13-06-2018
Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilib

İyunun 12-də IDEA İctimai Birliyi, BMT-nin Azərbaycan nümayəndəliyi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkda uşaqlar üçün futbol üzrə master-klass keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd gənclərin mənəvi və fiziki baxımdan sağlam yetişdirilməsi, sağlam həyat tərzinin təşviqi, gənclərin asudə vaxtlarının düzgün və səmərəli təşkili, həmçinin BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı maarifləndirilmənin artırılması və ölkəmizdə aparılan idman siyasətinə dəstək olmaqdır. Milli yığma komandamızın futbolçuları Kamran Ağayev, Ruslan Qurbanov və Cavid İmamverdiyev tərəfindən keçilən ustad dərslərinə 30-a yaxın uşaq qoşulub. Millimizin oyunçuları master-klassın əvvəlində öz dəyərli məsləhətlərini uşaqlarla bölüşüb, peşəkar futbolçu olmaq üçün vacib olan amillərdən bəhs ediblər. Daha sonra qaytardıqları mükəmməl toplarla diqqətləri cəlb edən millimizin qapıçısı Kamran Ağayev gələcək həmkarları ilə öz təcrübələrini bölüşüb. Yığma komandamızın ən texnikalı oyunçularından olan yarımmüdafiəçi Cavid İmamverdiyev və öz həlledici qolları ilə azarkeşlərə sevinc bəxş edən hücumçu Ruslan Qurbanov uşaqların böyük marağına səbəb olan müəyyən fəndlər göstərib, onlara topla hərəkət texnikasının, driblinqlərin, ötürmələrin, həmçinin topu qaytarmaq məqsədilə tətbiq edilən pressinqlərin yaxşılaşdırılması yollarını nümayiş ediblər. Ustad dərslərinin yekununda “kiçik futbolçular” futbol üzrə Azərbaycan yığmasının oyunçuları ilə birgə futbol oynayıblar. Sonda master-klassa qoşulan uşaqlara BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin əks olunduğu toplar xatirə hədiyyələri qismində təqdim edilib.

02-06-2018
Dənizkənarı Milli Parkda "Eurovillage- Avropa şəhərciyi 2018" keçirilib

yunun 2-də Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş bayram tədbirləri çərçivəsində “Avropa şəhərciyi-2018” festivalı təşkil edilib. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi tərəfindən, Aİ üzvü olan 20 ölkənin Bakıdakı səfirlikləri ilə əməkdaşlıq çərçivəsində və “Caspian Event Organisers” şirkətinin təşkilati dəstəyi ilə keçirilir. AZƏRTAC xəbər verir ki, əvvəlcə Avropa ölkələrinin Azərbaycandakı səfirlərinin Cümhuriyyətin 100 illiyi münasibətilə doğma dilimizdə təbriklərinin əks olunduğu videoçarx nümayiş etdirilib, Azərbaycan və Avropa İttifaqının himnləri səsləndirilib. Açılış mərasimində çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev tədbiri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın gözəl nümunəsi kimi dəyərləndirib: “Azərbaycan multikultural dəyərlərə malik, öz siyasətini mədəniyyətlərarası və dinlərarası dialoq üzərində quran bir ölkədir. Bu gün də ənənələr davam etdirilir və Azərbaycan dünya mədəniyyətlərinin qovuşduğu bir məkana çevrilib. Aİ ilə Azərbaycan arasında həyata keçirilən layihələr əməkdaşlığın daha da genişlənməsinə təkan verəcək”. Nazir qeyd edib ki, bu il festivalda ilk dəfə olaraq Mədəniyyət Nazirliyi müxtəlif xalq sənəti növlərini və kitab sərgisini nümayiş etdirir. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, Aİ ilə Azərbaycan hazırda əlaqələrini genişləndirir: “Biz təhsil, gənclər, kənd təsərrüfatı, mədəniyyət sahəsində müxtəlif layihələr həyata keçiririk. Bu layihələr xalqlarımızı, mədəniyyətlərimizi bir araya gətirir. Bir-birimizin dilini, mədəniyyətini öyrənmək tərəfdaşlığımızın genişləndirilməsinin əsasını təşkil edir. Festivalın keçirilməsində məqsəd Aİ-yə üzv ölkələrə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək üçün imkan yaratmaqdır. Stendlərə baxın və Avropanı kəşf edin”, - deyə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri qeyd edib. Vurğulanıb ki, festival zəngin və geniş tədbirlər proqramı ilə fərqlənir. Belə ki, Avropa ölkələrinə virtual turlar, milli və Avropa rəqsləri üzrə dərslər, karaoke musiqisi, səfirliklərin və mədəniyyət mərkəzlərinin nümayəndələri ilə xarici dil məktəbi, kimyəvi və fiziki eksperimentləri ehtiva edən bilik şouları, o cümlədən üz rəsmləri, çələng hörülməsi üzrə ustad dərsləri, “3D” qələmlə müxtəlif obyektlərin çəkilməsi və digər tədbirlər nəzərdə tutulur. Bundan başqa, festivalın qonaqları “paelya” kimi məşhur Avropa yeməklərinin hazırlanması üzrə kulinariya şousuna da şahid olacaqlar. Bu il “Avropa şəhərciyi”nə dəstək verən “Park Cinema” festivalın qonaqları üçün bir sıra maraqlı tədbirlər və hədiyyə biletləri hazırlayıb. İçərişəhərdə Ənənəvi İncəsənət Mərkəzi dörd ənənəvi sənətkarlıq növündən (keramika, batika, zərgərlik və ağacda oyma işindən) ibarət milli “Dastan” brendinin kolleksiyasını təqdim edir. Bu il öz stendi ilə festivalda iştirak edən Azərbaycan Respublikası Gənclər Fondu Avropa şəhərciyinin rəsmi tərəfdaşıdır. Eyni zamanda, festivalda Respublika İncəsənət Gimnaziyası da təmsil olunur. Gimnaziyanın şagirdləri festival çərçivəsində gipsdən və gildən müxtəlif fiqurlar hazırlayacaqlar. Bundan başqa, iştirakçılar üçün dulusçuluq işi üzrə ustad dərsləri təşkil olunacaq. Ənənəvi olaraq, “Avropa şəhərciyi”ndə uşaqlar və böyüklər üçün çoxsaylı viktorina və müsabiqələr keçiriləcək, qaliblərə xüsusi mükafatlar təqdim ediləcək. “Avropa şəhərciyi” qonaqlar üçün gecə saatlarına qədər açıq olacaq və tədbir xüsusi dəvət edilmiş yerli və xarici ulduzların iştirak edəcəyi möhtəşəm konsert proqramı ilə başa çatacaq. Qeyd edək ki, sözügedən festival 2013-cü ildən etibarən keçirilir.

01-06-2018
Dənizkənarı Milli Parkda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti atraksionlardan, qatarlardan və gəmidən pulsuz istifadə aksiyası keçirilib

Bu gün 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadəsi aksiyası keçirilib. Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov AZƏRTAC-a bildirib ki, aksiyada yaşı 16-dək olan uşaq və yeniyetmələr saat 10:00-dan 13:00-dək bulvardakı əyləncə vasitələrindən istifadə ediblər. Aksiyada ümumilikdə 25 minə yaxın uşaq park ərazisindəki attraksionlarda, qatarlarda və sərnişinlərə xidmət göstərən gəmidə heç bir ödəniş etmədən əyləniblər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavilyonu, “Qorxulu ev”, “Pirat”, “Möcüzələr dünyası”, “Mirvari” gəzinti gəmisi azyaşlılara xidmət göstərib.

30-05-2018
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti atraksionlardan, qatarlardan və gəmidən pulsuz istifadə aksiyası keçiriləcək

1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ilə Heydər Əliyev Mərkəzinin təşkil etdiyi “Uşaq festivalı” çərçivəsində Dənizkənarı Milli Parkda attraksionlardan, qatarlardan və gəmi gəzintisindən uşaqların ödənişsiz istifadə aksiyası keçiriləcək. Aksiyada yaşı 16-ya qədər uşaqlar iyunun 1-də saat 10:00-dan 13:00-dək Dənizkənarı Milli Parkda əyləncə vasitələrindən istifadə edə bilərlər. Aksiyada 3 uşaq qatarı, 2 avtodrom, 2 karnaval, uşaq pavliyonu,  “Qorxulu Ev”, “Pirat”, ”Möcüzələr dünyası”,  “Mirvari” gəzinti gəmisi azyaşlılara ödənişsız xidmət göstərəcək. Aksiyanın yüksək səviyyədə təşkili üçün Dənizkənarı Bulvar İdarəsi gücləndirilmiş iş rejimində çalışacaq.

29-05-2018
Dənizkənarı Milli Parkda Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə hərbi orkestrlərin çıxışları olub

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə mayın 28-də Bakının müxtəlif yerlərində hərbi orkestrlərin çıxışları olub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbi orkestrlərin çıxışları Dənizkənarı Milli Parkda iki istiqamətdə - Azadlıq meydanının qarşısında və Azneft meydanı qarşısındakı dövlət bayrağının önündə, Fəvvarələr meydanında, Əhmədli qəsəbəsində Ukrayna dairəsi yaxınlığındakı Heydər Əliyev parkında, Zərifə Əliyeva parkında və Zabitlər parkında təşkil edilib.

28-05-2018
Dənizkənarı Milli Parkda Ümummilli liderin xatirəsinə həsr olunmuş Beynəlxalq kubok yarışının birinci mərhələsi keçirilib

Mayın 25-də Dənizkənarı Milli Parkda Ümummilli liderin xatirəsinə həsr olunmuş Beynəlxalq kubok yarışının birinci mərhələsi keçirilib. Mayın 27-də ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş səmti müəyyən etmə idman növü üzrə Beynəlxalq Kubok yarışlarının qalibləri mükafatlandırılıb. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, üç gün davam edən beynəlxalq turnir Bakı, Şabran və Xaçmaz rayonlarında keçirilib. Azərbaycan Səmti Müəyyən Etmə İdman Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birlikdə təşkil etdiyi yarışda yerli təmsilçilərlə yanaşı, 16 xarici ölkədən olan idmançılar da mübarizə aparıblar. Beynəlxalq turnirdə nazirlik, idarə, təşkilat, güc strukturları, klub və federasiyalar, şirkətlər, idman cəmiyyətləri və ali təhsil müəssisələrini təmsil edən 10 komanda, habelə mübarizəyə fərdi şəkildə qatılan idmançılar sprint, orta və uzun məsafədə yarışıblar. 250-dən çox idmançının mübarizə apardığı Beynəlxalq Kubok yarışları tanınmış xarici mütəxəssislər tərəfindən çəkilmiş beynəlxalq standartlara uyğun idman xəritələri üzrə keçirilib. Elektron qeydolunma sisteminin tətbiqi ilə təşkil edilən yarışda kateqoriyalar üzrə fərdi və komanda hesabında qaliblər müəyyənləşib. Azərbaycan milli komandası ümumi hesabda qalib gələrək yarışın kubokunu qazanıb. İkinci və üçüncü yerlərə isə müvafiq olaraq “Dağçılıq” və “Neftçi” idman klubları layiq görülüb. Qaliblərə və mükafatçılara medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.