kəskin şəkildə düşməsi Dənizkənarı bulvarın landşaftına düzəlişlər etməyə ehtiyac yaradırdı.Xəzər dənizində suyun səviyyəsinin önəmli dərəcədə azalmasıyla (1977-ci ildə ən aşağı səviyyəyə çatıb) əlaqədar dənizkənarı bulvarda ikinci aşağı terrasanın yaradılması ilə bağlı tədbirlər görülüb, burada ağaclıq sahə, yaşıllıq və fəvvarələr tikilib.XX əsrin 90-cı illərində Xəzər dənizinin səviyyəsinin kəskin qalxması nəticəsində gəzinti estakadası, yaxt klub su ilə dolmuşdu və rekonstruksiya işləri nəticəsində bulvarın aşağı terrasasını qaldırmaq lazım gəldi.

   Müstəqilliyin əldə edilməsindən sonra Bakı bulvarının yeni tarixi başlanır.80-ci illərin axırı və 90-cı illərin əvvəllərində ölkə həyatının başqa sahələrində olduğu kimi Bakı şəhərinin abadlığı da böhran vəziyyətinə  düşmüşdü. Bu proses Dənizkənarı parkda baş vermiş dağıntılarla, burada istirahətə aid olmayan onlarla obyektlərin yerləşdirilməsi ilə,  onların təsiri və Xəzərin səviyyəsinin qalxması səbəbindən qiymətli ağac növlərinin məhv olması ilə nəticələnmişdi.Beləliklə, Dənizkənarı bulvar öz tarixi simasını itirmiş və böhran vəziyyətinə   gətirilmişdi.Dənizkənarı bulvara maddi mədəniyyətimizin, tariximizin bir hissəsi kimi yanaşan ümummilli lider Heydər Əliyev 1998-ci il dekabrın 29-da Dənizkənarı bulvara Azərbaycanın milli sərvəti kimi “Təbiəti mühafizə və təbiətdən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə uyğun olaraq Milli park statusu verilməsi haqqında fərman imzalamışdı.Nazirlər Kabinetinin 29 dekabr 2001-ci il tarixli 132 nömrəli qərarına əsasən, Dənizkənarı Milli Park ölkə əhəmiyyətli tarix və mədəniyyət abidələri sırasına daxil edilmişdir. Dənizkənarı bulvarın Bakının müasir memarlıq tələblərinə uyğun yenidən qurulması, mühafizəsi, qorunması bərpası və inkişafı baxımından xeyli işlər görülmüşdür. Yeni çəmənliklər salınmış, xan çinarlar, sərv və küknar ağacları, müxtəlif çeşidli gül kolları əkilmiş, yeni attraksionlar quraşdırılmışdır. 2007-ci ildə Dənizkənarı Milli Parkda “Azneft” meydanının qarşısında musiqili fəvvarənin açılışı olub, Kukla teatrının yenidənqurması işləri isə başa çatdırılıb. 2008-ci ildə isə Hökumət evinin qarşısında ikinci fəvvarənin tikintisi başa çatdırılıb.

   Bundan əlavə, 2005-ci ildə Dənizkənarı bulvarda Səməd Vurğun adına yay kinotetarının əvəzinə  tar formasında Beynəlxalq Muğam Mərkəzinin təməli qoyulmuşdur. 2008-ci ilin dekabr ayının 27-də Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur. Üçmərtəbəli binada 350 nəfərlik konsert zalı, klub, səsyazma studiyası, məşq üçün zal, 80 nəfərlik restoran fəaliyyət göstərir. Binanın tikintisi zamanı müasir texnologiyalardan istifadə edilmiş, lazımi avadanlıqlar isə İtaliya, Avstriya, Fransa və Türkiyədən gətirilmişdir. İldə iki dəfə burada “Muğam dünyası”beynəlxalq festivalı keçirilir.Beynəlxalq Muğam Mərkəzində muğam konsert və festivalları ilə yanaşı caz musiqisinə həsr edilmiş tədbirlər də keçirilir.Dənizkənarı bulvara olan qayğının təzahürü Respublika Prezidenti İlham Əliyevin 10 yanvar 2008–ci il tarixli fərmanı ilə oldu.

   Azərbaycan Respublikası Prezidentinin Dənizkənarı bulvarın təbii landşaftının bərpası, onun tarixi simasının saxlanılması, ərazinin zəngin florasının inkişaf etdirilməsi, bulvarın mühafizə olunması, sosial-mədəni tədbirlərinin həyata keçirilməsi məsələlərinin həllini təmin etmək üçün Dənizkənarı Bulvar İdarəsinin yaradılmasına dair fərman verdi. Aparılan abadlıq və quruculuq işləri çərçivəsində Milli parkda yeni ağac və gül növləri əkilmişdir. Bunların arasında ekzotik bitkilərin (palmalar, Argentinadan gətirilmiş baobablar, Meksikadan gətirilmiş kaktuslar) bulvarın gözəlliyini daha da artırmış olur. Parkdakı məhərrəclər, işıqlandırma sistemi tamamilə yeniləşdirilmiş, orijinal formalı oturacaqlar qoyulmuşdur. Ərazidə ümumilikdə 32 atraksion və kino nümayişi ilə bağlı məkanlar quraşdırılıb. Özünəməxsus istirahət növü olan dəniz gəzintisi də mövcuddur.Avroviziya musiqi yarışması  ərəfəsində Dənizkənarı Milli Parkın ərazisinin Əl Oyunları Sarayından Dövlət Bayrağı Meydanına qədər uzadılması işləri tamamlandı. Beləliklə, şəhər sakinlərinin istifadəsinə verilən yeni bulvarın ərazisi 2 km-ə qədər uzadıldı. Onu da qeyd etmək lazımdır ki, bu ərazidə öncədən tarixi əhəmiyyətli məkanlar yaradılmışdı. Dövlət Bayrağı Meydanı, Dövlət Bayrağı Muzeyi və Avroviziya müsabiqəsinin keçirildiyi idman-əyləncə kompleksi olan Bakı Kristal Zalı da bu məkanlar sırasına daxildir.

   Dövlət Bayrağı Meydanı paytaxtımızın siyasi və mədəni bir mərkəzinə çevrilərək, zəngin və qədim dövlətçilik tarixini, milli-mənəvi dəyərlərə sadiqliyimizi nümayiş etdirir. Dövlət Bayrağı Meydanının açılışı 2010-cu ilin sentyabrın 1-də keçirilmişdir. Bakı şəhərində yerləşən Dövlət Bayrağı Meydanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il noyabrın 17-də imzalanmış sərəncama əsasən inşa edilib. Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Bakının Bayıl qəsəbəsində - Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında prezident İlham Əliyevin iştirakı ilə qoyulub.Meydanda ucaldılmış Azərbaycanın dövlət bayrağı dirəyi Ginnes dünya rekordları təşkilatı tərəfindən 2010-cu il mayın 29-da  dünyada ən hündür bayraq dirəyi kimi təsdiq edilmişdi.Meydanda ucaldılmış bayraq dirəyinin hündürlüyü 162 metr, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, kütləsi isə təqribən 220 kiloqramdır.2010-cu il 9 noyabr tarixində Meydanda Dövlət Bayrağı Muzeyinin açılışı olmuşdur. Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.  Muzeydə nümayiş olunan eksponatlar qədim və müasir dövlətçilik tariximizi əks etdirir, burada müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur. 

   Bakı bulvarı öz ziyarətçilərini təkcə əhəmiyyətli  tarixi məkanları ilə cəlb etmir, Bura eyni zamanda şəhər sakinləri və qonaqların ən çox sevdiyi gəzinti və istirahət yerlərindən biridir. Burada bir çox əylənclə yerləri, atraksionlar, gözəl yaşıllqılar zolağı, fəvvarələr vardır. Bundan başqa bulvarın ərazisində 2010-cu ildə açılışı olmuş “Park bulvar” ticarət və əyləncə mərkəzi də yerləşir.Müasir dəb ilə Şərqin ənənəvi elementlәrini özündə cəmləşdirən binanın arxitektura üslubu dinamik Neftçilər Prospekti və geniş Bulvarla həmahəng görünür və funksionallıq, komfort və mədəni aspektlərini nəzərə alır. 4 mərtəbəli ticarət mərkəzi qonaqlara şəhərin və Xəzər Dənizinin gözəl mənzərəsini seyr etmәyi təklif edir.“Park Bulvar” yalnız ticarət üçün imkanlar yaratmır, burada dünyanın tanınmış brendlərinin məhsullarının təqdim olunduğu  mağazalar, restoranlar, kafelər, kinoteatr, eyni zamanda uşaqlar üçün əyləncə məkanları da vardır.

   Dənizkənarı Milli Parkda müasir atraksionlar da eyni zamanda xüsusi yer tutur. Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzanmış “Yeni bulvar” hissəsində “Şeytan çarxı” adlandırılan karusel 2014-cü ildə istifadəyə verilmişdir. Qeyd etmək lazımdır ki, 8 nəfərlik 30 kabindən ibarət olan bu qurğunun hündürlüyü 60 metrdir. Bu attraksionun tikinti və quraşdırma işlərini Hollandiyanın Dutch Wheels şirkəti həyata keçirmişdi.Dənizkənarı Milli Parkda aparılan abadlıq və quruculuq işləri nəticəsində 2015-ci ildə Birinci Avropa Oyunları ərəfəsində ərazinin iki istiqamətdə genişləndirilməsi başa çatdı. Bir istiqaməti Bayraq Meydanından  20-ci sahəyə qədər (2,3 kilometr, 24 hektar) və digər istiqaməti Ağ şəhər bulvarı adlandırılaraq Dəniz Vağzalından Qara Şəhərə qədər olan ərazini əhatə etdi. Bakı Ağ Şəhər bulvarının uzunluğu 2,7 kilometr, sahəsi 33 hektardır.Beləliklə yenidənqurma və abadlıq işləri nəticəsində, müasir memarlıq tələblərinə uyğun olaraq, artıb inkişaf edən yeni bulvar ərazisində istirahətin müxtəlif növləri, atraksion, kafe, restoranlarla yanaşı müasir mədəniyyət obyektlərinin inşa edilməsi bu məkana xüsusi marağın artmasına səbəb oldu.

   Dənizkənarı Milli Parkın Bayıl bulvarı ərazisində 2015-ci ildə inşa edilmiş yeni mədəniyyət və incəsənət obyektləri (Daş Salnamə Muzeyi, “XX-XXI Əsr Azərbaycan Rəngkarlığı” Muzeyi, Yarat Müasir İncəsənət Mərkəzi) xalqımızın istirahətini təmin etməklə yanaşı, milli-mənəvi irsimizin təbliği kimi müqəddəs amalı həyata keçirir.Daş Salnamə Muzeyi 1921-ci ildə inşa olunmuş və vaxtilə neft mədənlərinin enerji təminatı üçün nəzərdə tutulmuş elektrik stansiyasının binasında yerləşir.Muzeydə daş plastikanın bir çox növləri sərgilənir. Azərbaycanda mənəvi həyatın ən arxaik xüsusiyyətləri məhz daş plastika ənənələrində saxlanılıb. Ekspozisiyaya “Qobustan” və “Qala” qoruqlarından gətirilmiş eksponatlarla yanaşı, heykəltəraş Hüseyn Haqverdinin əsərləri də daxildir. Heykəltəraş bu sərgidə “Arteriya” adlandırdığı səpkidə bir tarixi təqdim edir. Azərbaycanın müxtəlif guşələrində aşkar edilmiş çoxlu sayda daş plastikasının nümunələri ilə yanaşı, qədim eksponatların əhəmiyyətli hissəsini funksional məna daşıyan və heç bir bəzəyi olmayan müxtəlif məişət əşyaları təşkil edir. Ekspozisiyada müxtəlif məzmunlu epiqrafik yazılar qorunub saxlanılır, xatirə plastikasının qiymətli eksponatları təqdim edilir. Bütövlükdə, sənduqələr və başdaşılarında orta əsr dövrünün müxtəlif ictimai-siyasi, sosial, mədəni, ideoloji hadisələri haqqında orijinal informasiya verilir.Muzeyi ziyarət edən qonaqlar sərgidə təqdim edilən eksponatlar vasitəsilə Azərbaycanda daş plastika ənənələrinin tarixi inkişaf və təkamül mərhələlərini əyani şəkildə izləyə bilərlər.Daş Salnamə Muzeyi ilə yanaşı 2015-ci ildə “XX-XXI Əsr Azərbaycan Rəngkarlığı” Muzeyinin açılışı olmuşdur. Azərbaycanın təsviri incəsənətinin inkişafının yüzillik tarixini əhatə edən ekspozisiyada dəzgah rəngkarlığının əsasını qoymuş ilk peşəkar rəssamlarla yanaşı, həm tanınmış korifeylərin, həm də qismən unudulmuş sənətkarların əsərləri sərgilənir. Burada Azərbaycan təsviri incəsənətinin parlaq, sirli və dərkedilməz dünyası ilə tanış olmağa imkan yaranır.

   Yarat Müasir İncəsənət Mərkəzi 2015-ci ildə Bayıl bulvarı ərazisində yaradılan müasir mədəniyyət obyektləri sırasına daxildir. Yaratın yeni məkanı 1960-cı illərdə dəniz gəmiləri üçün texniki baza kimi fəaliyyət göstərən, sonradan bərpa edilən binada yerləşir. YARAT Müasir İncəsənət Mərkəzi YARAT qeyri-kommersiya təşkilatına məxsus ilk daimi sərgilənmə yeridir. Bu mərkəz müasir incəsənətin, eləcə də incəsənət tədrisinin regional miqyaslı mərkəzi olmaq iqtidarındadır. Bu mərkəzin başlıca prinsipi təhsil proqramlarını daha da inkişaf etdirmək və beynəlxalq rəssamlar, auditoriya və institutlarla əməkdaşlığı gücləndirməkdir.Mədəni obyektlərlə yanaşı bu ərazidə paytaxt sakinləri üçün istirahət və əyləncə obyektləri də istifadəyə verilmişdir. Meksika mətbəxinin nümunələrinin təqdim olunduğu “Atelye 61” restoranı, əyləncəli klub kimi fəaliyyət göstərən Elektra və Enerji klubları və Avropa Oyunlarına ev sahibliyi etmiş məkanlardan biri olan Su İdman Sarayı da inşa edilmişdir.Hazırda burada respublika və şəhər əhəmiyyətli sosial-mədəni tədbirlərin daha yüksək səviyyədə keçirilməsinə hər cür şərait yaradılmışdır.