1/

Bakı Bulvarında Çay Festivalı başlayıb

12-10-2026

Bakı Bulvarında Çay Festivalı başlayıb

Azərbaycan mədəniyyətində və süfrəsində xüsusi yer tutan çay insanları birləşdirən, qonaqpərvərlik ənənələrini yaşadan mühüm dəyərlərdən biridir. Çayın Bakı bulvarı ilə tarixən bağlılığı var. Elə bu səbəbdən də Dənizkənarı Bulvar İdarəsi çay mədəniyyətini festival formatında təqdim etmək üçün artıq bir müddətdir ki, iş aparırdı. Çay süfrəsinin bütün elementlərinin əks olunduğu festival ərazisi tədbirin adına və ruhuna uyğun hazırlanıb. 
Festival ərazisində yaradılan çay bağı və yaşıllıqlarla bəzədilmiş söhbətgahlar kimi guşələr ziyarətçilərə asudə vaxtlarını xoş keçirmək imkanı yaradır. Çay süfrəmizin ənənəvi atributlarından biri olan armudu stəkanın 6 metr hündürlüyündə dekorativ təsviri də festivalın diqqətçəkən elementlərindəndir. Dənizkənarı Bulvar İdarəsinin əməkdaşlarının əl işi olan bu dekorasiya Azərbaycan çay süfrəsinin ənənələrini fərqli formada təqdim edir. İşıqlarla bəzədilmiş bu atribut xüsusən axşam saatlarında xoş görüntü yaradır. 
Festival çərçivəsində Azərbaycanın aparıcı çay istehsalçılarının məhsulları, bölgələrimizə xas şirniyyatlar və Qarabağ və Şərqi Zəngəzurdan gətirilən bitki çayları təqdim olunur. Ziyarətçilər, həmçinin çay süfrəsinin ənənəvi atributları, samovarlar və dekorativ əşyalarla tanış ola bilərlər. Festivalda özünəməxsus çay mədəniyyəti ilə seçilən ölkələrin ənənələri də nümayiş etdirilir. Özbəkistanın özünəməxsus çay süfrəsi, çayın vətəni sayılan Çinin çay ənənələri festivalda təqdim olunur.
Tədbirin məqsədi Azərbaycanın milli çay mədəniyyətini tanıtmaq, yerli istehsalçıların müxtəlif məhsullarını təşviq etmək və çayı yalnız bir içki kimi deyil, insanları birləşdirən mədəni ənənə kimi təqdim etməkdir. 
Çay Festivalı oktyabrın 18-dək hər gün saat 12:00-dan 23:00-dək davam edəcək. Festivala giriş sərbəstdir.

DİGƏR XƏBƏRLƏR

07-11-2025

Dənizkənarı Milli Parkda “Zəfər yolu ilə Böyük Qayıdış” adlı fotosərgi təşkil olunub

Daha çox
19-10-2026

Bakı bulvarında keçirilən Çay Festivalı başa çatdı.

Daha çox
20-01-2026

Dənizkənarı Bulvar İdarəsinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib

Daha çox