1/

“Qu quşları” fəvvarə kompleksi

Simvollar

1960-1980-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı quruculuq işləri həyata keçirilir, o cümlədən Bakıda memarlıq kompleksləri və paytaxtın simasını dəyişən binalar inşa edilirdi. Azneft dairəsi ərazisində qurulan “Qu quşları” fəvvarəsi də sakinlərin və şəhərimizin qonaqlarının sevimli məkanlarından biri kimi tanındı. Dahi şair Nizami Gəncəvi və görkəmli bəstəkar Qara Qarayevin “Yeddi gözəl” poeması və baletindən ruhlanaraq yaradılan və 7 qu quşu heykəlindən ibarət fəvvarə sakinlərin çox xoşuna gəldi və necə deyərlər, paytaxtın “əfsanəvi” məkanına çevrildi.

2007-ci ildə Dənizkənarı Bulvarda aparılan yenidənqurma işlərindən sonra “Qu Quşları” fəvvarəsinin yerinə yeni fəvvarə kompleksi yaradıldı. Amma ötən əsrin 60-ci illərindəki “Qu Quşları” fəvvarəsi xatirələrdə hələ də yaşayırdı.

2018-ci ildə Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bu tarixi ansambl yenidən bərpa edildi və tarixi siması özünə qaytarıldı. Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində ərazidə hovuz inşa edilib, 16 fəvvarə dirəyi qurulub, təbii daşlar üzərində heykəltəraş Murad Sücəddinov tərəfindən 7 qu quşu heykəli hazırlanıb.